Əlimdə həmişə oxuduğum şeir kitablarından fərqli olan bir kitab- «Divan» tutmuşam. Yəqin fikriniz keçmişə, xeyli uzaqlara getdi. Amma bu bizim günlərdə yazılmış bir «Divan»dır. Bu kitabı ortaya qoyan isə istedadlı şairə Gülarə Munisdir. Çoxdandı qəzəl oxumurdum, sağ olsun Gülarə xanımı. Amma deyir, zər qədrini zərgər bilər. Kitaba yazdığı ön sözündə Gülarə Munisin «Divan»ını ustad şair, professor Şahin Fazil yaxşı dəyərləndirir. Bu nəşr həm də ona görə dəyərlidir ki, on səkkizinci əsrin sonlarında və on doqquzuncu yüzilliyin 60-cı illərinədək ömür sürmüş Heyran xanımdan sonra ustadın söylədiyi kimi, mükəmməl «Divan»ı məhz Gülarə Munis ərsəyə gətirib. Fərq ondadır ki, Heyran xanımın «Divan»ı fars, Gülarə xanımın yazdıqları isə doğma dilimizdədir. Neçə onillikdir ki, doğma dilin saflığı uğrunda mübarizə aparan Şahin müəllim kitaba yazdığı ön sözündə həmçinin inadkar, qəliz dilli qəzəlxanlarımızdan şikayətini də dilə gətirərək Gülarə xanımı həm də buna görə alqışlayır. Kitabı vərəqlədikcə müəllifin hiss və həyəcanlarını, yəni «Divan» bağlamağın elə də asan iş olmadığını anlayırsan. Qəlbində Yaradanın eşqi taxt quran bu bəxtəvər xanım əlində qələm Allaha üzünü tutur və ondan kömək istəyir.
  
   Ey Yaradan, yazdığımı əfv elə,
   Yalvarıram! Göz yaşım dönmüş selə,
   Əfv elə, Sən sözdəki nöqsanımı
   Vəsf elədim şövqilə Sübhanımı .
   Cəm elədim əqlimi, ilhamımı,
   Aydın elə sübhümü-axşamımı.
   Söz qalasın fəth eləyim, ol kömək ,
   Kəlmələrim nitqdə açsın çiçək.
   

   G.Munisin yaradıcılığı bar verən ağaca bənzəyir. Ancaq onun yazdıqları yalnız bir forma ilə məhdudlaşmır. Elə əlimizdəki «Divan»da da onun sərbəst və heca vəznində yazdığı şeirləri, yozumları, maraqlı deyimləri də yer alıb.   

M.RƏŞİD