Cümhuriyyət dövründə səhnəyə qoyulan beş pyesin taleyi barədə qeydlər 
   
   Çox zaman qələm əhli “gün var, min aya dəyər” misrasını məşhur bayatıdan ayırıb ən müxtəlif yazılara başlıq qoyur, ona müxtəlif məna donu geyindirir. Nə hikmətdirsə, həmin “libaslar” bu misraya yaraşır da... Ömrü 23 ay olmuş Azərbaycan Xalq Cümhuriyyətindən söz düşəndə isə bu çoxmənalı kəlam daha böyük anlam kəsb edir. Əgər belə olmasaydı, Şərqin ilk demokratik respublikasının tarixindən yazmağa, çözələməyə bu qədər mövzu tapılmazdı... 
   Cümhuriyyət dövrünün teatr mənzərəsinə həsr etdiyimiz “Yaşam mücadiləsindən dövlət teatrınadək” yazımızda məlum dövrün ümumi teatr mənzərəsini cızmağa çalışmışdıq. Budəfəki qeydlərimiz isə məhz Cümhuriyyət zamanında ilk dəfə səhnəyə çıxan vətənpərvərlik ruhlu, dövrün hadisələrini isti-isti səhnəyə gətirən əsərlər barədədir. 
   
   İtirilmiş “Azərbay - Can”...
   
   1919-cu ilin payızındakı rəsmi açılışından əvvəl də Azərbaycan Hökumət Teatrı (digər adı Türk Dövlət Teatrı) daha çox azərbaycançılıq, türkçülük ideyalarını əks etdirən, müasir Azərbaycan və Türkiyə tarixindən bəhs edən əsərlərə meyil böyük idi. Həmin il oktyabrın 24-də İsa bəy Aşurbəyovun “Azərbay və Can” tamaşası oynanılır. “Azərbay və Can” hələ yanvar ayından teatrın repertuarında idi. Nə barədə idi bu tamaşa? Təəssüf ki, tamaşa, əsər barədə onun tarixi mövzuda yazıldığına dair qeyddən savayı elə bir məlumat yoxdur. Sovet repressiya maşınının hürküsündən hətta həmin tamaşada oynamış aktyorların həyat və yaradıcılığına dair irili-xırdalı tədqiqatlarda, onların özlərinin xatirələrində bu əsər barədə heç nə deyilmir. Bütün bu məchulluq pərdəsi hətta müxtəlif mənbələrdə əsərin adının bir neçə cür yazılmasına rəvac verib. 
   Professor İlham Rəhimli “Azərbaycan teatrı haqqında yanlış bildiyimiz 4 fakt” məqaləsində bu məsələyə aydınlıq gətirərək yazır: “Bəzi tədqiqatçılar əsərin adını “Azər - Baycan”, “Azər - bay - can” kimi təqdim edirlər. Yanlışdır. Bu, iki obrazdır. Azərbay rolunu Yeva Olenskaya, Aleksandra Olenskaya, Panfiliya Tanailidi, Can obrazını isə Xəlil Hüseynov və Həsən Səbri ifa edirdilər. Tamaşada həmçinin Kazım Ziya (Nikolay), Hüseynqulu Sarabski (Ulubəy), Abbas Mirzə Şərifzadə (Osman Nuri), Sidqi Ruhulla (Osman bəy), Rza Darablı (Çərkəz bəy) iştirak edirdilər”. 
   
   Tale ortağı: “Bakı müharibəsi” və “Bakı uğrunda mübarizə”
   
   Nə qədər acı olsa da, Cəfər Cabbarlının “Bakı müharibəsi” və Mirzəbala Məmmədzadənin “Bakı uğrunda mübarizə” pyesləri də “Azərbay və Can”la eyni taleyi yaşayıblar. 
    
