Azərbaycanın rəqs sənəti də təqdim ediləcək 
   
   Mayın 2-dən 6-dək Astana şəhərində “Temps lie” (tan liyö - balet termini olub birləşdirmək mənasını verir) Beynəlxalq balet festivalı keçiriləcək. Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi və Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının təşkil etdiyi rəqs sənəti bayramı paytaxt Astananın 20 illik yubileyinə həsr olunub. 
   İştirakçılar klassik rəqs, xalq-səhnə rəqsi (folklor, stilizə olunmuş xalq rəqsi) və müasir rəqs bölmələri üzrə məharətlərini göstərəcək, ustad dərslərində iştirak edəcəklər. Dünyanın 14 xoreoqrafiya məktəbinin 28 təmsilçisinin Astanaya gələcəyi gözlənilir. 
   Qazaxıstan Xoreoqrafiya Akademiyası məktəb-kollecinin rəhbəri Svetlana Kokşinova bildirib ki, festivalda həm klassik, həm milli rəqslər, həm də müasir xoreoqrafiya nümayiş etdiriləcək. Ustad dərslərinə gəlincə, gənc rəqqaslar İngiltərə milli balet məktəbinin pedaqoqu İrek Muxamedov, Rusiyanın Xalq artisti, Mariinsk teatrının prima-balerinası Ulyana Lopatkina və Rusiyanın Əməkdar artisti, Boris Eyfmanın Rəqs Akademiyasının müəllimi Yelena Kuzminadan ustad dərsləri ala biləcəklər. 
   Pekin Rəqs Akademiyasının professoru, Çin Milli Rəqs Assosiasiyasının vitse-prezidenti Syao Suxua, R.Nuriyev adına Başqırdıstan Xoreoqrafiya Kollecinin direktoru, Xalq artisti Oliya Vildanova, Yaponiyanın “Sofia Balet Academy” balet məktəbinin direktoru Keysuke Kosaka isə festivala fəxri qonaq qismində dəvət ediliblər. 
   Festivala qatılacaq ölkələr sırasında Azərbaycanın adını gördükdə Bakı Xoreoqrafiya Akademiyası ilə əlaqə saxladıq. Mətbuat xidmətindən öyrəndik ki, Azərbaycan rəqs məktəbini BXA-nın baş müəllimi, Xalq artisti Yusif Qasımov, bakalavr pilləsinin 3-cü kurs tələbəsi Tehran Mustafayev və kollec pilləsinin 3-cü kurs tələbəsi Nərmin Quliyeva təmsil edəcək.

G.Mirməmməd