Ümumtale-tariximizdə ilk Milli Mənlik doğuluşumuzun - Cümhuriyyətimizin Baş poetik vəsfkarı... 
   
   Bu şairi 1920-ci ilin 28 aprelindən 1991-in 18 oktyabrınadək əsasən “məxfi” fikir-zikrimizdə, ovaxtdan bəri isə bütün xəlqiyyət-rəsmiyyət törənlərimizdə böyük şərafət-fəxarətlə bayramladığımız, nəhayət, Yüzilliyini xüsusi “İL” nominasiyası ilə qutladığımız Azərbaycan Xalq Cümhuriyyətinin ədəbi-bədii Başqanı kimi də xatırlamaq olar...
   
   Hərbi-siyasi xatırlama: yaranış elanını 1918-ci ilin 28 mayında Tiflisdə verib, ilkin fəaliyyətinə Gəncədə başlayan Cümhuriyyətimizin gündəmindəki əsas məsələlərdən biri - paytaxt! Lakin o dövr hərbi qüvvəmizin gücü işğal altında olan Bakını bolşevik-daşnak birliyindən azad etməkçün yetərli deyil. Bəs nə etməli?.. 
   Qarı dövlətlər sırasına qoşulub yenicə müstəqil addımlar atmağa başlayan dövlətimizin rəhbərliyi qardaş Türkiyəyə müraciət edir və o ölkənin hərbi naziri Ənvər paşa qardaşı Nuru paşaya Azərbaycana doğru hərəkət etmək əmri verir. 
   Türkyə-Azərbaycan əsgərlərinin birgə ölüm-dirim savaşı sayəsində tarixi “Bakı qurtuluşu” ilə nəticələnən və tarixi sənədlərdə çox geniş ifadə olunan həmin olayların bu şairin qələmində necə şəkilləndiyini üçcə misrasından da bilmək olar:
    
   Atıldı dağlardan zəfər topları,
   Yürüdü irəli əsgər, Bismillah!
   Bəkliyor bizləri zəfər, Bismillah!..
   
   Və elə biz də; 
   
   “Bismillah” 
   
