Tanınmış folklorçu və ədəbiyyatşünas Hənəfi Zeynallı
Xalqın mənəvi dünyasının məhsulu olan şifahi ədəbiyyat zəngin bədii incilər xəzinəsidir. Azərbaycan xalqının müxtəlif zamanlarda yaratdığı nağıllar, əfsanələr, dastanlar əsrdən-əsrə, nəsildən-nəslə keçərək zəmanəmizə qədər gəlib çatmışdır. XX əsrin birinci yarısı Azərbaycan folklorşünaslıq elminin təşəkkül tapdığı, formalaşdığı dövrdür. Şifahi xalq ədəbiyyatının toplanması və sistemləşdirilməsində böyük əmək sərf edən folklorşünaslarımızdan biri də Hənəfi Zeynallıdır. O, topladığı materialları həm kitabça şəklində nəşr etdirir, həm də çox mühüm nəzəri əhəmiyyəti olan məqalələr yazırdı.
Hənəfi Baba oğlu Zeynallı 1896-cı ildə Bakının Mərdəkan qəsəbəsində dəmirçi-nalbənd ailəsində anadan olmuşdur. Altı yaşından yetim qalmasına baxmayaraq, təhsildən ayrı düşmür. Mədrəsədə oxuyur, rus-müsəlman orta məktəbini bitirir. 1916-cı ildə Bakıdakı Orta Politexnik Məktəbindən məzun olur, həmin il İmperator Texniki Peşə Məktəbinə qəbul edilir. Lakin 1917-ci il fevral inqilabından sonra təhsilini davam etdirə bilmir.
1922-1927-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alan Hənəfi Zeynallı bu təhsil ocağının Şərq fakültəsinin Azərbaycan-türk ədəbiyyatı tarixi kafedrasında, sonra Azərbaycan Pedaqoji İnstitutunda, 1930-cu ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında çalışmışdır. 1923-1929-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor, 1930-1935-ci illərdə isə SSRİ EA Azərbaycan filialı Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyat bölməsində Folklor şöbəsinin müdiri işləmiş, eyni zamanda “Kommunist”, “Maarif və mədəniyyət”, “İnqilab və mədəniyyət”, “Maarif işçisi” qəzet və jurnalları ilə əməkdaşlıq edərək ədəbi-publisistik yazılarla çıxış etmişdir.
Ötən əsrin otuzuncu illərində Azərbaycan elminin də üstündən qara yellər əsdi. Xalqın düşünən beyinləri, elmin müxtəlif sahələrində çalışan istedadlar Stalin repressiyalarının qurbanı oldu. Sözün həqiqi mənasında, elm fədaisi, vətənin dəyərli övladı olan H.Zeynallı da repressiyaya məruz qaldı. O, Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə milli ideologiyaya və müstəqil dövlətçiliyimizə xidmət edən insanlarla, o cümlədən Nazim Əfəndi, İsmayıl Hikmət, Xəlil Fikrət, Bəkir Çobanzadə və başqaları ilə sıx əlaqə saxlamaqda ittiham edilirdi. İttihamlardan biri də alimin öz əsərlərində guya əksinqilabi, millətçi ideologiyaya yer verməsi idi. Buna görə də H.Zeynallı elmi tədqiqat müəssisəsində tutduğu vəzifədən çıxarılır və 1937-ci il yanvarın 27-də həbs edilir. Bu insanlarla əlaqəsi olmadığına görə o, bütün ittihamları rədd edir. Lakin aylarla sürən ağır fiziki və mənəvi işgəncələr öz işini görür. H.Zeynallı ona qarşı irəli sürülən ittihamları qəbul etmək məcburiyyətində qalır. Guya o, 1936-cı ilin sonunda Bakıda və respublikanın rayonlarında gəncləri gizli təşkilata cəlb etmək kimi göstərişlər alıb və s.
Hərbi kollegiya onu ən ağır cəzaya - güllələnməyə məhkum edir. 1937-ci il oktyabrın 13-də hökm Bakıda yerinə yetirilir. Ölkəmizdə elmin inkişafına, ədəbiyyatın araşdırılmasına mühüm töhfələr verən daha bir ziyalının həyatına amansızcasına son qoyulur. 1957-ci il martın 30-da SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarına əsasən, H.Zeynallıya ölümündən sonra bəraət verilir...
