Festivalın milli proqramının daha bir iştirakçısı - C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı mayın 13-də Xırdalandakı Mədəniyyət mərkəzində abşeronluların qonağı olub. Kollektiv Cəfər Cabbarlının “Vəfalı Səriyyə” tamaşasını göstərib.
   
   Tamaşadan öncə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə təmsilçisi İlham Manafov, İrəvan teatrının direktoru İftixar Piriyev tamaşaçılara festival haqqında məlumat veriblər. Bildirilib ki, festival günlərində Azərbaycanın 19 teatr kollektivi ölkəmizin 12 şəhərində çıxış edəcək.
   Sonra tamaşa nümayiş olunub.
   “Vəfalı Səriyyə” tamaşası ailə-məişət mövzusundadır. Bir-birinə səmimi hislər bəsləyən Səriyyə ilə Rüstəmin məhəbbəti ön planda təsvir olunur. Səriyyənin anası Çimnaz onu qardaşı oğlu qoçu Qurbana ərə vermək istəyir. Səriyyənin dayısı Həmzə də bu fikirdədir...
   Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissor və musiqi tərtibatçısı Tural Xəlilzadə, rəssamı Vahid Mürsəliyevdir. Rolları əməkdar artistlər Vaqif Kərimov, Rəşid Rzayev, aktyorlar Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Rövşən Cəfərov və başqaları ifa edirlər.
   ***
   Qeyd edək ki, “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının dördüncü günü, mayın 15-də beynəlxalq proqramda Rusiya Federasiyası Tatarıstan Respublikasından gəlmiş qonaq heyət - “Yaradıcı qrup“ Kazan Mədəni Təşəbbüslər Fondu “Əlif” tamaşasını təqdim edib.