Mayın 1-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək ümummilli liderin keçdiyi həyat yolundan danışıb, mədəniyyətə diqqət və qayğısından, o cümlədən Azərbaycan musiqiçilərinə verdiyi dəyərdən bəhs edib. Qeyd olunub ki, Heydər Əliyevin Azərbaycan naminə gördüyü misilsiz işlər onu tarixdə və yaddaşlarda əbədiyaşar edib.
F.Bədəlbəyli dünya şöhrətli siyasi xadimin idarəetmə bacarığı, prinsipial mövqeyi, dərin zəkası və peşəkarlığı ilə ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında qazanılmış uğurlardan söz açıb. O, müdrik şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış mərhələ kimi qiymətləndirib.
Sonra filologiya elmləri doktoru, professor Tərlan Quliyevin “Heydər Əliyev müstəqil Azərbaycanın memarı kimi”, BMA-nın böyük elmi işçisi, dosent Ariz Abduləliyevin “Azərbaycan musiqi incəsənətinin inkişafında Heydər Əliyevin tarixi xidmətləri”, Xalq artisti Xuraman Qasımovanın “Mənim Heydər Əliyev və onun ailəsi ilə bağlı xatirələrim” mövzusunda məruzələri dinlənilib.
Tədbir çərçivəsində Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında, həmçinin onun mədəniyyət və incəsənət xadimləri ilə görüşünü əks etdirən sənədli filmlər izlənilib.
Sonda akademiyanın tələbələrinin hazırladığı konsert proqramı təqdim edilib.