   deyib, bu analoqsuz Cümhuriyyət nəğməkarının bir səhifəlik təqdiminə başlayaq. 
   Sənədlərin verdiyi “xəbər”lərdən birinə görə, 1915-ci ilin Novruz bayramında iyirmi üç yaşlı bu cavan, ev-eşiyində heç bir bədbəxt hadisə olmaya-olmaya (çal-çəpərindən o yanaya yad kimi baxanlarımızdan fərqli olaraq), yasa batır. “Nə var-nə var” - həmin günlər rus və ermənilər işğal edib xarabazarlığa çevirdikləri Qarsda onun türk arkadaşlarını qılıncdan keçiribmişlər!.. 
   Xatirələrə görə, “1900-cü illərin sonlarında sənət məktəbində oxuyan Əhməd Cavadın gözaltısı vardı. Ona xəlvəti şeirlər yazır, ancaq utandığından nə ünvanına çatdıra, nə də kiməsə oxuya bilirdi. Çox həyalı oğlan idi. Bir gün sevincək gəldi ki, ay Paşa, xeyir iş var, mütləq gəl. Əlbəttə, getdim və hələ çoxlarının tanımadığı bu gözəl şairin toyunda yığcam bir sağlıq da söylədim. Dedim ki, bu oğlanı yadda saxlayın; tezliklə onunla fəxr edəcəksiniz...”
   “Cavad Batumda tanış olduğu acar türkü Süleyman bəyin Şükriyyə adlı qızına aşiq olmuşdu. Qız da onu bərk sevirdi. 
   Mətləbi açmağa ürək eləməyən Əhməd bunu yaxın dostu Əli Səbridən xahiş edir. Dostunun elçiliyini edən Ə.Səbri Süleyman bəydən soruşur: “- Cavad əfəndi nasıl biridi? - İyi, iyi! Gözəl şeirlər də yazıyor”. Bu cavabdan ürəklənən elçi məsələni açır, lakin Ə.Cavadın şiə olduğunu biləndə “mən qızılbaşa qız verməm” deyib-durur. Şükriyyə isə: 
   “Novruz ərəfəsi səhər-səhər bulağa təzəcə çatmışdım ki, Əhməd yanımda peyda oldu. “Mənimlə gedərsənmi?” sualından diksindim. Dedim, bir azdan atam yığıncağa gedəcək... Günortaya yaxın gəldim. O, çox həyəcanlı idi. Ayrı-ayrılıqda gedib çıxdıq şəhər kənarına. Faytonda yan-yana oturduq və birdən “deməli, mən bu doğma şəhərimi ömrüm boyu görməyəcəm” fikrilə məni dəli bir ağlamaq tutdu. 
   Gəncədə toyumuz oldu və Əhmədin ata yurdu Seyfəliyə yollandıq. Bizi görməyə gələnlər çəkilib gedəndən sonra Əhməd dedi, Şükrü, bunlar mənim qohum-əqrəbam, dost-tanışlarımdır. Xahiş edirəm, onlara hörmətlə yanaş. Ayaqqabıları palçıqlı bu adamların ürəkləri gül kimidir. Qoy bizim evin qapıları onların üzünə həmişə açıq olsun, uşaqlarını məktəbə, universitetə hazırlaşdıraq... 
   Mən Əhmədin sözlərini qulaqlarıma sırğa elədim. ...Hər ikimizin həbsindən sonra həmin adamlar neçə-neçə uşaq evi gəzərək, bizim övladlarımızı tapmış, ölüb-itməyə qoymamış, körpə Yılmazımıza ata-ana olmuşlar. Yaxşılıq yerdə qalmır...”
   Şairin üçüncü həbsində bu xanımı çağırtdırıb deyirlər, “Ərizə yaz, ərindən imtina et və boşan. Əks təqdirdə...” 
   Onun cavabı: “Mən ata-anamdan Əhməd Cavada görə imtina etmişəm, indi deyirsiniz özümə görə ondan imtina edim? Mənim imtina məktubum sizin vuracağınız güllələrdən daha ağır olar Əhmədə...”
   Və bu şairin “yaddaş” saxlanclı bir şeirinin -
   
   Macərası...
   
   Repressiyaların çağlar çağında şair, vaxtilə Kənd Təsərrüfatı İnstitutunda birgə işlədiyi müəllimlə Gəncə şəhər bağında gəzişirkən (1936) ondan bir xahiş edir: “İndi sənə bir şeir verəcəm, əzbərlədikdən sonra cırıb atarsan”. Müəllim bu məlul-“məchul” vəsiyyətə əməl edir. 1937-də Əhməd Cavadı tuturlar. Uzun ömür yaşayan müəllim 1988-ci ildə (özünün və... sovetlərin ölüm ayağında) oğlunu yanına çağırır və həmin şeiri əzbərləyib yaddaşında saxlamağı tapşırır. Və Fazil Məmmədov adlı o oğulun ovaxtadək hərdən bəzi məclislərdə dilə də gətirdiyi, 1991-də “Gəncəbasar” qəzetində çap etdirdiyi həmin “Susmaram!!!” şeirindən misralar: 
   
   Mən bir qulam, yük altında
                          əzilmişəm, qardaşım,
   Sevinc bilməz bir məhkumam,
                          ahu-zardır sirdaşım...
   Mənə “dinmə, sus!” - deyirsən,
                        nə vaxtacan susacam?
   Böhranların, hicranların
                        məhbəsində qalacam?!
   
   Süd verirkən doğma anam
                        belə demişdir mənə:
   Səni qurban bəsləyirəm
                       Türk yurduna - Vətənə!
   
