Bu “mozaik” taleyin yazanı Tanrı, “avtorejissor”u isə - adiliklərin ən maraqlısına belə qail olmayan bu “faili-muxtar”ın özü
Mehdi Məmmədov - 100
Altmış yeddi il ömürlü bu ünlü rejissor-aktyor-teatrşünas-pedaqoq-tənqidçinin sənət yaşamında yuxarıdakı rəqəmdən də çoxmiqdarlı “qeydetmələr” olub; quruluş verdiyi, ifa-iştirakçısı olduğu hansısa bir tamaşa, yaxud tənqidi məqalələrilə bağlı: “ - 100, 150, 200” və s.
Deməmək olmur ki, böyük sənət eşqli bu səhnə-ekran adamının şəxsi-həyati sevgilərilə bağlı simpatik-statistik rəqəmlər də az olmayıb; dörd rəsmi nikah, neçə-neçə “adıçıxma”, leqal ismarışlar (və s.)
“Nə etməli”;
bu qədər çoxistedad-çoxyaraşıqlılığı bu sənətkarı çoxYARlılığa da “məhkum” etməliymiş (?)...
Yazımın sonunda, bu “teatral era-adam”ın “şəxsi həyat pərdələri”ndən də bəzi “şəkil”ləri tamaşalamağa çalışacam, amma hələlik onun “rəsmi-işgüzari” -
Sənət pərdələrindən...
Haqqında oxuduqlarıma, çağdaşlarından eşitdiklərimə görə, o, elə ilk gəncliyindən öz qeyri-adi “fərd”liyilə ətraf “ümumi”yə nümunə olub. Canlı müşahidələrimə görə isə, - bütün tərzi-hərəkət, oturuş-duruş, gəliş-gediş, dinləmə-dillənmə təmrinlərilə əlahiddə bir bəndə, bütöv bir estet, orijinal bir teatral, gəzəri bir universitet...
Yuxarıdakı “təyin”i sadalamamdakı “dinləmə-dillənmə” ifadələri heç də gəlişigözəl “neologizm” cəhdi deyil; Moskva Teatr İnstitutunun tələbəsiykən, yaxşı bilmədiyi rus dilində sürəkli yazıb-oxuma ritmikası (digər versiyalara görə, atasının xəstəliyi, ya... kim bilir, bəlkə növbəti bir “nakam” sevgi əhvalatı) ilə bağlı keçirdiyi kompleksdən əsəbləri pozulur, möhlət götürüb, xəstəxanada müalicə almalı, sonralar, nitqində yanılmamaqçün hər cavabında xeyli fikirləşib danışmalı olur və bu, get-gedə vərdişə çevrilir. Aktyor dostu Mirzağa Əliyev isə onun (öz aləmində) “sənət jesti” kimi təlqin-təqdim etməyə çalışdığı bu “xarakterik” keyfiyyətini “Mehdi qədeşə salamı bu gün versən, əleyksalamı sabah alarsan” zarafatıyla daha da məşhurlaşdırır.
Sovetlərin ictimai-siyasi havalarını bütün ünvanlarda layiqincə (ən azı, “neytral-internasional”casına) oynayan bu sənətkara 1960-da Milli Dram Teatrı kimi vacib bir ideo-obyektin baş rejissorluğunu tapşırırlar. O burada anşlaq tamaşalar (“Əliqulu evlənir”, “Şadlıq sorağında”, “Alov” və s.) hazırlayır, “Kəndçi qızı”nasa elə bir teatral dirilik bəxş edir ki, əsərin müəllifi (Mirzə İbrahimov) də Lenin mükafatına layiq görülür.
Bu böyük sənətkarı canlı və ya kino-tele lentlərdə görənlər bu an onun boy-buxun böyüklüyünü də göz önünə gətirsinlər ki, növbəti cümləmin fərqinə daha dərindən vara bilsinlər.
