“Sərhədsiz teatr" festivalının iştirakçısı olan İranın Ərdəbil vilayətinin Parsabad şəhərindəki Muğan-Hünər Teatrının truppası Lənkəran Dövlət Dram Teatrının səhnəsində Mahmud Məndəvinin “Canavar" tamaşası ilə çıxış edib.
Tamaşadan əvvəl teatrın direktoru Tofiq Heydərov III Şəki Beynəlxalq Teatr Festivalı barədə iranlı sənətçilərə məlumat verib.
Süjet xətti Qurani-Kərimin həzrəti Yusif və Züleyxa əhvalatından götürülmüş “Canavar" tamaşasının quruluşçu-rejissoru və rəssamı Qərib Mənuçehri, musiqi tərtibatçısı Yaşar Haşimi və Yaşar Mənuçehridir.
Lənkəran teatrsevərləri tərəfindən maraqla qarşılanan səhnə əsərində rolları Əli Məhəmmədzadə, Nəsrin Huşyar, Yaşar Haşimi və Yaşar Mənuçehri ifa ediblər.
Tamaşadan sonra iranlı sənətçilərə festivalın diplomu, Lənkəran Dövlət Dram Teatrının xatirə hədiyyələri təqdim olunub.