Prezident yanında Bilik Fondu 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması ilə əlaqədar silsilə tədbirlər həyata keçirir.
Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Bakı şəhəri Yasamal rayonu Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq doktoru Nuridə İsmayılovanın “Cümhuriyyət dövründə musiqi” mövzusunda mühazirəsi təşkil olunub.
Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı tədbiri açaraq həyata keçirilən layihələrdən bəhs edib.
Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vaqif Məmmədov tədbirin keçirilməsinə görə Bilik Fonduna və Bakı Musiqi Akademiyasına təşəkkürünü bildirib.
Sonra mühazirə dinlənilib. Mühazirədə Bakıda və ümumilikdə Azərbaycanda musiqi mədəniyyətinin təşəkkül tapdığı dövrdən Cümhuriyyət dövrünə qədər və ondan sonrakı illərdə musiqimizin inkişaf yolundan ətraflı söz açılıb.
Tədbir mühazirəni dinləyən tələbələrin sualları və mövzu ətrafında müzakirələrlə davam edib.