Xəbər verildiyi kimi, Fransada yaşayan həmyerlimiz, tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Adilə Əliyeva Mədəniyyət Nazirliyinin dəstəyi ilə aprelin 16-dan 20-dək paytaxtın uşaq musiqi və incəsənət məktəbləri fortepiano şöbəsinin şagirdləri üçün ustad dərsləri keçib.
Sənətkarın aprelin 20-də G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbində keçdiyi ustad dərsində 3 nömrəli İncəsənət, 13 və 4 nömrəli musiqi məktəbləri ilə yanaşı, Bakı Musiqi Akademiyasının Məktəb-studiyasının şagirdləri də iştirak ediblər.
Təcrübəli pianoçu həvəslə şagirdlərə ifaçılıq bacarığı, səslər üzərində işləmə, musiqinin obrazlı şəkildə ifası və əsərlərə yeni traktovka ilə yanaşmanın sirlərini öyrədib, onları maraqlandıran sualları ətraflı cavablandırıb. Sonda Adilə xanım uşaqlara öz imzası ilə sertifikat təqdim edib. Məktəbin direktoru Yusif Vəliyev çıxış edərək Mədəniyyət Nazirliyinə və Adilə Əliyevaya təşəkkürünü bildirərək ustad dərsinin şagird və müəllimlər üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonda xatirə şəkilləri çəkdirilib.