Mayın 12-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı başlayacaq. Bir həftə davam edəcək festival günlərində xarici ölkələri təmsil edən 6, ölkəmizin səhnə sənəti kollektivlərindən isə 16 teatr Azərbaycan teatrsevərlərinə sənət ünsiyyəti sevinci yaşadacaq. Artıq ənənəyə çevrilən Şəki teatr festivalı bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunur. 

   Hər dəfə öz səhnə məkanını və iştirakçı coğrafiyasını genişləndirən Şəki teatr festivalının “Sərhədsiz teatr” adlanması təsadüfi deyil. Bu dəfə əcnəbi qonaqlarımız - yaxın İrandan, Gürcüstandan, nisbətən uzaq Şimali Osetiya və Tatarıstandan (Rusiya), bir də lap uzaqdan - Kolumbiya və Meksikadan olacaqlar. Tamaşaların nümayiş məkanına gəlincə, festival ölkəmizin bir çox şəhər və rayonlarını əhatə edəcək. Daha kimsə deməyəcək ki, yaxında olsaydı, gedib baxardıq. Festivalın ev sahibi Şəki ilə yanaşı paytaxt Bakı, Sumqayıt, Yevlax, Ağdam, Xırdalan, Bərdə, Lənkəran, Neftçala, Göygöl, Ağcabədi, Xaçmaz, İsmayıllı, Mingəçevir, Salyan və Qusar da “Sərhədsiz teatr” ovqatına köklənəcək. 
   Bəs, qonaqlarımız hansı kollektivlərdir, onlar hansı tamaşa ilə çıxış edəcəklər? Qəzetimizin bu sayından etibarən oxucuları “Sərhədsiz teatr” festivalının iştirakçıları ilə tanış etməyə başlayırıq. 
   
   Açılış şərəfi “Titowak”a qismətmiş... 
   
   İran İslam Respublikası “Sərhədsiz teatr” festivalında iki kollektivlə təmsil olunacaq. Şəkidə baş tutacaq beynəlxalq proqramın ilk günündə, mayın 12-də bu ölkədən gəlmiş “Titowak” teatrı U.Şekspirin “Maqbet” faciəsi əsasında hazırlanmış “Maqbet-Zar” tamaşasını oynayacaq. Yeri gəlmişkən, “Titowak” bizim az-çox bələd olduğumuz Tehran, Təbriz, ya da Ərdəbil teatrlarından biri deyil, İranın ən cənub vilayətindən - Hörmüzqan ostanının Bəndər-Abbas şəhərindəndir. 20 il əvvəl 22 yaşlı rejissor Ebrahim Poştkohinin yaratdığı gənclərdən ibarət həvəskar teatr truppası uzun illərdir ki, dünyanın müxtəlif teatr festivallarında uğurla çıxış edir. 
   2012-ci ildə Rusiyada, Mıtışşi şəhərində keçirilmiş IV “Moskvaətrafı axşamlar” teatr festivalında “Maqbet-Zar”ı oynamış kollektivin çıxışından sonra rus teatr tənqidçilərinin yazılarını internet resurslarında nəzərdən keçirmək kifayətdir ki, Şəki festivalının açılışı günü maraqlı tamaşa görəcəyimizə əmin olaq. Elə adıçəkilən festivalda “Münsiflər heyətinin aktyor ansamblına rəğbəti” mükafatına layiq görülmüş teatrın baş rejissoru tamaşa barədə bu fikirləri söyləmişdi: “Biz tamaşada Şərq və Qərb mədəniyyətini birləşdirmək istəmişik. Lakin tamaşada təkcə Zərdüştilik dövrünün Zar ayinindən yox, digər çox qədim teatr ənənələrindən istifadə edilib. Biz tamaşalarımızı hər kəsin anlaya biləcəyi tərzdə qururuq. Teatr hər kəs üçün mənəvi qidadır. Rejissor isə aşpazdır. Əsas məsələ xörəyi yaxşı bişirməyi, ərzaqları düzgün qarışdırmağı bacarmaqdır. O ki qaldı bizim niyə məhz “Maqbet” faciəsini seçməyimizə, məncə, bu əsərdə qaldırılan problemlər yenə də aktualdır. Zar ayininin məqsədi insan qəlbinə soxulmuş bəd ruhları qovmaqdır. Şekspirin Maqbeti insanların qətlinə amansızlıqla fərman verən canidir. Bizim qurduğumuz süjetdə isə Maqbet - “bəd ruhun kölə»sinə çevrilmiş zavallıdır. Tamaşanın sonunda o, bəd ruhların təsirindən qurtulur, tövbə edir və bu dünyadan rahat köçür”.
   Beləliklə, festivalın ilk günü bol emosiya və düşünmək üçün mövzu vəd edir.
   
   ...Aldı görək, “Əlif” nə dedi?
   
