Bu ilin avqustunda Gürcüstanın Batumi şəhərində “Böyük İpək Yolunda ulduzunu tap” adlı ilk beynəlxalq musiqi festivalı keçiriləcək.
Musiqi yarışmasında Azərbaycanı gənc müğənni Emilya Yaqubova təmsil edəcək.
"Disconet Silk Road Star Georgia" təşkilatının nümayəndələri keçirdikləri brifinqdə bildiriblər ki, festivalda Azərbaycan, Çin, Türkiyə, Yunanıstan, Qazaxıstan, Özbəkistan, Ukrayna, bəzi Şərqi Avropa ölkələri də daxil olmaqla 14 dövlətin nümayəndəsi iştirak edəcək. Təşkilatın rəhbəri Nino Şalamberidze deyib ki, festivalda iştirakla bağlı qeydiyyat artıq başa çatıb. Festivalda 18-35 yaş arasında gənclər iştirak edəcəklər.
Avqustun 25-dən sentyabrın 1-dək davam edəcək musiqi festivalının əsas məqsədi ölkələr arasında mədəni əlaqələri inkişaf etdirmək, gənc istedadları üzə çıxarmaqdır.
İştirakçılar üç mərhələdə mübarizə aparacaqlar. Onlar əvvəlcə dünya hit mahnılarını, sonra öz ölkələrinin, sonda isə Gürcüstan mahnılarını ifa edəcəklər.
Birinci yeri qazanan gənc müğənni 10 min dollar mükafat alacaq. Festivalın digər qaliblərinə də mükafatlar veriləcək.