Azərbaycan Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə namizədliyini irəli sürüb
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Parisdə, UNESCO-nun mənzil-qərargahında ölkəmizin təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə namizədliyi ilə bağlı təqdimat mərasimi təşkil edilib.
UNESCO yanında daimi nümayəndəliyin rəhbəri səfir Anar Kərimov tədbiri giriş sözü ilə açaraq, ölkəmizin təşkilatla əməkdaşlığından danışıb. Səfir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu əməkdaşlığın daha intensiv və dinamik səviyyəyə çatmasında xüsusi rolunu vurğulayıb.
Qeyd edilib ki, ölkəmiz UNESCO-nun bir sıra qurumlarında üzv qismində fəal iştirak edir və Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə üzv seçiləcəyi təqdirdə bu sahədə öz təcrübəsini bölüşməyə və komitənin səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizin UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasına qoşulduğu gündən onun həm milli, həm də beynəlxalq səviyyədə effektiv icrası istiqamətində fəal iş apardığını bildirib. O, ölkəmizdə bu sahədə həyata keçirilmiş işlər haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycanın təqdim etdiyi 8 milli, eləcə də ölkəmizin iştirakı ilə təqdim olunan 3 çoxtərəfli nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib və dünya mədəniyyətinin bir parçası kimi beynəlxalq səviyyədə tanınıb. Nazir müavini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə verdiyi töhfələrdən söz açıb.
2010-2014-cü illərdə Azərbaycanın Hökumətlərarası Komitəyə üzv olduğunu xatırladan Sevda Məmmədəliyeva ölkəmizin üzvlük dövründə səmərəli fəaliyyətini vurğulayıb. Azərbaycanın 2013-cü ildə komitəyə sədrlik etdiyi, komitənin 8-ci sessiyasının Bakıda uğurla keçirildiyi diqqətə çatdırılıb.
Qeyri-maddi mədəni irsin qorunması sahəsində milli ekspert Cahangir Səlimxanov öz növbəsində deyib ki, 2010-2014-cü illərdə komitəyə üzvlüyü müddətində ölkəmiz bu sahədə zəngin təcrübə əldə edib. O, ölkəmizin əsas prioritetləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbir çərçivəsində Azərbaycanın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə namizədliyi ilə bağlı video nümayiş etdirilib, broşürlər paylanılıb.
Sonda iştirakçılar milli mətbəximizin təamlarının, o cümlədən Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş lavaş və dolmanın dadına baxıblar.
Qeyd edək ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə seçkilər 4-6 iyun tarixində keçiriləcək.