Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalçıları ilk məşqlərini ediblər.
Azərbaycan təmsilçisi Aysel Məmmədova səhnəyə birinci çıxıb. O, yunan bəstəkar və prodüser Dimitros Kontopulos və İsveç bəstəkarı Sandra Byurmanın yazdığı “I cross my heart” mahnısını səsləndirib. Mahnıya səhnə quruluşunu məşhur yunan rejissor Fokas Yevangelinos verib. İfaçımızı səhnədə 4 bekvokalçı - portuqaliyalı müğənnilər müşayiət edir.
Mahnının bəstəkarlarından olan Dimitros Kontapulos “Eurovision” səhnəsində bir çox məşhurlarla çalışıb. Onların arasında Ani Lorak, Anna Vissi, Sakis Ruvas və Azərbaycan təmsilçisi Fərid Məmmədov da var. Bəstəkar və prodüser Aysel Məmmədovanın vokal və səhnə imkanlarını yüksək qiymətləndirib.
Məşqdən sonra media nümayəndələri ilə ilk dəfə görüşən Aysel Məmmədova musiqiyə olan marağından danışıb. Mətbuat konfransının moderatoru, Portuqaliyada populyar aparıcı və aktyor kimi məşhur olan Pedro Granger Azərbaycanın “Eurovision-2018” səhnəsində uğurlarından danışıb.
Aysel Məmmədova bu il Azərbaycanın “Eurovision” səhnəsində 10 illiyini qeyd etdiyini, ölkəsinin 10-cu təmsilçisi olmaqdan qürur duyduğunu deyib. Musiqiçi ailəsində dünyaya gələn Aysel vokalla yanaşı, həm də pianoda ifa edir.
Qeyd edək ki, “Eurovision-2018” yarışmasının ilk yarımfinalı mayın 8-də, ikinci yarımfinalı mayın 10-da, finalı isə mayın 12-də keçiriləcək.