   Mayın 15-də S.Rəhman adına Şəki Dövlət Dram Teatrının səhnəsi Tatarıstanın paytaxtı Kazandan gələcək “Yaradıcı mühit” Mədəni Təşəbbüslər Fondunun ixtiyarına veriləcək. Fond “Əlif” (“Başlanğıcın çağırışı”) adlı tamaşa göstərəcək. Yaradıcı insanların istedadını, gücünü və biliyini bir yerə cəmləyib yeni bədii forma və mənaların axtarışını və mənimsənilməsini öz məqsədi bilən “Yaradıcı mühit”də hazırlanmış “Əlif” tamaşası ilk dəfə 12 iyul 2017-ci il tarixində oynanılıb. Bu il “Balet - müasir rəqs-kişi rolu” nominasiyasında Rusiyanın nüfuzlu “Qızıl maska” mükafatına layiq görülmüş “Əlif” tamaşası haqqında festivalın təşkilat komitəsinə göndərilmiş annotasiyada deyilir ki, 1927-ci ildə ərəb əlifbasına əsaslanan tatar əlifbası dəyişdirildi (eyni proses Azərbaycanda da getdi - G.M.), qəbul edilmiş latın qrafikası isə 1939-cu ildə kiril əlifbası ilə əvəzləndi. Bu dəyişiklik əlifbadakı yeddi hərfin ləğv edilməsi ilə nəticələndi. Həmin dövrə qədər yaranmış poetik nümunələrdəki qafiyə, üslub, forma və ritm də öz əvvəlki mənasını təhrif etmiş oldu. Bununla da, X əsrdən etibarən formalaşan xalqın özgürlüyü qismən itirildi. Bu dəyişmə prosesinə həsr olunmuş “Əlif” tamaşası üç hissədən ibarətdir. 
   Tamaşanın birinci hissəsində rəqs vasitəsilə tatar əlifbası ərəb hərfləri ilə yazılır. Həmin hərflərin adları səsləndirilir. 
   İkinci hissədə üç qız səsi görkəmli tatar şairi Qabdulla Tukayın “Tuqan tel” (“Doğma dil”) şeirini söyləyir. Birinci səs “itirilmiş” tatar hərflərini tələffüz edir, ikinci səs sözləri deyir, üçüncü isə bütün sətri söyləyir. 
   Tamaşanın üçüncü hissəsi ilk iki hissənin üzvi qovuşuğundan ibarətdir: Q.Tukayın şeiri trio şəklində tam söylənilir. Şairin proobrazını təqdim edən rəqqas min il boyunca tatar xalqını formalaşdırmış həmin mədəni epoxanı təcəssüm edir. 
   “Əlif” tamaşasının yaradıcıları vücud dili və autentik tatar ifaçılığı vasitəsilə xalqın “unutduğu” həmin mədəni təbəqəyə nüfuz etməyə, artıq yaddan çıxmış həmin mədəniyyətə toxunmağa çalışıblar. Tamaşaya Tufan İmamutdinov quruluş verib, xoreoqrafı Marsel Nüriyev, bəstəkarı Elmir Nizamov, ifaçısı isə Kazan Gənc Tamaşaçılar Teatrının aktyoru Nurbek Batulladır. 
   
   “Fırtına” qonşu Gürcüstandan gəlir
   
   Mayın 16-da Şəki səhnəsinə qonşu Gürcüstanı təmsil edən Hərəkət teatrı (Movement Theater) çıxacaq. Kaxa Bakuradzenin öz dostları ilə yaratdığı bu sənət ocağını Gürcüstanda teatr və canlı musiqi, xüsusən də caz sevənlər üçün əsl inci adlandırırlar. Hərəkət teatrı müasir gürcü mədəniyyəti ilə tanışlıq üçün ideal yer hesab edilir. Digər teatrlardan fərqli olaraq, bu teatr əhvalatı yalnız hərəkət vasitəsilə nəql edir, bu səbəbdən də kollektivlə tamaşaçı arasında dil maneəsi olmur. İlboyu müxtəlif quruluşlar, konsertlər, cem-seyşnlər, rəqs gecələri təşkil edən teatr öz repertuarındakı ən yaxşı tamaşalardan birini Şəkiyə gətirəcək. Tamaşa barədə danışmazdan əvvəl bir fikri çatdırmağı özümüzə borc bilirik ki, Tbilisi Hərəkət Teatrının ən heyrətamiz cəhətlərindən biri tamaşanın oyun məkanından asılı olmayaraq, seyrçidə həmişəlik teatr sevgisini yaratmasıdır. Salonda əyləşmiş hər tamaşaçıya elə gəlir ki, səhnədə baş verənlər məhz onun üçün oynanılır. Teatrın yaradıcısı, rejissoru, aktyorları və digər əməkdaşları salonda xoş mühit yaratmaq və sizin özünüzü evinizdəki tək hiss etməniz üçün bacardıqlarını əsirgəmirlər. 
   Hərəkət teatrı “Sərhədsiz teatr” festivalında U.Şekspirin “Fırtına” əsəri ilə çıxış edəcək. Azərbaycan teatrında cəmi bir dəfə - uzaq 60-cı illərdə görkəmli rejissor Tofiq Kazımovun çox maraqlı quruluşunda səhnəyə qoyulmuş dram Milan hersoqu Prospero devrildikdən sonra onun başına gələn əhvalatlardan bəhs edir. Tamaşaya İoseb Bakuradze quruluş verib, bəstəkarı Sandro Nikoladze, xoreoqrafı Laşa Robakidzedir. “Fırtına”da aktyorlar Ani Talakvadze, Laşa Robakidze, Beka Qasrenişvili, Elo Çxeidze, Levan Karçiladze, Salu Kavtaradze, Nikoloz Qogidze çıxış edirlər. 
   
   * * *
   Yazıda haqqında söz açdığımız üç tamaşa, onların təmsil etdiyi kollektivlər barədə deyilənlərdən məlum oldu ki, doğrudan da, teatr sərhəd tanımır. Həm məkan, həm təxəyyül, həm də janr baxımından. 
   
   (Ardı var)
   
   Gülcahan Mirməmməd