Teatrda qazandığı uğuru kinofilmlərdə də təkrarlamağı bacarmaq sənət yanğısı və parlaq istedad sahibi olmaq deməkdir. Həyatını sənətə həsr edən, Türkmənistanda doğulub, adını Azərbaycanın teatr və kino salnaməsinə yazdıran Əməkdar artist Ətayə Əliyeva belə sənətkarlardan olub.
   Ətayə Qulam qızı Əliyeva 1920-ci ildə Aşqabad şəhərində dünyaya göz açıb. Atası onu kiçik yaşlarında teatra aparır və onda səhnə sənətinə maraq yaranır. Məktəblərində yaradılan dram dərnəyinə yazılır. Gənc Ətayənin məqsədi teatr ənənələrinə malik olan Bakıda sevdiyi sahə üzrə təhsil almaq idi. Bu niyyətlə Bakıya gəlib Teatr Texnikumunda təhsil alır. Tələbə vaxtı Azərbaycan Dövlət Akademik Dram Teatrına tamaşalara dəvət olunur. 1936-cı ildə bir qrup aktyorla İrəvandakı Azərbaycan teatrına göndərilir. On il bu teatrda çalışır, maraqlı, mürəkkəb xarakterli obrazlar yaradır. 
   Sonra Gəncə Dram Teatrına dəvət edilir. Burada yeddi il çalışır, İradə (“Göz həkimi”), Səadət (“Bahar suları”), Bənövşə (“Nişanlı qız”) kimi yaddaqalan obrazlar yaradır. 
   Ə.Əliyeva 1956-cı ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır. Klassik və müasir Azərbaycan dramaturqlarının, eləcə də tərcümə əsərlərinin tamaşalarında məharətlə çıxış edir. Pəri (“Pəri-cadu”), Sona (“Hacı Qara”), Fatmanisə (“Ölülər”), Nəzakət (“Sən həmişə mənimləsən”), Rəfiqə (“Yalan”), Məlahət (“İkinci səs”) və onlarla başqa səhnə obrazları aktrisanın yaradıcılıq nailiyyətləri hesab edilir.
   Aktrisa kinoda yaratdığı maraqlı obrazlarla da tamaşaçıların rəğbətini qazanıb. “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Onu bağışlamaq olarmı?”, “Bizim küçə”, “Dağlarda döyüş”, “Telefonçu qız”, “Uşaqlığın son gecəsi” və başqa filmlərin və televiziya tamaşalarının müvəffəqiyyətində Ətayə xanımın əməyi olub.
   Rejissor Rza Təhmasibin 1959-cu ildə ekranlaşdırdığı “Onu bağışlamaq olarmı?” filmində aktrisa iki rolda (leytenant Qarayeva və Sara xala) çıxış edir. Kinoya ilk dəfə çəkilsə də, ona həvalə olunan obrazların öhdəsindən layiqincə gəlir. 
   Kino aktrisası kimi də tanınmağa başlayan Ə.Əliyeva “Bizim küçə” filmində Bəyim xala roluna çəkilir. Müharibədə itkin düşən Sara adlı bir qızın acı taleyindən, başına gələn macəralardan və bir təsadüf nəticəsində anasına qovuşmasından bəhs olunan filmin sonunda Bəyim xala xoşbəxt görünür... 
   Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə araşdırmasında yazır ki, “Bizim küçə” filmi çəkilib qurtarsa da, Ətayə xanım narahatlıq keçirir. Fikirləşir ki, görəsən, tamaşaçılar onun oyunundan razı qalacaqlarmı? Görkəmli ədib Mehdi Hüseyn “Kommunist” qəzetində dərc olunan məqaləsində Ə.Əliyevanın yaratdığı ana surəti haqqında yazır: “Ətayə Əliyevanın ifasında ana surəti bütün filmin ən gözəl aktyor nailiyyətlərindən biri sayıla bilər”.
   Ətayə xanım bu ekran əsərini belə xatırlayır: “Balasını itirən, cəfakeş ana Bəyimi mən çox sevirdim. Filmin rejissoru Ə.Atakişiyev idi. Mənim bu rola çəkilməyimi ona Ədil İsgəndərov məsləhət görmüşdü. Allah ona rəhmət eləsin. Əlisəttar işimdən çox razı qalmışdı”.
   “Telefonçu qız” filmində Ətayə xanımın rol almağının maraqlı tarixçəsi var. Rejissor Əşrəf Quliyev dramaturq və rejissor Həsən Seyidbəylinin “Bağlı qapılar” əsərini tamaşaya hazırlayır. Ə.Əliyevaya gənc qız Zöhrə rolu tapşırılır. Aktrisa bu obrazı da müvəffəqiyyətlə oynayır. O, bu barədə xatirələrində yazır: “Günlərin bir günü Həsən Seyidbəyli mənə dedi: “Oyunun çox xoşuma gəldi. Səni “Telefonçu qız” filminə çəkəcəyəm. Qoy bu da mənim sənə hədiyyəm olsun”. Sonralar “Uşaqlığın son gecəsi”, “Dağlarda döyüş” filmlərində də çəkildim. Mən özümü kino aktrisası saymıram, amma tamaşaçının yadında qalmışamsa, demək nəsə bacarmışam”... 
   Ə.Əliyeva istedadlı sənətkar olmaqla bərabər, həm də qayğıkeş bir insan olub. Onun bu mənəvi keyfiyyətləri teatrda və kinoda yaratdığı obrazlara da sirayət edib. Buna görə də görkəmli sənətkarın qəhrəmanları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Görkəmli aktrisa 1991-ci ildə vəfat edib.
   
   Savalan Fərəcov