Tarixdən səhifələr...
“Tarixdən səhifələr”də illər öncə respublikamızın ictimai-mədəni həyatı, ədəbiyyat və incəsənəti ilə bağlı qəzetlərdə dərc olunan yazılardan, xəbərlərdən seçmələr təqdim edərək dövrə, ötəri də olsa, mətbu ekskurs etməyə çalışacağıq. Seçmələr mətnlərin orijinallığı (yazı üslubu, orfoqrafiyası) saxlanılmaqla təqdim edilir. Dövrün mətbu nümunələrinin əldə olunmasında göstərilən köməyə görə Azərbaycan Milli Kitabxanasına təşəkkür edirik.
76 il əvvəl...
Musiqi mədəniyyətimiz yeni vəzifələr qarşısında
...Doğma vətənimizə xaincəsinə hücum etmiş, dünya mədəniyyətinin ən qəddar düşməni faşizmə qarşı Böyük Vətən müharibəsi başlanandan bəri Azərbaycan sovet kompozitorları bir sıra dəyərli musiqi əsərləri yaratmışlar.
Lakin hələlik bu əsərlər kiçik formadan (marşlar, yürüş mahnıları və sair) ibarət isə, heç şübhəsiz ki, yaxın gələcəkdə böyük tablolar (operalar, simfoniyalar, kantatalar) yaranacaqdır...
Əgər vətən müdafiəsi və sovet patriotizmi temaları həmişə sovet incəsənətində şərəfli bir yer tutmuşsa, indi cəllad faşizmə qarşı sovet xalqının apardığı kəskin vuruşma zamanı bu temalar daha aktual bir əhəmiyyət almış olur.
Vətən müharibəsi başlandığı vaxtdan bəri Azərbaycan sovet kompozitorları tərəfindən iki birpərdəlik opera, iki kantata, 100-dən yuxarı marş və mahnı yazılmışdır. Azərbaycan dövlət teatrları, filarmoniya və estrada artistləri tərəfindən hərbi hissələrdə və hərbi xəstəxanalarda bu müddət içərisində verilən 1000-dən yuxarı konsertdə Azərbaycan kompozitorlarının əsərləri görkəmli yer tutmuşdur. İndi bu işi daha geniş miqyasda davam etdirməli, yazılan əsərlərin bədii keyfiyyətini daha yüksəltməklə bərabər böyük və görkəmli musiqi əsərləri yaratmaq işinə başlamaq lazımdır. Bu işdə sovet yazıçıları kompozitorlarımıza yaxından yardım göstərməlidirlər. Çünki tekstin yüksək bir səviyyədə olması bu tekst üzrə musiqinin də keyfiyyətinin gözəl olmasına səbəb olur...
“Ədəbiyyat qəzeti”, 1 may 1942-ci il
60 il əvvəl...
Azərbaycan filmlərinin festivalı
Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 38-ci ildönümü ilə əlaqədar olaraq aprelin 27-dən 30-dək “Vətən” kinoteatrında Bakı kinostudiyasının istehsal etdiyi filmlərin festivalı keçiriləcək. Festival günlərində “Bəxtiyar”, “Doğma xalqımıza” və “Görüş” filmləri nümayiş etdiriləcəkdir. Bundan başqa festival günlərində tamaşaçılarla Bakı kinostudiyası işçilərinin görüşü olacaq, kino-teatrın foyesində səhərciklər, rəqslər, oyunlar və sair təşkil ediləcəkdir.
“Bakı” axşam qəzeti, 26 aprel 1958-ci il
M.Ə.Sabirin Bakıda yeni abidəsi
Azərbaycan SSR Nazirlər Soveti xalqımızın böyük satirik şairi Mirzə Ələkbər Sabir Tahirzadəyə Bakı şəhərində yeni monumental abidə qoymaq haqqında qərar qəbul etmişdi.
Mirzə Ələkbərin yeni abidəsinin layihəsini istedadlı heykəltəraş, respublikanın əməkdar incəsənət xadimi Cəlal Qaryağdı, memarlardan Ənvər İsmayılov və Qəzənfər Əlizadə hazırlamışdılar. Cəlal Qaryağdı şairin obrazını yaratmaq kimi vəzifənin öhdəsindən şərəflə gələ bilmişdir. Onun yaratdığı abidədə böyük maarifpərvər, azadlıq müğənnisi Sabir Tahirzadə qaya üzərində oturmuş və azca xəyala dalmışdır. Adam heykələ baxdıqda şairin tükənməz iradəyə və daxili qüvvəyə malik olduğunu görə bilir.
M.Ə.Sabirin monumental heykəli Azərbaycan sovet təsviri incəsənətinin yeni nailiyyətidir. Heykəl tuncdan tökülmüş və qara daşdan hazırlanmış özül üzərinə qoyulmuşdur. Onun hündürlüyü 7 metrdir.
Yeni abidənin qoyulması ilə əlaqədar olaraq şairin adını daşıyan meydançada abadlıq işləri aparılmışdır.
Bu gün gündüz abidənin təntənəli açılışı olmuşdur. Abidənin açılması münasibətilə Sabir adına meydançada izdihamlı mitinq keçirilmişdir.
“Bakı” axşam qəzeti, 30 aprel 1958-ci il
Hazırladı: Lalə