   13 sentyabr 1919-cu il tarixli “Bəsirət” qəzetində belə bir bildiriş dərc olunur: “Azərbaycan Dövlət Teatrosunda zilhiccənin 20-si, sentyabrın 16-da Bakı türk səhnəsi aktyorlarının iştirakı ilə, artist Abbas Mirzə Şərifzadənin təhti-idarəsində (quruluşunda - müəl.) Azərbaycanımızın paytaxtı Bakı şəhərində mart hadiseyi-ələmiyyəsindən sonra düşmənlər əlində qalıb, sonradan qəhrəman türk ordusu tərəfindən mühasirə edilib xilas olmasının birilliyi münasibətilə gənc şair və mühərrirlərimizdən Cəfər Cabbarzadənin yeni yazmış olduğu “Bakı müharibəsi” draması mövqeyi-tamaşaya qoyulacaqdır”. Qəzet sonra məlumat verir ki, faciə əsərində Bakı şəhərində mart hadisələri zamanı müsəlmanlara edilən zülm göstəriləcək, Nuru paşa, Mürsəl paşa, Məhəmməd Tofiq bəy kimi gerçək qəhrəmanların səhnəyə çıxarıldığı tamaşada Nuru paşanın cəbhədə olması və Bakıya hücum planı təsvir ediləcək. “Bakı müharibəsi” barədə bildiyimiz bu qədər. 
   Əslində Cəfər Cabbarlının yaradıcılığının erkən dövrünə aid digər pyeslərindən xəbərdarlığımız “Bakı müharibəsi”nin hansı dramaturji məziyyətlərə sahib olması barədə fərziyyələr irəli sürməyə imkan verir. 
   Təəssüf ki, Mirzəbala Məmmədzadənin “Bakı uğrunda mübarizə” pyesi barədə hər hansı fikir yürütmək imkanımız yoxdur. Səbəb elə adlarını çəkdiyimiz pyeslər kimi “qeybə çəkilməsi”dir. Hərçənd, məntiqli düşüncəsi, iti qələmi olan bir publisistin, həm də ara-sıra teatr barədə tənqidi fikirlərini çəkinmədən mətbuatda yazan M.Məmmədzadənin pyesinin, heç olmasa, mətni ilə tanışlıq təkcə tarixilik baxımından deyil, həm də yaradıcı araşdırma baxımından maraqlı olardı. Üstəlik, ən azından şərəfli tarixi dövrdə isti-isti yazılmış əsərlə, onun səhnə təcəssümü ilə tanışlıq bir fakt olaraq maraqlıdır. Hələ ki, “Bakı uğrunda mübarizə” barəsində bildiklərimiz bu qədərdir: “Türklərin Bakını azad etməsinə həsr edilmiş dram əsərinin tamaşaya qoyulmasının proqramı (17 sentyabr 1918-ci il)... Mirzəbala Məmmədzadənin yazmış olduğu “Bakı uğrunda mübarizə”, 7 pərdədə. İştirak edən şəxslər: Sadiq - Xəlil Hüseynov, Birinci qadın - xanım Lizina, İkinci qadın - xanım Qəmər (yəqin ki, aktrisa Qəmər Topuriya nəzərdə tutulur - müəl.)”. 
   Təbii ki, yüz il öncə yazılmış əsərə XXI əsrin dramaturji savadı və tələbləri ilə yanaşmaq o qədər də düzgün deyil. Hərçənd istisnalar həmişə var... 
   
   Bəxti gətirən “Ədirnə fəthi” və “Ulduz”
   
