Mayın 7-də Azərbaycan Teatr Xadimləri İttifaqında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azərpaşa Nemətov ulu öndər Heydər Əliyevin Azərbaycan milli mədəniyyətinə, mədəniyyət xadimlərinə, xüsusilə də teatr insanlarına qayğısından danışdı. Heydər Əliyevin “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” sözlərini xatırladan natiq qeyd etdi ki, ümummilli lider ölkəmizə rəhbərliyi dövründə Azərbaycan mədəniyyətinin dünyada daha geniş tanınması üçün böyük xidmətlər göstərib. Bildirdi ki, təkcə teatrı deyil, ümumiyyətlə, incəsənəti gözəl bilən ümummilli lider çağdaş teatr prosesi ilə maraqlanır, baxdığı tamaşaları bir teatr bilicisi kimi obyektiv təhlil və tənqid edirdi.
Xalq Cümhuriyyətinin 100 illik yubileyindən söz açan yaradıcı qurumun sədri milli teatra ilk dəfə məhz Cümhuriyyət dövründə dövlət statusu verilməsini diqqətə çatdırdı.
Sonra isə söz məruzəçilərə verildi.
AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudov məruzəsində Heydər Əliyevin Azərbaycan tarixinin araşdırılması istiqamətində verdiyi tövsiyələri, onun çağdaş tarixin yenidən, məhz müstəqillik prinsiplərindən çıxış edərək yazılmasında rolundan danışdı. Heydər Əliyevi siyasi xadim kimi öz ölkəsinin tarixində müstəsna rol oynamış Corc Vaşinqton, Mustafa Kamal Atatürk, Şarl de Qoll, Cəvahirləl Nehru kimi dünya miqyaslı lider və dövlət qurucuları ilə müqayisə edən tarixçi alim xalqına müstəqil dövlət bəxş edən ulu öndərin şəxsiyyətinin geniş kütləyə məlum olmayan xüsusiyyətlərindən söz açdı. Akademik sonda sənət adamları qarşısında çıxış etmək barədə dəvətə görə Teatr Xadimləri İttifaqına təşəkkürünü bildirdi və Azərbaycan tarixinə, ümummilli lider Heydər Əliyev və onun sadiq davamçısı, ölkə başçısı İlham Əliyev haqqında nəşrləri yaradıcı qurumun kitabxanasına bağışladı.
Millət vəkili, yazıçı-publisist Elmira Axundova 1990-cı ildə Naxçıvanda Heydər Əliyev ilə ilk görüşünü və sonralar dəfələrlə görüşlərdə, rəsmi səfərlərdə ümummilli liderlə söhbətlərinin, müşahidələrinin təəssüratını konfrans iştirakçıları ilə bölüşdü.
Milli Məclisin üzvü, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev isə öz məruzəsində sənət adamlarının nisbətən az məlumatlı olduğu iqtisadi sahədə ulu öndərin həyata keçirdiyi islahatları, müstəqil Azərbaycanın iqtisadiyyatını necə dirçəltdiyi barədə maraqlı faktları diqqətə çatdırdı.
Konfransın sonunda Azərpaşa Nemətov qonaqlara və konfrans iştirakçılarına təşəkkür edərək, millət vəkilləri, alimlərlə belə görüşlərin teatr insanları üçün maraqlı və faydalı olduğunu söylədi. O, Azərbaycan teatr ictimaiyyətinin bundan sonra da milli müstəqilliyimizin əbədiliyi naminə Cümhuriyyət ideallarına və ulu öndərin tövsiyələrinə sadiq qalacağını bildirdi.
G.Mirməmməd