“Biz atomu insanlığa xidmət üçün tapdıq, başqaları bunu bomba edib, bir-birini yox etməyə başladılar” demiş əbədiyyət Alimi... 
   
   (Müasir “küçə leksikonu”muzda urvatdan salınmış olmasaydı, deyərdim, özü də “bomba” bir varlıq!..)
   
   Aprel doğum-ölümlü yerli və əcnəbi dahi mədəniyyət isimləri kifayət qədər ola-ola, nədən məhz bu “quru” elm adamını növbəti yazımın qəhrəmanı seçdim? Hazırkı dövranımızda çoxsahə-çoxşaxəli irəliləyişlərə nail olmuş olsa da, tərkibində əyləncə-şou meyllilərin də az olmadığı bu xalqın Eynşteynlik sarıdan korluq çəkməsilə ilgili...
   
   Bəli, yaxın sovet çağlarındakı “şair xalq” təyin-təltifindən hələ düz-əməlli yaxa qurtarmamış, “çal-çağırçı”, “nay-nanayi” kimi etiketlər təhlükəsi qarşısındayıq. Elə bunçu da, məlum “dil” fotoşəklinin orijinalı 2009-cu ildə keçirilən auksionda 74 min 300 dollara satılan bu... “maraqsız”, uğrunda cürbəcür “şok”lar keçirən fanatlardan məhrum bir ömür yaşamış qeyri-şoumeni seçdim. Tarixin 100 ən çox öyrənilmiş şəxsiyyətləri siyahısına daxil edilmiş, dünyanın 30-dan çox nüfuzlu universitet və akademiyalarının fəxri üzvü olmuş, adı bir əsrə yaxındır “dahi”, “düha” sözlərinə sinonim kimi işlədilən Albert Eynşteyni... 
   Fikirləşdim ki, yəqin, hörmətli oxucularımız arasında bu milli narahatlığa da şərik çıxıb, “sabahımız” uşaqlara “Cırtdan” kimi qısa başlıqlı nağıllarımızla birgə, tutalım, “bizim cavanlar haçanadək əcnəbi gənclərin icad-ixtira etdiyi mobil telefonları, tarlalarda pambıqyığan, küçələrdə “bərkgedən” maşınları yalnız (və yalnız) işlədə, idarə edə, sürə bilmələrilə fəxr edəcəklər” kimi uzun mesaj-nəqllər də edə-edə, intellektual perspektivli mənəvi-psixoloji “layihə”lərə qol qoyasılar da olar...
   Məsələn, 1879-cu ildə Almaniyanın Ulm qəsəbəsində sıradanbir uşaq kimi doğulub, məktəb yaşınadək danışa bilməyən, dəfələrlə həkimə aparmağın bir xeyiri olmadığını görən çarəsiz atanın aldığı əyləndirici kompasın (kukla-filan yox a...) əqrəbinin daim eyni səmtə hərəkət etməsinə dəlicəsinə maraq göstərib, beş-üç dəqiqə sonra qarşısına qoyulan xörəyin çox duzlu olması “səbəbilə” danışmağa başlayan bu gələcək dahi, anasının “indiyədək nə üçün danışmırdın” sualına belə cavab verib: “Çünki indiyə qədər hər şey qaydasında olub...”
   Bu qos-qocaman sözlərin 4 yaşlı bir uşağın dilindən qopmasına inanmaq çətin olsa da, bu, tarixi (tərcümeyi-hali) faktdır! Və mənbələrə istinadən ərz edək ki, bu sütül müdriklik həmin vaxtadək o uşağın öz ev-eşiyində eşitdiklərinin məcmu əks-sədası imiş. Bu “məcmu”dan fraqment: 
   Albert on yaşında ikən bu ailənin (yəhudilərin “kasıb bir tələbəni həftədə bir gün şam yeməyinə dəvətetmə” ənənəsinə sadiqliklə) evə çağırdığı Maks adlı bir tələbənin get-gəli düz beş il davam edir. Albert onunla söhbətdən həzz alır və bu uşağın “misilsiz”liyini, onunçün gətirdiyi kitabın (İ.Kant) müzakirəsində uduzduğunu hiss edən həmin tələbə on üç yaşlı Albertə “müəllim” deyə müraciət etməyə başlayır. 
   ”Çünki indiyə qədər hər şey qaydasında olub...”
   Yüz iyirmi beş il öncə 4 yaşlı bir yəhudi uşağın bədahətən söylədiyi bu söz bu qoca yazara belə bir ilk yarımbaşlıq “kəşf” etdirdi: -
   
   Ay dadi-bidad!..
   