   Cümhuriyyət dövründə tamaşaya qoyulmuş digər iki pyes isə gənc Cəfər Cabbarlının 1917-ci ildə yazdığı “Ulduz və ya Trablis müharibəsi”, bir də “Ədirnə fəthi” pyesləridir. Obraz və mövzu yaxınlığına baxanda “Ədirnə fəthi” pyesi “Ulduz və ya Trablis müharibəsi”nin davamı hesab edilə bilər. Qardaş Türkiyənin yaxın dövr tarixinin İtaliya-Türkiyə savaşından, Balkan müharibəsindən bəhs edən bu pyeslər sovetləşmənin ilk illərində “pantürkist”, “panislamist” damğası vurularaq səhnədən çıxarıldı. Lakin hər iki pyesin bəxti Cəfər Cabbarlının itkin “Bakı müharibəsi” (1919) və “Araz çayı” (1923) mənzum pyeslərindən daha çox gətirir. 
   1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Cəfər Cabbarlının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı xüsusi fərman imzalayır. Nazirlər Kabinetinin həmin fərmandan irəli gələn qərarı ilə təsdiq edilmiş tədbirlər planında görkəmli dramaturqun yaradıcılığının ilk mərhələsinə aid əsərlərin səhnəyə qoyulması ayrıca bənd ilə qeyd edilir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məlum qərarın bu bəndinə xüsusi həssaslıqla yanaşılır və C.Cabbarlının məşhur “Solğun çiçəklər” və “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” kimi əbədi mövzulardan bəhs edən ilk pyeslərinə yox, “damğalanmış” və unudulmuş “Ulduz və ya Trablis müharibəsi”, “Ədirnə fəthi” pyesləri seçilir. 
   Həmin illəri Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov ilə birlikdə xatırlayırıq: 
   - Belə qərara alınmışdı ki, “Ulduz və ya Trablis müharibəsi”, “Ədirnə fəthi” pyesləri bir-birinin məntiqi davamı olduğundan birləşdirilsin. 2000-ci ildə bu tamaşanın səhnə həlli mənə, pyeslərin səhnə redaksiyası yazıçı-tərcüməçi Dilsuza tapşırıldı. Biz Cəfər Cabbarlının erkən yaşda yazdığı pyeslərinin əsasında “Ulduz, yaxud Ədirnə fəthi” tamaşasını hazırladıq. Əsər bir neçə il teatrın repertuarından düşmədi. Xalq artistləri Kamal Xudaverdiyev, Bürcəli Əsgərov, Əliabbas Qədirov, Nurəddin Mehdixanlı, əməkdar artistlər Sənubər İsgəndərova, Mətanət Atakişiyeva və b. tamaşada çıxış edirdilər. Tamaşanın rəssamı İsmayıl Məmmədov, bəstəkarı Oqtay Kazımi idi. 
   Bu tamaşa o vaxt böyük əks-səda doğurdu. Əvvələn, geniş oxucu və tamaşaçı kütləsi Cəfər Cabbarlının erkən yaşda yazdığı “Solğun çiçəklər”, “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” pyesləri ilə yaxşı tanış idi. Lakin onun çox gənc yaşında “Ədirnə fəthi”, “Trablis müharibəsi” kimi çağdaş tarixi mövzuda mükəmməl əsərlər yazdığı çoxuna məlum olmadığından, yeni tamaşa böyük maraqla qarşılandı. Biz tamaşada əsas məqsəd olaraq dövlətçilik xəttini seçmişdik. Yeni qurulan dövlətin müstəqillik dövründə apardığı mücadilənin fonunda qəhrəmanlar arasında fikir ayrılığı olsa da, hər bir personaj vahid vətən uğrunda birləşməyə hazır olan insanlar idi. C.Cabbarlının bütün əsərlərində olduğu kimi, bu pyesdə də məhəbbət xətti var idi və o, daima ön planda idi. Əlbəttə, pyesdə Ulduz deyəndə vətən, vətən deyiləndə Ulduz nəzərdə tutulurdu. Ulduz tamaşada təkcə məhəbbətin deyil, həm də Vətənin rəmzidir. 
   * * *
   Bu gün Azərbaycanın ən müxtəlif teatrlarının qastrol, festival coğrafiyası yetərincə genişdir. O cümlədən Türkiyədə Azərbaycan teatrlarının tamaşalarını sevə-sevə seyr edirlər. 18-20 il əvvəl belə geniş imkanlar yox idi. Ona görə də “Ulduz, yaxud Ədirnə fəthi” tamaşasını, Cəfər Cabbarlının Nuru paşa obrazını ilk dəfə dramaturgiyaya gətirdiyi bu əsərini Türkiyədə nümayiş etdirə bilmədik. Lakin həmin illərdə Bakıda yaşayıb çalışan Türkiyə türkləri tamaşanı maraqla qarşılamışdılar... 
   Xüsusilə də tamaşada Ənvər paşanın dilindən səslənən bu fikirlər salonu alqışlardan titrədirdi: “Ey qəhrəman türklərin igid balaları! Siz şanlı türk övladları olduğunuzu heç hərbə girmədən bu qədər böyük məsafəni üç günə gəlirkən, sübut etdiniz! Qardaşlar, biz Ədirnəyə kimsəni əzməyə gəlmədik, biz kimsəyə hücum etmək, kimsəni tapdamaq istəmədik və kəndimizin də tapdanmasına yol vermərik. Bunu görməkdənsə, ölümümüzü görmək istərik. Ey Şərq günəşinin hərarətli qoynunda bəslənən azad Asiyanın istiqanlı, igid balaları... Qarışqalar kimi ayaqlar altında tapdanmağa da həyatmı deyirik? Türk olduğunu anlayan hər kəs bunu qəbul etməz!” 
   * * *
   Həmin illərdə Cəlil Məmmədquluzadə “Anamın kitabı” pyesini, Hüseyn Cavid isə “İblis” faciəsini yazır. Bu əsərlər Cümhuriyyət dövrü hadisələrini əks etdirməsə də, hər halda xalqından, ölkəsindən ötrü qəlbi yanan Vətəndaş dramaturqların hiss etdiyi anlanmaq güvəni, müəlliflərin uzaqgörən, geniş düşüncəsinin məhsulu, ədib və sənətkar mövqeyinin səhnəyə çıxan təzahürü idi. Hər iki dram əsəri səhnəyə yalnız 1920-ci ildə, Cümhuriyyətin süqutundan sonra çıxdı. Və bu fakt həmin əsərlərin, xüsusilə də “Anamın kitabı”nın səhnə yozumuna indiyədək davam edən müəyyən qədər yanlış təsirsiz ötüşmədi. 
   
   Gülcahan Mirməmməd