Tarixdən səhifələr... 
   
   Seçmələr mətnlərin orijinallığı (yazı üslubu, orfoqrafiyası) saxlanılmaqla təqdim edilir. Dövrün mətbu nümunələrinin əldə olunmasında göstərilən köməyə görə Azərbaycan Milli Kitabxanasına təşəkkür edirik.
   

   60 il əvvəl...
      
   Kitabxanada sərgi
   
   V.İ. Lenin adına mərkəzi şəhər kitabxanasında yazıçı Mir Cəlalın 50 illiyinə həsr olunmuş sərgi təşkil edilmişdir. Sərgidə yazıçının “Bir gəncin manifesti”, “Yolumuz hayanadır”, “Təzə şəhər” romanları, “Həyat hekayəsi”, “Yaşıdlarım”, “Vətən”, “İki rəssam” və başqa əsərləri qoyulmuşdur. Kitabxanada həmçinin Mir Cəlalın son vaxtlar qəzetlərdə dərc olunmuş hekayələrindən və yazıçı haqqında başqa materiallardan ibarət vitrin düzəldilmişdir.
   
   “Bakı” axşam qəzeti, 25 aprel 1958-ci il
   
   
   45 il əvvəl...
   
   “Ən böyük nəğməniz beynəlmiləldir”
   
   Bu günlərdə Azərbaycan Yazıçılar İttifaqı ilk partiya təşkilatının açıq iclası olmuşdur. “Sovet Sosialist Respublikaları İttifaqının əlli illiyi haqqında” L.İ.Brejnev yoldaşın məruzəsi və zəhmətkeşlərin beynəlmiləl tərbiyəsində yazıçıların vəzifələri mövzusunda Süleyman Rüstəm məruzə etmişdir.
   Məruzədən sonra “Ulduz” jurnalının redaktoru Akif Hüseynov, “Literaturnı Azərbaycan” jurnalının redaktoru İvan Tretyakov, Vaqif Musa, Məmməd Araz, Məmməd Rahim, Yazıçılar İttifaqının birinci katibi Mirzə İbrahimov, ilk partiya təşkilatının katibi Nəriman Həsənzadə yoldaşlar çıxış etmişlər...
   İclasda xüsusilə qeyd edilmişdir ki, bu sahədə bizim qədim və zəngin ənənəmiz vardır. Nizamidən tutmuş bu günkü söz ustalarımıza qədər bütün nəsillərdən olan yazıçılarımız öz əsərlərində xalqlar dostluğundan, beynəlmiləlçilikdən ürəklə danışmağı, başqa xalqların mədəniyyətinə, ədəbiyyatına hörmətlə yanaşmağı zəruri saymışlar...
   Qərbin burjua ideoloqları adamları tərkdünyalığa, idealsızlığa çağırdıqları bir zamanda biz sovet adamlarını daha coşqun bir həvəslə yaşayıb-yaratmağa ruhlandırmalı, öz gündəlik fəaliyyətimizi, ilhamlarımızı xalqlar dostluğunun tarixi nailiyyətlərinin tərənnümünə verməliyik.
   
   “Ədəbiyyat və incəsənət” qəzeti, 5 may 1973
   
   Hazırladı: Lalə