Bu ömür yarıda kəsilməsəydi, onun hələ neçə-neçə dəyərli səhifələri yazılacaqdı, görkəmli alimin yeni kitabları işıq üzü görəcəkdi. O, hələ nə qədər xalq incisi toplayacaq, tədqiqat əsərləri yazacaqdı. Amma topladığı folklor nümunələrinin içərisində belə bir məsəl də vardı: “Sən saydığını say, gör fələk nə sayır”...
Xalq ədəbiyyatına sevgi
Ömrünü xalq ədəbiyyatının toplanmasına və nəşrinə həsr edən H.Zeynallı bu sahədə fəaliyyətindən zövq alırdı. O deyirdi: “Həyatdan alınmış təcrübədən sənət doğur və ona su verir, sənət özü də həyatdan aldığı qüvvətlə yaranır və həyata nüfuz yetirməyə başlayır. Ona görə də sənətlə həyat bir-birindən ayrılmaz iki parça kimi meydana çıxır”.
H.Zeynallı 1926-cı ildə nəşr olunan “Azərbaycan atalar sözləri və məsəllər” kitabında (burada 4 minədək atalar sözü və məsəllər toplanmışdı), 1928-ci ildə ərsəyə gətirdiyi “Türk ədəbiyyatı üzrə iş kitabı”nda folklor, terminologiya və s. ilə bağlı məsələlərə toxunur. O, daha öncə çap edilmiş bütün atalar sözlərini nəzərdən keçirmiş və mənbələrini göstərməklə onları öz kitabına daxil etmişdi. “Azərbaycan atalar sözləri və məsəllər” kitabı böyük bir müqəddimə ilə başlayır. Bu müqəddimə H.Zeynallının xalq ədəbiyyatını dərindən bildiyini sübut edir. Burada o yalnız atalar sözlərindən deyil, ümumiyyətlə, xalq ədəbiyyatından, onun mənşəyindən, janrlarından söhbət açır. Xalq ədəbiyyatını mənzum və mənsur qisimlərə bölən müəllif bayatı, mahnı, ağı, bağlama, beşik başı, meyxana, tərifnaməni mənzum qismə; nağıllar, atalar sözlərini isə mənsur (nəsr) qismə aid edir. Alim müqəddimədə atalar sözü, məsəl, onların fərqli və oxşar cəhətləri, forma xüsusiyyətləri barədə geniş danışır.
Alimin 1928-ci ildə nəşr etdirdiyi “Azərbaycan tapmacaları” kitabında bu şifahi nümunələrin nəzəri-estetik prinsipləri haqqında dolğun məlumat verilmişdir. O, tapmacaları ayrıca deyil, Azərbaycan folklorunun başqa janrları ilə, xüsusilə, atalar sözləri və bayatılarla sıx əlaqədə təhlil edir. Müəllif göstərir ki, tapmacalarda iki tərəf olur; özü, bir də onun cavabı. Beləliklə, tapmacalar iki və daha artıq şəxs arasında mükalimə şəklində meydana gəlmişdir. Buna görə də tapmaca atalar sözünə, bayatıya nisbətən daha çox kollektivlik xüsusiyyətinə malikdir. Yəni tapmacalar məclislərdə, şənliklərdə, tapmaca gecələrində kollektiv tərəfindən yaradılmışdır.
H.Zeynallı 1935-ci ildə Azərbaycan nağıllarını tərtib edərək rus dilində nəşr etdirir. Kitabı görkəmli rus folklorşünası, professor M.Y.Sokolov redaktə edir. Alimin rus oxucuları üçün tərtib etdiyi bu kitabın müqəddiməsində Azərbaycan nağıllarında ölüm-dirim mübarizəsi aparan xeyir və şər qüvvələr haqqında verilən məlumatlar maraq doğurur.
