1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyəyə qastrol səfərinə gedib.
   Teatr şair-dramaturq İftixar Piriyevin “Soyqırımı tarixinin dastanı” tamaşasını Trabzon və Sakarya şəhərlərindən sonra İstanbulda teatrsevərlərə təqdim edib. Səhnə əsəri erməni quldurlarının XX əsrin əvvəlində Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını əks etdirir.
   Tamaşadan əvvəl “Anadolu” Aydınlar Ocağının sədri, professor İbrahim Öztək ermənilərin zaman-zaman türk-müsəlman əhaliyə qarşı törətdikləri qırğınlar haqqında danışıb.
   “Soyqırımı tarixinin dastanı”nın növbəti nümayişi İzmirdə gerçəkləşib. Bu şəhərdə tamaşa İzmirdəki Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyinin dəstəyi ilə təqdim edilib. Tamaşanı izləyənlər arasında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, İzmir şəhərinin rəhbər şəxsləri olublar.
   İrəvan Dövlət Azərbaycan Dram Teatrının Türkiyəyə qastrol səfəri proqramına Çanaqqala, İnegöl və Ankara şəhərləri də daxildir.
   Qeyd edək ki, qastrol türkiyəli professor İbrahim Öztəkin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan-Türkiyə mədəniyyət və sənətdə DEV qardaşlıq və candaşlıq” layihəsi çərçivəsində həyata keçirilir.