Daşkənddəki Botanika bağında 9 may - Xatirə və ehtiram günü qeyd edilib.
Tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, hökumətin və parlamentin üzvləri, Böyük Vətən müharibəsinin veteranları, səfirlər iştirak ediblər. Mərasimdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Prezident Şavkat Mirziyoyev faşizm üzərində qələbənin qazanılmasında Özbəkistanın rolundan danışıb. Bildirilib ki, o vaxt Özbəkistanın 6,5 milyon nəfər əhalisindən 1,5 milyonu müharibəyə gedib. Onların da 500 mini müharibədə həlak olub. Onların xatirəsi daim qəlbimizdə yaşayacaq. Özbəkistan müharibəyə müxtəlif texnika, ərzaq, paltarla da kömək edib.
Sonra Prezident veteranlarla görüşüb, onları təbrik edib.
Mərasim incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.
Daha sonra Daşkəndin mərkəzindəki “Kədərli ana” abidəsi və “Naməlum əsgər”in məzarı ziyarət olunub. Azərbaycan səfirliyi adından da abidənin önünə əklil qoyulub.