   İlkin uşaqlığında danışa bilməyən (nənəsinin təbiriycə “uşaqlığı yaşıdlarına nisbətən iki-üç addım gec” başlayan), ilk illər dərslərdə geri qalan, qeyri-adi qabiliyyətinin üzə çıxdığı sonuncu siniflərdəsə, köhnə-kürüş təhsil təmrinlərinə qarşı üsyankarlığa başlayıb, “bu uşaq gələcəkdə heç nəyə yaramayacaq” deyən müəllimlərindən valideynlərinə dönə-dönə şikayətlər yağdırtdıran bu uşaq az keçmiş “dahi tələbə” mərtəbəsinə necə qalxıb?
   Saysız-hesabsız mənbələrdən belə məlum olur ki, o, oxumaqdan, eşitməkdən, baxmaqdan daha çox, dərindən fikirləşməyə, düşünməyə üstünlük verər, fantastikanı, xəyal-xülyaları, gələcək haqda danışmağı sevməz və bu haqda deyərmiş: “Gələcək haqda danışmağa dəyməz, - çünki o, çox sürətlə gəlir!”
   Ancaq, hər halda, necə, nə cür, nə sayaq? Son 20 ilini istisna etməklə, ömrü uzunu ölkə (Almaniya, İtaliya, İsveç, Fransa, ABŞ...), məktəb, dil, kollektiv və s. dəyişməli olan bu bəndə bu qədər sabitqədəmliyə necə nail olub? “Axmaqlığın ən “yaxşı” epizodunu da sevə bilmədiyindən” (“Axmaqlıq və dahilik arasındakı fərq; dahiliyin sərhədlərinin olması”), müəllimlərilə tez-tez mübahisə edib arxa cərgədə oturdulan, kinayəli gülüşlərinə görə dərslərdən “çox asanlıqla qovulan”, “Mənim ən birinci və ən şirin mükafatım məktəbdə fiziki hadisələr barədə çox danışdığımçün həmyaşıdlarımın verdiyi “zəhlətökən” ləqəbidir” deyən, qısa müddətə harasa gedib-qayıdarkən öz laboratoriyası qapısına yapışdırdığı “Eynşteyn 1 (və ya 2, 3) saatdan sonra olacaq” elanını oxuyub, qapı ağzındakı skamyada əyləşərək özünü gözləyən, izafi qab-qacaq yumamaqçün yumurtanı çorba içində qaynatmasını “ən böyük icadım” adlandıran... bu adam “dahi nəzəriyyəçi”, “müasir nəzəri fizikanın yaradıcısı”, dünya nüfuzlu “Time” jurnalının öz oxucuları arasında (1999) və digər bir təşkilatın ən məşhur fiziklər içərisində keçirdikləri sorğulara görə “Əsrin alimi”, “Bütün dövr və xalqların ən böyük fiziki”, “dünyəvi ictimai xadim” adlarına, Nobel mükafatı laureatlığına necə gəlib çıxıb?.. 
   Bu mental təəccüblərimdən keçək dünyanın bu möcüzəvi real təcrübəsinin bəzi detallarına. 
   
   Belə ki;
   
