Mir Cəlalın həyatının Gədəbəy dövründən
   
   Görkəmli yazıçı, ədəbiyyatşünas, pedaqoq Mir Cəlal Paşayev (1908-1978) Gədəbəy rayonunda əmək fəaliyyətinə başlamışdır. O, Mirzə Fətəli Axundzadə adına Gəncə Beynəlmiləl Pedaqoji Texnikumunu bitirdikdən sonra təyinatla Gədəbəy rayonuna məktəb direktoru göndərilmişdir.
   Mir Cəlal o dövrdə nəinki Qafqazda, bütün Sovet İttifaqında nəhəng sənaye kompleksi kimi tanınan Gədəbəy mədən şəhərciyində 1928-30-cu illərdə məktəb direktoru işləmişdir. Həmin illərdə respublikamızın ucqarlarında cəhalətin təsirindən, dünyaya baxışın yetərsizliyindən, eləcə də adamların maddi durum səbəbilə təhsil ala bilməməsi üzündən savadsızlıq baş alıb gedirdi. 
   Pedaqoji fəaliyyətlə yanaşı ədəbi yaradıcılığa da başlayan Mir Cəlalın bir sıra hekayələrinin (“Yanlış barmaqlar”, “Kərpic məsələsi”, “Kartoşka məsələsi”, “Dostumun qonaqlığı” və s.) həyatının Gədəbəy dövrü ilə bağlı olduğu ehtimal edilir.
   Böyük ziyalı sonralar həmin dövrü belə xatırlayırdı: “...Heç xəyalıma da gətirməzdim ki, bir vaxt güzarım bu yerlərə - Gədəbəyə düşəcək. İlk dəfə sinif jurnalını qoltuğuma vurub, müqəddəs sandığım müəllimliyə burada başlayacağam. Bu, mənim əmək fəaliyyətimin, yaradıcılıq bioqrafiyamın başlanğıcı olacaq.
   ...Gədəbəyin təbiəti də, insanları da bir-birinə çox oxşayır - saf, duru, əsrarəngiz... Gədəbəy halal, mərdanə insanları ilə fəxr edib, edəcək də. Bu yerlərlə bağlı işıqlı xatirələrim ömürlük yaddaşıma yazılıb, yaddaşımda qalıb. O yerləri, ülfət bağladığım, hər addımda səmimiyyət gördüyüm, o dağ vüqarlı insanları heç vaxt unutmaram...
   Gədəbəydə işlədiyim üç il həyatımın gözəl, unudulmaz illəri olub. Gədəbəyin ab-havası, rəngarəng, füsunkar təbiəti, gözəl, mərd insanları, onların mənə göstərdiyi qayğı, hörmət indi də yadıma düşəndə, kövrəlirəm, ürəyim riqqətə gəlir...”
   
   Gədəbəyli ziyalılar, yazıçı və şairlər də Mir Cəlal haqqında xatirələrini bir çox əsərlərində qələmə alıblar.
   Mərhum şair İlyas Tapdıq şeirlərinin birində yazırdı:
   
   Elə ki, evimdən çıxıram səhər,
   Elə ki, evimə dönürəm axşam,
   Ürəyi qayğılı, üzü gülümsər
   Əziz bir insanı xatırlayıram.
   
   Yazıçı-dramaturq Nahid Hacızadə: “Mir Cəlalın qəribə xüsusiyyəti vardı. Ən qəmli hadisələrdən danışanda belə, hansısa bir məqamda söhbəti döndərib, ona məzə qatırdı...”
   
   Şair Dəmir Gədəbəyli Mir Cəlalı belə təsvir edib: 
   
   Müqəddəs bir adı daşıdı, getdi,
   Düzlüyün bir məhək daşıydı, getdi.
   O, elmin, sənətin pərvanəsiydi,
   Özü düz, sözü düz yaşadı, getdi.
   
   Milli mənəvi zənginliyimizin, ədəbi dilimizin yaşadılmasında, sonrakı nəsillərə ötürülməsində Mir Cəlal ədəbi irsinin danılmaz yeri vardır. Onun yaradıcılığına xas olan xalq dilinin canlılığı, forma və üslub zənginliyi, novator düşüncə tərzi Azərbaycan ədəbiyyatına bir sıra yeniliklər gətirmişdir. Bu üzdən onun əsərləri indi də oxucu rəğbəti ilə qarşılanır, sevilərək oxunur.
   
   Etibar Əliyev 
   Gədəbəy Aşıq məktəbinin direktoru, Azərbaycan Aşıqlar Birliyinin üzvü