Ulu öndərin Azərbaycan musiqisinə qayğısından bəhs edən məruzələr dinlənildi
   
   Mayın 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Bülbül adına Orta ixtisas musiqi məktəbinin layihəsi çərçivəsində “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirildi.
   Konfrans ulu öndərin anadan olmasının 95 illiyi münasibətilə keçirilən məktəblilərin III Respublika müsabiqəsi çərçivəsində təşkil edilmişdi.
   Tədbiri açan Bülbül adına Orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev konfransın əhəmiyyətindən və şagirdlərin estetik zövqünün inkişafındakı rolundan danışdı. Qeyd etdi ki, rəhbərlik etdiyi musiqi məktəbinin təşəbbüsü, Təhsil və Mədəniyyət nazirliklərinin dəstəyi ilə keçirilən müsabiqə 9 ixtisas qrupu üzrə 2 mərhələdə davam edib. Müsabiqəyə qatılan 572 iştirakçı arasından 215 nəfər seçilib.
   Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Bülbül adına Orta ixtisas musiqi məktəbinin müəllimi Səadət Səttarova müsabiqənin əhəmiyyətini qeyd etdilər. Bildirildi ki, üç yaş qrupunu əhatə edən müsabiqədə respublikanın rayonlarından ən istedadlı şagirdlər seçilib. 
   Sonra Orta ixtisas musiqi məktəbi şagirdlərinin “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Əbədiyyətə qovuşmuş ömür”, “Böyük dühadan ilhamlanan kiçik bəstəkar sözü”, “Müasir Azərbaycanın memarı və qurucusu”, “Heydər Əliyev və Üzeyir Hacıbəyli irsi”, “Heydər Əliyev və Mstislav Rostropoviç”, “Heydər Əliyev və istedadlı Azərbaycan gəncliyi” və s. mövzular üzrə ümumilikdə 27 məruzə dinlənildi. 
   Sonda məruzəçilərə diplomlar, onları hazırlayan müəllimlərə isə müsabiqənin sertifikatı verildi. 
   
   Savalan Fərəcov