Bəli, doğulduğu (22 may 1918) “təbii konservatorial-teatral Şuşa”dan ailəvi olaraq Bakıya köçən (1922) və 15 yaşında ikən Teatr Texnikumuna daxil olmaq istəyən Mehdini, “can-cəsəd zəifliyi” səbəbindən qəbul etmirlər. Bu çəlimsiz candakı qədərsiz sənət eşqi isə...
Yaxın gələcəkdə fəth edəcəyi, sağkən ömürlük, ruhkən əbədi sakini olacağı böyük teatr-sənət məbədinin ilk pilləsindən qaytarılan Mehdi elə həmin il Bakı Türk İşçi Teatrının yardımçı heyətinə qəbul edilir və burada elə bir sürətlə (həm mədəni, həm “bədən”i cəhətdən) inkişaf edir ki, növbəti il səhnə-sənət yönətmənləri ona “sənədlərini Bakı Teatr Texnikumuna verməlisən” təkidi edirlər. Burada təhsilini uğurla başa vuran gənc Moskvaya - sonralar portreti Teatr Akademiyasının foyesində “teatr korifeyləri” ilə bir sırada asılası SSRİ paytaxtına) gedib, Teatr Sənəti İnstitutuna daxil olur.
Bir müddətdən sonra daha onun qarşısında heç bir maneə dura bilməyəcək və hətta bəzi məqamlarda (ümumən “yeni teatr fəlsəfəsi”lə ilgili müddəalarıyla) onun özü “köhnə”lərçün “maneə”yə çevriləcək. Məsələn; “aktyorun hər obraza analitik baxış-təhlili mütləq əsas prinsip kimi götürülməlidir”, “səhnədəki pauzalar, “bədii sükut” kimi daxili psixologizm elementləri belə tamaşanın akkorduna işləməlidir”, “hətta ailə-məişət mövzulu əsərlərin də səhnə həllində ictimai motivlər fəlsəfi dərinlik işığıyla ziyalandırılmalıdır” və s.
Bu kimi erudik-professional konsepsiyalar irəli sürən M.Məmmədov hər şeyə “özündən başlamaq” prinsipilə yanaşıb. O, sənətin qəbul etdiyi (hətta bəzən, qəbul etmədiyi) hər bir komponentə mütləq yeni mizan qapısı açmağa çalışıb. Janr-mövzu, müəllif-rejissor, zaman-məkan “tərəf-müqabil”liklərinə heç bir fərq, “camaat, rəhbərlik buna necə reaksiya verər”, “tənqid nə yazar” kimi tabu-baxışlara çox da bənd olmayıb. Hamısında da - əbədiyyət bəstəli lirizm, psixoloji-mizani zəriflik, irfani-fəlsəfi düşüncələr, həyati-dinamik ritmlər, klassik-etnoqrafik ləngərlər, müasir-sivil rənglər...
Mehdi Məmmədov əl qatdığı bütün tamaşalarda susqun zərifliklə dramatik coşqunluğun qovuşuğunu, emosional çalarlarla psixoloji qatqarlardan şirələnən ahəngdar cazibənin vəhdətini yaradırdı. Tamaşanın ali məqsədini əqli-psixoloji münasibətlərin, özünəməxsus ədəbi sənət sehrilə aylar-illər uzunu cəlb etdiyi parter-amfiteatr dolu insanlardakı əbədi əxlaq-əqidəvi ziddiyyətlərin mahiyyət dərkində axtarıb-tapır və bunları böyük sənətin işvəkar-cilvəkar tandemində təqdim edirdi. Bəzən kəskin, bəzən sadə, hərdən də həzin-hüzn epizodlarda verdiyi mizanlarda da dinamik musiqi taktlarına, ümumən poetik-sentimental ritmlərə əsaslanan bu rejissor ən “antik” mövzuları belə, çağının ictimai-sosial problemləri, mənəvi-əxlaqi durumu ilə əlaqələndirə bilirdi.
