Berlinin Britz sarayının (Schloss Brits) mədəniyyət fondunun təşkilatçılığı ilə azərbaycanlı gənc pianoçu Nərmin Nəcəflinin solo konserti keçirilib. Proqramda Lüdviq van Bethoven, Maurice Ravel, Frans List və Robert Şumanın əsərləri səslənib. Gənc ifaçımızın konserti tamaşaçıların böyük rəğbəti və alqışlarına səbəb olub.
N.Nəcəfli 2014-cü ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini bitirib, hazırda fortepiano ixtisası üzrə təhsilini Hannover şəhərindəki Musiqi, Dram və Media Universitetində davam etdirir. N.Nəcəfli 2016-cı ildə mədəniyyət sahəsində uğurlarına görə gənclər üçün Prezident mükafatına layiq görülüb.
Berlində yerləşən Nikodemus Mədəniyyət kilsəsində (Kulturkirche Nikodemus) Almaniyadakı səfirliyimizin dəstəyi ilə Azərbaycanın caz musiqi ifaçıları Rain Sultanov və Elçin Şirinovun “Tsikl” adlı konserti keçirilib.
Konsert proqramında ifaçıların Almaniyada buraxılmış yeni “Tsikl” adlı albomunda yer alan musiqiləri səsləndirilib.