   ilk təhsilini Münxendə, daha sonra (atası və əmisinin işlətdiyi elektrik şirkətinin iflası səbəbilə köçdükləri) İtaliya və İsveçrədə alan Albert beş il heç bir ölkəyə mənsub olmadan yaşamalı olub. On altı yaşında (rektorun xüsusi icazəsilə) qəbul olunduğu Politexnik universitetində gələcək həyat yoldaşı, serb əsilli Mileva Maric ilə tanış olub evlənir (iki övladı olur). 
   İyirmi yaşında ali məktəbi bitirib, elmi fəaliyyətini davam etdirmək üçün həmin universitetdə işləmək istəsə də, tələbəlik müddətindəki üsyankar xarakteri “sayəsində” buna nail ola bilmir və ilyarımlıq “axtarışlar”dan sonra “Patent-ofis”də “künc-bucaq” deyimli bir işə düzəlir. 
   1905-də doktorluq dissertasiyası müdafiə edir, 1908-də artıq məşhur alim kimi tanınır, 1909-da Sürix, daha sonra Praqa universitetlərində çalışır. 1914-cü ildə Almaniyaya qayıdıb, Vilhelm Fizika İnstitutunda idarəçi, Humboltd Universitetində fenomen-professor imici ilə fəaliyyət göstərir. Təhsil sonlarında olduğu kimi, ilk fəaliyyətsonrası uğurları da ildırım sürətilə başlayır. Haqqında əfsanələr, lətifələr yaranır. Heyranları laboratoriyası haqda soruşduqda, gülümsünərək qələmini göstərərmiş. Niyə iki dəfə evlənməsi və qadınların ona bu qədər maraq göstərməsindən söhbət düşəndə “Eşq-məhəbbət hər hansı müəllimdən daha yaxşı təlimçi, hər hansı vəzifədən daha geniş səlahiyyətlidir” deyib və onu yetərincə anlamayan birisi üçün belə bir əlavə edib: “Bir kişinin gözəl bir qızla öpüşərkən avtomobili düzgün idarə edə bilməsi, öpüşün haqqının verilməməsi deməkdir”. 
   Lakin 1933-də - məlum siyasi səbəblərə görə, Almaniya vətəndaşlığından imtina edib ABŞ-a köçür, 7 il Prinston Universitetinin professoru olaraq çalışdıqdan sonra Amerika vətəndaşlığını qəbul edir. 
   II Dünya müharibəsindən (maraqlıdır ki, təqaüdə çıxdıqdan) sonra onun şöhrəti daha geniş yayılır; təbii ki, həm də müharibəbaşlanğıcı dönəmdə ABŞ prezidenti Ruzveltə yazdığı məktubdakı məsələnin - bütöv bir era dəyişdirəsi nüvə silahının reallaşması ilə ilgili. 
   Lakin... “məşhur” “Xirosima-Naqasaki” faciəsindən sonra dediyi sözlər, həmin olayın hələ çox “isti” vaxtlarında “bəşər qırğını kəşfkarı” kimi hallandırılan bu fenomen fiziki dünyaya elə həmin “doza”lı lirik kimi də tanıdır: “Belə olacağını bilsəydim, adi bir ayaqqabı təmirçisi olardım...” 
   Və aylar-illər keçdikcə bu sayaq fikirlərdə davam edir: “Elm “pis” atom bombasını çıxardı, əsl pisliklər isə hələ insanların beyin və ürəklərində qalıb”, “Zəruri əsgərlik yalnız mədəniyyətin davamı üçün deyil, varlığımızçün ciddi təhlükə də meydana gətirir”, “Hər döyüş insanlığın irəliləməsinə maneə törədən pislik zəncirinə bir halqa əlavə edir”, “Mən yalnız sülh üçün, barış üçün döyüşməyə hazıram!”, “III Dünya müharibəsində hansı silahların olacağını deyə bilmərəm, amma bilirəm ki, dördüncüdə daş və çubuqlardan istifadə ediləcək” və s.
   
   Deməli;
   
   həm Yer üzünü viran edəsi bir silah müəllifliyi, həm də bütün müharibələrə qarşı müdrik mübarizlik? Lap bizim “şair xalq”ın bir nümayəndəsi demişkən; “Biz hərb istəmirik, - hərbə hazırıq!”
   Yəqin elə bir az da buna görə onun beyni - cəmi bircə gün yatdığı və “mən dünyadan öz istəyimlə köçmək istəyirəm, həyatı süni şəkildə uzatmaq mənasız işdir” - deyə əməliyyatdan imtina etdiyi xəstəxanada növbətçi (və yaxın qohumu) olan Harvey tərəfindən oğurlanıb. Və... bəlli olub ki, o, normal beyinlərdən xeyli böyük və insanın bu orqanına xas mürəkkəbliklərdən də mürəkkəb! Sahibinin həyati davranışları, dünyaya baxışı, yeri gəldikcə söylədiyi fikirlər isə sadədən-sadə:
   - “Məntiq sizi A nöqtəsindən B nöqtəsinə aparar, xəyal isə hər yerə”;
   - “Gözəl gənclər təbiətin əsəridir, gözəl yaşlılar isə sənətin”;
   - “Sağlam fikirlər on səkkiz yaşımıza qədər əldə etdiyimiz ön mühakimələrin cəmidir”...
   - “Dünya təhlükəli bir yerdir - pislik edənlər üzündən deyil, tamaşaçı qalıb heç bir şey etməyənlər üzündən”;
   - “Çətinliklərin göbəyində fürsətlər yatır!”;
   
