“Naxçıvan Folkloru Antologiyası” haqqında qeydlər
   
   Xalqımız əsrlər boyu söz sərvətini milli kimliyi kimi qoruyub, yaddaşlarda hifz edib. Ölkəmizin hər bir bölgəsinin özünəməxsus söz sərvəti də tükənməz bulaq kimi qaynayan şifahi xalq ədəbyyatımızın dərinliyindən, bitməzliyindən xəbər verir.
   
   Son illərdə Azərbaycanın ayrı-ayrı regionları haqqında sanballı və dəyərli folklor antologiyaları hazırlanıb nəşr olunur və bunlar şifahi xalq ədəbiyyatımızın üfüqlər kimi sonsuzluğunu göstərir. İlk dəfə 1968-1969-cu illərdə dəyərli folklorşünas-alim Əhliman Axundov tərəfindən hazırlanıb nəşr edilən ikicildlik “Azərbaycan Folklor Antologiyası” bu sahənin qaranquşu oldu. Müstəqillik əldə edəndən sonra isə Azərbaycan folklor antologiyaları sistemli şəkildə nəşr edilməyə başlandı. 1994-cü ildə “Azərbaycan Folkloru Antologiyası”nın birinci cildi (Naxçıvan folkloru) işıq üzü gördü. Daha sonra ayrı-ayrı illərdə AMEA-nın Folkor İnstitutu tərəfindən Şəki, Şirvan, Qarabağ, Dərbənd, Göyçə, İrəvan və s. bölgələrin folkloru üzrə 19 cildlik folklor antologiyası oxucuların ixtiyarına verildi.
   Bu yaxınlarda isə Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı rayon və kəndlərindən toplanmış folklor materialları əsasında təkmilləşmiş, yenilənmiş və zənginlənmiş “Naxçıvan Folkloru Antologiyası”nın birinci cildi çap olunub. Qeyd edək ki, 2009-cu ilin 7 fevralında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasında “Xalq yaradıcılığı günləri”nin keçirilməsi haqqında” sərəncam imzalayıb. “Naxçıvan Folklor Antologiyası”nın birinci cildinin işıq üzü görməsi də məhz həmin sərəncamdan irəli gələn vəzifələrin bir qisminin yerinə yetirilmək deməkdir.
   Yeni nəşr AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin əməkdaşları tərəfindən tərtib olunub. Naxçıvan MR Ali Məclisi sədrinin baş məsləhətçisi olduğu antologiyaya akademiklər - İsa Həbibbəyli və İsmayıl Hacıyev rəy verib. Folklorşünas alimlər, filologiya elmləri doktoru, professor Məhərrəm Cəfərli və elmlər namizədi Rafiq Babayevin tərtib etdiyi və ön söz yazdığı antologiyanın redaktoru da M.Cəfərlidir. Kitabdakı dialektoloji sözlük isə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən hazırlanıb.
   “Naxçıvanın söz xəzinəsi” adlı ön sözdə də deyildiyi kimi, antologiyada verilmiş folklor nümunələri xalqın kağızda yox, ağızda, ürəyinin başında yaratdığı Naxçıvannamədir; bu diyarın söz xəzinəsi, öz xəzinəsidir. Bu nümunələrdə “ədəbiyyat yaratmaq” missiyası yox, dünyanı qavrama, özününküləşdirmə praktikasına daxiletmə niyyəti var.
   Topluda bu qədim diyarın yaşayış məntəqələrindən folklor ekspedisiyaları zamanı toplanmış zəngin və xeyli yeni materiallara öz əksini tapıb. Ümumilikdə antologiyada 40-a yaxın folklor janrı üzrə təsnifləndirilmiş tükənməz şifahi xalq ədəbiyyatı nümunələri toplanmışdır. Belə ki, miflər, mif obrazları, inanclar, sınamalar, yasaqlar, əfsanə və rəvayətlər, mərasimlər, oyunlar, yuxuyozmalar, əfsunlar, alqış və qarğışlar, nağıllar, atalar sözü və məsəllər, lətifələr, sancmalar, tapmacalar, layla və oxşamalar, bayatı və ağılar, haxışta və gülümeylər, mahnılar, aşıq və aşıq rəvayətləri, xalq təbabəti, pirlər, ocaqlar və “Ziyad-Şövkət” dastanı antologiyanın söz yükünün ağırlığından xəbər verir.
   512 səhifəlik bu mükəmməl nəşrdə tərtibçilər hər şeyi diqqətdə saxlamış, kitabın sonunda mətnlərdəki adları da ayrıca vermişlər. Bundan əlavə, söyləyicilər və toplayıcılar haqqında da məlumatlar səliqəylə hazırlanıb kitaba daxil edilmişdir. Ən sonda isə “Naxçıvanın Folklor Xəritəsi” verilmişdir ki, buradan da materialların hansı bölgədən toplandığını açıqca öyrənmək olar.
   Qeyd edək ki, bu ilin sonuna kimi bölgədən toplanmış materiallar əsasında “Naxçıvan Folkloru Antologiyası”nın 2-ci cildinin nəşr olunması nəzərdə tutulub. Bu müddət ərzində isə bölmənin Folklorşünaslıq şöbəsi əməkdaşlarının regionlara folklor ekspedisiyaları da davam etdiriləcək, toplanmış materiallar sistemləşdiriləcək.
   Zəngin söz yaddaşımızı qoruyub gələcək nəsillərə yadigar saxlamalıyıq. Çünki bizim kimliyimiz, varlığımız, keçmişimiz, yaşayışımız bu ulu sözlərdə hələ də kodlaşdırılmış sirr kimi hifz olunub. Xalq yaradıcılığı isə elə bir xəzinədir ki, xərclədikcə artır, işlətdikcə cilalanır. Bunun üçün daim xalqımızın aqsaqqal və ağbirçəklərinin söz boxçasına üz tutmalıyıq. Çünki babalarımızın, nənələrimizin, aşağıdakı bayatıda da deyildiyi kimi, hələ çox sözləri var:
   
   Əzizim, ay əzizim,
   Dalınca qaldı gözüm.
   Yavaş get, ayaq saxla,
   Sinəmdə çoxdu sözüm.

   
   Sinədəki o sözləri dindirib dilə gətirmək, toplayıb nəşr etdirmək isə hər birimizin milli-mənəvi dəyərlərimizə hörmətimizdən irəli gələn əsas vəzifəmiz olmalıdır.
   
   Elxan Yurdoğlu,
   Naxçıvan