   Azərbaycan Daxili İşlər Komissarlığının müstəntiqi Klimençiç onun həbs olunması üçün H.Zeynallı, İ.Eminbəyli, B.Çobanzadə, Ə.Qubaydullin və (işgəncələrlə inlədilən yazıçı Böyükağa Talıblıdan başqa) bir çoxlarının “könüllü ifadə”lərilə “zənginləşdirib” şöbə rəisi Çinmana təsdiqə göndərdiyi arayışda yazırdı: “Axundzadə Əhməd Cavad 1918-1920-ci ilə qədər “Müsavat”ın üzvü olmuş və həmin partiya rəhbərlərindən M.Məmmədzadənin xaricə qaçırılmasında xüsusi fəallıq göstərmişdir.” 
   Həmin Mirzəbala Məmmədzadə sərhəddə ona: “Cavad, başqa yolumuz yoxdur; sən də ailə-uşağını götür, gəl Türkiyəyə” dedikdə, bu şair belə bir milli ağrılı ağı deyib: “Mirzəbala bəy, sən get, mən gedim, bəs bu binəva Azərbaycanı kimə tapşıraq?..”
   Və tarixi epizodlardan: Azərbaycan Yazıçılar İttifaqı rəhbərlərindən bir qrupu şairin “Göygöl” əsərinə “əksinqilabi” damğası vurduqdan sonra müəllif həbsxanaya, həmin şeirin tərcümə variantı isə Moskvaya göndərilir, paytaxt mütəxəssislərindən “yüksək səviyyəli poeziya nümunəsi” rəyi gəldikdən sonra azad edilir. 
   Hökm və xüsusi məqsədlə çağırılmış növbəti plenumda Seyfulla Şamilov məruzə üçün sözü (sonralar özü də repressiya qurbanı olası) şair Ağahüseyn Rəsulzadəyə verir: “Ə.Cavad kimi bir kontrrevolyusenerin Yazıçılar İttifaqına qəbul olunması bilavasitə R.Axundovun göstərişi və təhriki ilə olmuşdur. O, bununla “Əhməd Cavad avtoriteti” yaratmış oldu!” 
   Sonra söz S.Vurğuna verilir: “...Sənin üçün hər bir şərait yaradıldı, səni böylə bir mötəbər təşkilatın üzvü etdik. Bu vaxta qədər yoldaşlar sistematik olaraq sənin nöqsanını göstərdilər. Fəqət sən fikrini dəyişmək istəmədin və biz 17 ildən sonra məcburuq ki, sənə son sözümüzü deyək”. 
   Ə.Cavad çıxışında S.Şamilovu vicdana, haqqa dəvət etsə də, plenum iştirakçıları gözləri qarşısındakı bu canlı haqq-vicdanın taleyini bitirəsi qərar qəbul edir, ardınca, adları heç bir protokola düşməyən bir siyasi “mavr” tərəfindən hansısa bir restorana dəvət olunurlar... 
   Və daha bir qranit Vətəndaş Daş 17 il əvvəl uçurulmuş müqəddəs Milli Cümhuriyyət sarayımızın “xərabəliklərindən” beləcə düşürülür... 
   
   Nə qədər ki hakimlik var,
    məhkumluq var - mən varam!
   Zülmə qarşı üsyankaram,
    əzilsəm də, Susmaram!!!
   
   Uzun illər könlündən bu sayaq poetik üsyanlar püskürmüş belə bir şairin sonu, əlbəttə, -
   
   Dövrün “siyasi lava”sı...
   