Ötən əsrin 20-ci illərində Azərbaycan şifahi xalq ədəbiyyatına dair çap olunmuş elə bir kitab, toplu yoxdur ki, H.Zeynallı ya onun redaktoru, ya da müqəddiməsinin müəllifi olmasın. Onu da qeyd edək ki, tədqiqatçı professor B.Çobanzadənin elmi rəhbərliyi ilə folklordan namizədlik dissertasiyası da yazmışdı. H.Zeynallının elmi-nəzəri məqalələri bir sıra müasirləri tərəfindən yüksək qiymətləndirilib. Onun “Ağız ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatı” və s. məqalələri bu gün də elmi dəyərini qoruyub saxlayır.
İlk cavidşünas
H.Zeynallı görkəmli folklorşünas olmaqla yanaşı, dövrün ədəbi proseslərini də yaxından izləyən peşəkar tənqidçilərdən idi. Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid və başqalarının ədəbi irsi haqqında silsilə məqalələr yazırdı.
Məlum olduğu kimi, XX əsrin 20-ci illərindən etibarən H.Cavidin yaradıcılığı ədəbi mübahisələrin mərkəzində yer alırdı. Həmin dövrdə görkəmli romantik ədibin yaradıcılığına obyektiv qiymət verənlərdən biri məhz H.Zeynallı olub. Ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər 1960-cı ildə nəşr etdirdiyi “Hüseyn Cavid” monoqrafiyasında yazır: “Cavidin yaradıcılığı ilə məşğul olan ilk sovet tənqidçisi Hənəfi Zeynallıdır. Tənqidçinin xüsusən “Şeyx Sənan”, “Şeyda” və “Maral” haqqında mülahizələri, təhlilləri maraqlı idi. O, haqlı olaraq “Şeyx Sənan”ı ruhaniliyi, fanatizmi, bütün köhnəlmiş din və təriqətləri rədd edən bir əsər hesab edir, “Şeyda” faciəsində şairin inqilabçılara rəğbət bəslədiyini, “Maral” da feodal zülmünü və əxlaqını ittiham etdiyini, qadın hüququnu müdafiə etdiyini göstərirdi. H.Zeynallı H.Cavidin müasiri idi. Ona görə də onun bu böyük dramaturq və romantik filosof haqqında yazdıqları inandırıcı, kəsərli, sanballı söz idi. H.Zeynallı H.Cavid haqqında tənqid, hədyan yazmadı, elmi fikirlərini yazdı. O, H.Cavid haqqında obyektiv həqiqəti yazan ilk sovet cavidşünası idi”.
Tənqidçinin “Hüseyn Cavidin yazdığı “Peyğəmbər” haqqında mülahizələrim” məqaləsi konseptual səciyyə daşıyır. Müəllif məqalədə ədəbiyyatın spesifikasına, ədəbi tənqidə və ədəbiyyat tarixinə dair nəzəri-metodoloji görüşlərini şərh edir: “Qüvvətli ədəbiyyat meydana gəldikdə özü ilə bərabər qüvvətli tənqid yaradır; bizdə tənqid yoxdur və mən də Cavid kimi ümumun sevimlisi olan şairimizin hələ mürəkkəbi qurumamış “Peyğəmbər” əsərini bir tənqidçidən daha ziyadə bir müəllim kimi təhlil edirəm; biz hamımız sağlam bir gələcəyin təməl quranlarıyıq; bir millətin başqa bir millətə təsiri və nüfuzu dil və ədəbiyyat vasitəsilə mümkündür; tənqid ədəbiyyata millət içindəki nüfuza və fərdləri təsvirə görə yox, tipləri yaratmaq imkanına görə qiymət verməlidir”.
H.Zeynallı “Cavidin yaratdığı dil və üslub haralardan alınır-alınsın, nə kimi ilhamlardan doğur-doğsun, Azərbaycandakı ədib və şairlərimiz içində ən müstəsna, ən zərif bir dildir”, - deyə onun yaradıcılığını yüksək dəyərləndirir. O, Cavidin romantizmini, onun estetik idealını doğru müəyyən etmiş, cavidşünaslığın təməl daşını qoyanlardan biri olmuşdur.
H.Zeynallı ədəbiyyatşünas alim, folklorçu, tənqidçi, müəllim, naşir idi və çox qısa zamanda həmin fəaliyyət sahələrinin hər birində uğur qazanmışdı. Bu adların hər birini o öz gərgin zəhməti, dərin zəkası bahasına qazanmışdı...
Aynurə Əliyeva