Muğamsevərlər “Qarabağ şikəstəsi”ni alqışlarla qarşılayıblar
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə İstanbulda “Azərbaycana musiqi estafeti” şüarı ilə konsert proqramları keçirilir.
Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində aprelin 28-də İstanbulun “Grand Pera” teatr salonunda muğam gecəsi təşkil olunub.
Konsert proqramında Əməkdar artist Səbuhi İbayev və gənc xanəndə Nigar Şabanova məlahətli ifaları ilə musiqisevərlərin zövqünü oxşayıblar. Xanəndələri əməkdar artistlər Sahib Paşazadə (tar), Çinarə Heydərova (qanun), Toğrul Əsədullayev (kamança) və başqaları müşayiət ediblər.
Nazirliyin Türkiyə nümayəndəliyinin rəhbəri Nurlana Çakmak, tarzən Sahib Paşazadə və digər çıxış edənlər Azərbaycanda qədim muğam musiqisinin inkişafına göstərilən diqqət və qayğıdan, dərin və bitkin təfəkkür, bədii həyəcan ifadə edən muğamın özünəməxsusluğundan danışıblar.
Proqramda Səbuhi İbayevin və Nigar Şabanovanın birgə ifa etdikləri “Qarabağ şikəstəsi” musiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Tədbir çərçivəsində Azərbaycan tarixini, mədəniyyətini, müasir inkişafını və füsunkar təbiətini əks etdirən fotosərgi açılıb.
Xatırladaq ki, bu silsilədən ilk konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - Xalq artisti Samir Cəfərov və Əməkdar artist Afaq Abbasovanın ifasında klassik musiqilər səslənmişdi.
“Azərbaycana musiqi estafeti” devizi altında daha bir konsert mayın 2-də keçiriləcək. Bu dəfə proqram caz musiqisindən ibarətdir. “Grand Pera”dakı etno-caz gecəsində Elçin Şirinovun kvarteti, Xalq artisti Ənvər Sadıqov, Arslan Növrəsli öz musiqi qrupları ilə çıxış edəcəklər.