Milli Dram Teatrı Konyada beynəlxalq festivalda ölkəmizi təmsil edib
Akademik Milli Dram Teatrının yaradıcı heyəti Türkiyənin Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” türkdilli ölkələrin Beynəlxalq teatr festivalında Azərbaycanı uğurla təmsil edib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, sayca 11-ci olan beynəlxalq festivalda Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanmış “Cəhənnəm sakinləri” tamaşası oynanılıb. Aprelin 30-da nümayiş olunan səhnə əsəri tamaşaçılar və müxtəlif ölkələrdən gələn teatr xadimləri, festivalın təşkilatçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Xalq artisti Azərpaşa Nemətov, rejissoru Anar Babalı, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.
Səhnə əsərində xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli və başqaları rol alıb.
Əsər 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir.
Festival çərçivəsində Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçirilib, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılıb.