Aprelin 25-də Bakı Xoreoqrafiya Akademiyasında (BXA) pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin İbrahimovanın yaradıcılıq konserti keçirilib. Tədbirdə Bakı Xoreoqrafiya Akademiyası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və digər sənət ocaqlarının müəllimləri iştirak edib.
Tədbiri Bakı Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasının baş müəllimi Lalə Hüseynli açaraq N.İbrahimovanın sənət yolu və yaradıcılığı barədə məlumat verib.
Konsertdə Q.Venyavskinin ifaçılıq baxımından mürəkkəb, səslənmə baxımından isə ecazkar olan “Skripka üçün 2 №-li konserti”ni (d-moll) təqdim edən N.İbrahimova Gənc ifaçıların I Respublika müsabiqəsinin diplomantı İsmayıl Əsədovla (violin) birgə çıxış edib.
Görkəmli tarzən, Xalq artisti Qurban Pirimovun nəticəsi və Xalq yazıçısı, akademik Mirzə İbrahimovun nəvəsi olan Nərmin İbrahimova Bakı Musiqi Akademiyasında bakalavr və magistr pillələrində təhsil alıb, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. 2008-ci ildə “Şifahi ənənəli Azərbaycan professional musiqi mədəniyyətinin inkişafında Qurban Pirimovun rolu” mövzusunda dissertasiya işini müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hazırda Bakı Musiqi Akademiyasında baş müəllim kimi çalışır.