   Və 
   
iki nümunə də saysız-hesabsız ikitərəfli-birtərəfli “yazışma və olaylar”ından: 
   İsrail prezidentinin vəfatından (1952) sonra - bu ölkə başçılığına dəvətilə bağlı məktuba cavabı: “Yox, mən bu təklifə müsbət cavab verə bilmərəm; prezidentlik tamam başqa bir elmdir”. 
   Çarli Çaplinə teleqramı: “Filmlərinizi bütün dünya sevir. Sizi çox gözəl anlayırlar. Əminəm ki, Siz tezliklə dahi olacaqsız. A.Eynşteyn” (Cavab: “Mən Sizinlə daha çox fəxr edir və bildirirəm ki, nisbilik nəzəriyyənizi heç kim anlamasa da, Siz artıq dahisiniz! Ç.Çaplin”). 
   Bu məqamda onun daha bir “çətin” deyimi: “Əlinizi bircə dəqiqəliyə qaynar soba üstə qoysanız, bu, sizə bir saat kimi, gözəl bir qızla bir saat əylənməniz isə bir dəqiqə kimi gələr. Bu, nisbilikdir”. 
   Mançester Universitetində yazı taxtasına bir formul yazıb, mühazirəni davam etdirir və geri döndükdə formulu görmür. Sən demə, “sözü bir yerə qoyan” tələbələrin yarısı onu dövrəyə alıb “vacib” sorğu-suala tutarkən, digərləri lövhəni “dahidən yadigar”lıqçün dəyişdiriblərmiş...
   Hitler rejimi zamanı yaradılan “Yəhudi nüfuzunu qoruma birliyi”nə fəxri sədr seçildikdən sonra, “dünyanın ən böyük lideri” saydığı M.K.Atatürkə yazdığı məktubdan (17 iyun 1933): “...Almaniyada təzyiqlər altında yaşayan 40-dan çox mütəxəssisin Türkiyədə fəaliyyət göstərmələri üçün icazə vermənizi xahiş edirəm. Böyük təcrübə və savada malik olan bu 40 insan bizim birliyə göndərilən çoxsaylı müraciətlər arasından seçilərək Sizin ölkəyə tövsiyə edilir.
   Bunu yazmaqla, ən azından, özündə cəsarət tapan, sadiq xidmətkarınız olmağı özünə şərəf bilən; 
   professor A.Eynşteyn”.
   
   Bu dahinin -
   
   həyati-fəlsəfi-siyasi fikirlərini əks etdirən “Dünya mənim gözümdə” kitabı belə bir fenomen-varlıq tərəfindən varolmasıyla da önəmlidir; biz tarixən həyatın haqq-ədalət, insaf-mürvət, sosial bərabərlik “məhsullar”ının daha çox, zatən, maliyyə və rəyasət cəhətdən “kasıb”, səlahiyyətsiz ədiblər, filosoflar, filoloji düşüncəlilər tərəfindən təbliğ-təşviq edildiyinin şahidi olmuşuq. Bu müəllifsə yeknəsəq, çalın-çarpaz xətlər, öldürücü silahlar adamı idi!.. 
   1955-ci il aprelin 18-də, milyonların tanıyıb heyran qaldığı bu ecazkar bəndənin dəfnində cəmi-cümlətanı 12 nəfər olur - ən yaxın dostları və ailə üzvləri. 
   O özü belə vəsiyyət edibmiş.
   Bu yazınısa onun bəşəriyyətə vəsiyyətilə bitirək: “Yer üzündəki şərtlərin düzəlməsi elmi kəşflərdən çox, əxlaqlı bir həyat nizamının reallaşmasına bağlıdır...”
   
   Tahir Abbaslı