Rudolf Nuriyev adına XVI Beynəlxalq Balet Sənəti Festivalının “Balet sənətinin inkişafına töhfəsinə və peşə ustalığının yüksək səviyyəsinə görə” mükafatının, Budapeştdə dünya balet ulduzlarının XVIII beynəlxalq qala-konsertinin xüsusi mükafatının laureatı Ülvi Əzizov “Worldstars” şirkətinin təşkil etdiyi növbəti “Etoile Ballet Gala” konsertində çıxış edəcək. 
   Mayın 7-də Latviya Milli Opera və Balet Teatrında baş tutacaq möhtəşəm konsertdə soydaşımız Elizabetta Formento, Alessandro Kaqqeci, Viraq Şoti, Zoltan Çere, Olqa Çelpanova, Holli Dorcer, Conatan Şmelenski kimi dünya balet ulduzları ilə eyni səhnəni paylaşacaq. 
   “Etoile Ballet Gala”nın yeni proqramına “Sonalar gölü”, “Esmeralda”, “Arlekinada”, “Raymonda”, “Censanoda çiçək festivalı” baletlərindən fraqmentlər və müasir xoreoqrafiya nümunələri daxildir.