Aprelin 30-da Beynəlxalq Muğam Mərkəzində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq caz günü münasibətilə konsert keçirilib.
Konsertdən əvvəl Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək ölkəmizdə caz musiqisinin zəngin və tarixi ənənələrinin olduğunu bildirib. Qeyd edib ki, bu musiqi sənəti ötən əsrin 30-cu illərindən başlayaraq ölkəmizdə populyarlıq qazanıb. Keçmiş SSRİ-də Bakı ən qabaqcıl caz məkanlarından biri sayılıb. Bu gün caz musiqisi ölkəmizdə ən çox sevilən və maraq doğuran musiqi növlərindən biridir. Dünyada mədəniyyətlərarası mübadilənin inkişaf etdirilməsində, eyni zamanda, tolerantlığın bərqərar olmasında cazın rolu böyükdür. Azərbaycan bu sahədə nümunəvi və nadir məkanlardan biri sayılır, o cümlədən caz musiqisi ilə tanınır.
Diqqətə çatdırılıb ki, UNESCO 2011-ci ildən 30 aprel tarixini Beynəlxalq caz günü kimi təsis edib və həmin ildən etibarən bu gün münasibətilə keçirilən tədbirə bir sıra şəhərlər ev sahibliyi edib: “Biz ilk dəfə Beynəlxalq caz gününə tərəfdaşlıq etməkdən məmnunluq hissi keçiririk və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa hazırıq.
Sonra UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının loqosunun həkk olunduğu xatirə hədiyyəsi Bakı caz festivalının rəhbəri Leyla Əfəndiyevaya təqdim edilib.
L.Əfəndiyeva bildirib ki, Azərbaycanda cazın böyük tarixi var. Ölkəmizdə Tofiq Quliyevin, Niyazinin, Tofiq Əhmədovun rəhbərliyi ilə caz kollektivləri fəaliyyət göstərib. 60-70-ci illərdə Azərbaycan caz musiqisi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə məşhurlaşıb.
ABŞ səfirliyinin müşaviri Uilyam Gill deyib ki, Bakıda Beynəlxalq caz gününü qeyd edilməsi musiqinin sərhədsiz olduğunu bir daha təsdiqləyir: “Caz dünya miqyasında genişlənərək fərqli mədəniyyət və onun sivil üslublarına əsaslanaraq ümumbəşəri xarakter alıb. Düşünürəm ki, multikultural tarixi ilə seçilən Azərbaycan bu səbəbdən cazı tam qəbul edə və bir qədər də özününküləşdirə bilib. Azərbaycanın caz musiqiçilərinin dünyada tanınması təqdirəlayiqdir”.
Sonra qala-konsert başlayıb. Konsertdə ABŞ-ın tanınmış caz qrupu “Kennedy Administration”, həmçinin yerli caz ifaçıları klassik və müasir caz nümunələri ilə çıxış ediblər.