Xalqımız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını böyük sevinc hissi ilə qarşılamışdı. Ölkə həyatının müxtəlif sahələrində fəaliyyət göstərən insanlar, o cümlədən şair və yazıçılar, aşıqlar istiqlalımızı bədii əsərlərində vəsf edirdilər. Cümhuriyyət sevdalı belə simalardan biri də aşıq Molla Cümədir.
   Görkəmli el sənətkarının 1854-cü ildə Şəkinin Göynük mahalında anadan olduğu təxmin edilir. Təxəllüsü “Molla” olsa da, heç vaxt mollalıq etməyib. Bu təxəllüs ona savadlı olduğu üçün xalq tərəfindən verilib. Sənətkarın həyatı haqqında daha çox onun şeirlərindən və dastan-rəvayətlərdən məlumat almaq mümkündür. XX əsrin əvvəllərində aşıq əldə olan bütün şeirlərini bir yerə yığıb və yazıya köçürərək oğlu Həsənə verib.
   AMEA-nın Folklor İnstitutu Qorqudşünaslıq şöbəsinin böyük elmi işçisi, Şəki folklor mühitinin araşdırıcısı, filologiya üzrə fəlsəfə doktoru Ləman Süleymanovanın sözlərinə görə, Molla Cümə geniş dünyagörüşlü şair, Azərbaycan klassik poeziyasının kamil bilicisi olub. Ərəb və fars dillərini mükəmməl bilib, kiçik yaşlarından şeriyyətə maraq göstərib. Coşqun təbi onu oxumağa, aşıqlıq etməyə sövq edib. El şənliklərində şeirlərinin oxunması, özünün aşıq kimi dinlənilməsi xalqın ona olan rəğbətinin təzahürüdür. 
   Molla Cümə incə zövqlü, nadir təbli lirik şair olub, söz seçməyi, incələyib sədəf kimi düzməyi çox gözəl bacarıb. Gənclik çağlarında eşqə düşən aşıq varlı bir ailədən qız istəyir. Lakin bu istəyinə qovuşa bilmir. Nakam məhəbbətini ömrünün sonuna kimi unutmur. “İsmi Pünhan” adı ilə qovuşa bilmədiyi xanımı usanmadan vəsf edir, tərifini ellərə yayır:
    
   İsmi Pünhan, niyə məndən küsübsən? 
   Yaxşı, yaman ya bir olar, ya iki.
   Bu gün ölsəm, hamı deyər yazıqdır,
   Canı yanan ya bir olar, ya iki. 
    Mənbələrdə onun həyatının acı sonluqla bitdiyi qeyd olunur. Molla Cümə 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin fəal tərəfdarlarından, xalqımızın istiqlalının həqiqi aşiqlərindən olub. Araşdırmalarda o da göstərilir ki, həmin dövrdə Qarabağda, Zəngəzurda erməni quldurları dinc azərbaycanlı əhaliyə divan tutarkən digər bölgələrdə olduğu kimi, Şəkidə də milli orduya kömək məqsədilə könüllü dəstələr yaradılır. Həmin dəstələrdən birini aşıq Molla Cümə və onun əmisi oğlanları təşkil edir. Bakını erməni-bolşevik silahlı birləşmələrindən azad etməyə gələn Qafqaz İslam Ordusunun komandanı Nuru paşa 25 may 1918-ci ildə təntənə ilə Gəncəyə daxil olarkən Gəncə camaatı türk ordusunu qarşılamaq üçün şəhər meydanına toplanır. Nuru paşa ilə görüşmək üçün Molla Cümə və əmisi oğlanları da Gəncəyə gəlirlər. Deyilənə görə, görkəmli aşıq və onunla Gəncəyə gələn bir qrup şəkili Nuru paşa ilə görüşür. 
   1920-ci ilin mayında, Azərbaycanın sovetləşməsindən sonra bolşeviklərin həyata keçirdiyi repressiyada Molla Cümənin bütün qohumları həbs olunur. Bu haqsızlıq şairə pis təsir edir. O, ömrünün ixtiyar çağında mənən sarsılır. 14 may 1920-ci ildə XI Qızıl ordunun əsgərləri tərəfindən qətlə yetirilir. 
   Sənətkarın ölümü ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Tədqiqatçı Ləman Süleymanova yazır ki, günlərin birində Molla Cümə çiynində saz kənddən çıxıb hara isə gedirmiş. Kəndin kənarında XI Qızıl ordunun erməni əsgərlərindən biri onun yolunu kəsir və sonra güllələyir. Səsə camaat yığılıb gəlir. Əsgərdən soruşurlar ki, bu ixtiyar qocanın günahı nə idi? Nə üçün onu öldürdün? O isə cavabında deyir ki, elə bildik çiynindəki tüfəngdir.
   Molla Cümənin yaradıcılığı haqqında bir sıra araşdırmalar aparılıb. Onun şeirlərinin bir hissəsini 1930-cu illərdə tədqiqatçı Hümmət Əlizadə toplayaraq “Aşıqlar” kitabında nəşr etdirib. Sonralar aşığın üç kitabı işıq üzü görüb. Son nəşrdə əksər şeirləri toplanıb.
   Molla Cümənin adı ilə bağlı bir neçə saz havası da məlumdur. “Molla Cümə gözəlləməsi”, “Molla Cümə gəraylısı”, “Şəki dübeyti”, “Molla Cümə müxəmməsi” və s. saz havaları aşıqların repertuarında geniş yer tutur.
   
   Savalan Fərəcov