Teatr tənqidi və haqqında yazılmış monoqrafik mənbələrdə sənətə yeni baxışı, kompleksal rejissurası ilə bütövlükdə realist monumentallığa, habelə fəlsəfi dərinliyə geniş meydan açmaq çabaları ilə səciyyələndirilən M.Məmmədov işgüzar həyat, mübariz mülahizə-müzakirə səhnələrindəki prinsipiallıqlarını sənət səhnələrinin hamısında həyata keçirib.
Həmin səhnələrdən -
Anonsvari özəklər;
1940-cı ildə Akademik Milli Dram Teatrında rejissor. İki il ötməmiş bədii rəhbər. 1956-cı ildə Opera-Baletdə baş rejissor. 1960-da yenidən Dram Teatrına qayıdış - baş rejissor kimi. Görkəmli teatr ustadı bu illərdə “dövrün teatral hadisələri” kimi vurğulanan 12 səhnə əsərinə quruluş verib: “Od gəlini”, “Oqtay Eloğlu”, “Şeyx Sənan”, “İblis”, “Hamlet”, “Xəyyam”, “Canlı meyit”, “Müfəttiş”...
Üç il sonra isə... paytaxtın teatr aləmi üçün sensasiya; Mehdi Məmmədov elmi işlə (teatrdakı intriqant duruma görə; “guya”, nəticələrə görəsə; həqiqətən) əlaqədar olaraq, teatrdan uzaqlaşır!
Mötərizədəki ikinci versiyanın açması bu ki, o, xeyli küskünlük və inciklik yaşadığı teatrdan neçə-neçə sanballı teatrşünaslıq və monoqrafik əsərlər yazmağa gedibmiş. Məsələn, əfsanəvi çağdaşı Hökumə Qurbanovanın sənət dünyasını başdan-başa portretləşdirdiyi “Onun sənət ulduzu” kitabı, sənətşünaslıq mövzulu monumental “Azərbaycan dramaturgiyasının estetik problemləri” və s.
Bu “elmi fasilə” 10 ilədək çəksə də, sənətsevərlərin də “yoluxduğu” sənət hicranı 1974-də yeni vüsala yetişir. Ancaq Opera və Balet Teatrında. Burada quruluş verdiyi operalar - “Toska”, “Lakme”, “Sevil”, “Koroğlu” və ilk dəfə romantik-modernistik vəhdətdə ərsəyə gətirdiyi “Leyli və Məcnun” iştirakçıların ifalarında ayrı sayaq, tamaşaçıların müzakirə-mülahizə ifadələrində alayı cür (əlbəttə, hər ikisində yaxşı mənada) səslənir! Baş rejissoru olduğu S.Vurğun adına Rus Dram Teatrının 1978-82-ci illəri bu tələbkar-elitar teatrın “mükəmməl dövr”ü kimi yaddaşlara yazılır. Onun burada hazırladığı “Həyatın dibində”, “Mənim Nadejdalarım” və digər tamaşalar “hədəfləri dirildən atəşlər”, “çərçivəli sənətkar təxəyyülü ilə azad tamaşaçı gözləntisinin üst-üstə düşməsi” kimi təbirlərlə dəyərləndirilir...
Və bütün bu işlərin, neçə-neçə digər görəvlərin paralellərində ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə də məşğulluq. Özü də (“aşiqi-sadiq”lik ayağından) tək elə Teatr İnstitutunda (indiki ADMİU) yox, öz məxsusi təşəbbüs-layihəsi olan xüsusi “Etika və estetika kursu” ilə, bu seçkin “ali-bəndə müəllim”lə pedaqoji ünsiyyət arzulu ADU (BDU) və (müəyyən fasilələrlə) digər ali məktəblərdə.