   Dövrün “boyuna biçilmiş” ənənəvi “təsvirat”la desək, gecənin müdhiş qaranlığı. İçərişəhərin dar küçələrilə hərəkət edən “M-1” Böyük Qala döngəsinin qarşısında dayanır. Maşından düşənlər qarşılarındakı evin qapısını döyür və içəridən eşitdikləri “kimsən” sorğusuna cavab vermədən, yenidən taqqıldadırlar. Ev sahibi qapını açır və qarşısında meşin plaş geyinmiş iki iri cüssəli adam görür.
   “- Axundzadə sizsiniz? 
   - Hə.
   - Bizimlə getməlisiniz!..” 
   Həmin gecədən bir neçə ay sonra Şükriyyə xanım “xalq düşməni”nin həyat yoldaşı kimi həbs edilir. Oğlanları Aydın, Tukay və Yılmaz uşaq evlərinə, sonralarsa müxtəlif əmək koloniyalarına göndərilir. 
   Ömrü uzunu milli oyanış, ümumtürk birliyinə çağırış duyğuları ilə yaşamış bu böyük ziyalı Quba Xalq Maarif Şöbəsinin müdiri, Gəncə Kənd Təsərrüfatı İnstitutunun professoru, kafedra müdiri, Azərbaycan Dövlət Nəşriyyatında redaktor, “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri olub. 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet-jurnallarda çıxışlar edib. “Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm!” deyib. 
   Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyətdən çox ciddi narahatlıq keçirən, Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına qatılan, türk arkadaşları ilə Balkan hərbində iştirak edən, I Dünya müharibəsində ermənilərə qarşı vuruşan, 1918-də müstəqil Cümhuriyyətimizlə nəticələnən milli Azadlıq naminə gecə-gündüz çalışmalar yapan bu şairin yaradıcılığının kəmiyyətindən çox, keyfiyyətindən danışılmalıdır. 1916-cı ildə “Qoşma” adlı ilk kitabı Bakıda, “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda çap olunub. 
   Bu nəğməkarın milli tariximiz, mənəvi dünyamızla ilgili toxunmadığı bir motiv, nüans çox az. “Olsun bizim bütün ellər Qurban Türkün bayrağına!” deyib qurban getmiş bu şərəfli qələm əhli elə təkcə həmin can atributumuza dair 6 nəğmə yazıb! Hələ onun 1920-nin aprel işğalında Parlament binası üzərində bolşeviklərin güllələrlə dəlmə-deşik etdiyi üçrəngli bayrağımızı çox üzücü yollarla əldə edərək (və 70-ci illərdə eşitdiyim bir xatirəyə görə, qətlə çağırılacağına bir həftə qalmış yaş dolu gözlərinə və dodaqlarına tutub öpərək) çox məxfi bir ünvanda qoruyub-saxlaması...
   Bu Turan fədaisinin 1914-də yazdığı “Çırpınırdın, Qara dəniz” şeiri, həm də onun bu fədailiyinə qürur və şərəf sədalı -
   
   Əbədi bir təziyə! 
   
   O, M.Müsfiq, H.Cavid və V.Xuluflu ilə eyni vaxtda (4 iyun 1937) həbsə alınıb, oktyabrın 12-də başlayan məhkəməsi cəmi 15 dəqiqə çəkib. Elə həmin gecə işgəncələrlə qətlə yetirilsə də, sənədlərə “güllələnmiş” tövsifi ilə düşüb. Bunu xalq cəlladlarımızın yerli başçısı, “Sovet hakimiyyətinə bu qədər sədaqətlə xidmətdən sonra belə bir ittihama məruz (?!)” qalan Mircəfər Bağırov da öz məhkəməsində “üç dəfə həbs olunmuş Ə.Cavad güllədən yox, işgəncə dözülməzliklərindən öldü” deyə etiraf edib...
   Zirzəmi “ağa”ları içərisindəki “satqın”ların sonralar deməyə bilmədikləri “çöl-bayır” xatirələrindən: “Əhməd orada bədahətən söylədiyi şeirlərində deyirdi ki, dindirilənlərdən öz kameralarına öz ayağıyla dönən olmur. Hər dəfə nəzarətçinin “Müstəntiq çağırır, qalx!” əmrini eşidərkən özünü ələ almaq üçün yüz fəhlə enerjisi işlədirmiş. Müstəntiq Qvozdyevi ən çox heyrətləndirən də məhz onun toxtaqlığı olurmuş. O, “Sənə bu sualı qüdrətli Sovet hökuməti verir!”, “Danış, müttəhim əksinqilabçı!”, “Məhəmmədəmin Rəsulzadə!” sözlərini dəfələrlə təkrar etsə də, “Mən heç nə bilmirəm!”, “Azərbaycan Milli Mərkəzinin üzvlərindən kimsəni tanımıram!” sözlərindən başqa heç nə eşitmirmiş. Müstəntiqin gözlərində “Bacardıqca əzişdirmək, qürurunu sındırmaq, ölümə də meydan oxuduğuna görə, diriliyinin bütün intiqamını almaq!”, Cavadın xəyalında isə ruhən azad olduğu illərə uzanan yol...” 
   
   Tahir Abbaslı