Səhnədə yaratdığı saysız, ekranda əbədiləşdirdiyi (məsələn, “Onu bağışlamaq olarmı?”da Qaya) sayca az, sanbalca saz obrazlar. Böyük sənət uğurlarına görə, Azərbaycan (1958) və SSRİ (1974) Xalq artisti fəxri adları, H.Cavidin “İblis” faciəsinə verdiyi unikal quruluşa görə Azərbaycan Dövlət mükafatı (1984).
Bütün bunlar 1985-ci il yanvarın 28-də dünyasını dəyişmiş bu cismən mərhumu ölümsüzləşdirmirmi?..
Və yuxarıda vədlədiyim -
“Pərdə”lərdən...
Onun xeyli “mozaikal” “MƏN”ində cəmlənmiş (bir parası doğal, bir düjünü “modal”) bioloji-kulturoloji-intimoloji əlamət və keyfiyyətlərdən arif oxucularçün iki xatirə-xatırlatma.
Deməli, vaxt gəlir ki, Lope de Veqanın “qaş-göz”edi bir pyesinin (“Nə yardan doyur, nə əldən qoyur”) tamaşasını reklamlayan afişalarda... gözlərə intimitik nüanslar saçan qoşa ad da düşür. Biri tamaşanın rejissoru Mehdi Məmmədov, o biri - iştirakçılar sırasına hər mənada (lap başda yazılmağı, şrift iriliyi və s.) başçılıq edən Barat Şəkinskaya! Və “salon əhli”ləri (elə premyeradanca) bu tamaşanı “özəl rejissorla gözəl aktrisanın roman-dramı” kimi “təfsir” etməyə başlayırlar...
Onlar evlənirlər.
Lakin, illər keçir, Barat xanım aktrisaların “gözdən qoymadıqları” bu rejissoru qısqanır, qısqanır və nəhayət, boşanırlar. Barat xanım onunla səhnə-mizan münasibətlərinin hər fürsətində ironik yanaşma “yaradıcılığı”ndan da qalmır. “Dəli yığıncağı”nın məşqləri zamanı rejissorun aktyorları (əsərin psixo-məntiqini tam anlamaları üçün) dəlixanaya aparmaq qərarı isə bu sabiq cütlük arasındakı “duel”ə maraqlı bir yumor qatır. Belə ki, Barat xanım dəlixanaya getməkdən imtina edir və avtobusda aktyorlardan birinin “Bəs, Barat xanım hanı” sualını o, Otellovari bir əda ilə cavablandırır: “Barat xanımın dəlixanaya getməyə ehtiyacı yoxdur...”
Bunu sabahısı eşidən Barat xanımsa, aktyorların birindən xahiş edir ki, məşqin qızğın çağında dünən dəlixanaya getmədiyinin səbəbini soruşsun. Belə də olur və o: “Mənim dəlixanaya getməyə ehtiyacım yoxdur, düz yeddi il bir dəli ilə bir evdə yaşamışam...”
Heç biri öz imza-izindən xali keçməyən o illər tamaşaya qoyduğu və həm “əleyh”inə, həm “leh”inə “nişan”ələşən “Dəli yığıncağı”ndan sonra “Azdram”ın 60-70-ci illərini qapsayan “böyük sənət epoxası” dövründə teatrda anşlaqa, həyatda səngiməz marağa səbəb olmuş “Canlı meyit” tamaşası. Dahi Tolstoyun qələmindən çıxmış Protasovu öz bənzərsiz quruluşunda Mehdi Məmmədov özü, Maşanı isə bütün dövrlərin təkrarsızı Şəfiqə Məmmədova oynayır! Və bu möcüzə səhnə cütlüyü haqda o dövr tamaşaçıları və tənqidçilərinin kitabasığmaz tərif-təqdirlərini yalnız “konspekt”ləşdirmək mümkün; onlar obrazlardan çox, özlərini oynayırdılar...
Deməli, sənət - tək elə “qurban”lıq yox, əfsanələrə çevriləsi vurğunluq da tələb edirmiş...
Tahir Abbaslı