Milli Konservatoriyada tədris sahəsində hansı yeniliklər var?
   Bu gün milli musiqimizin tədrisini həyata keçirən sənət ocaqları sırasında Azərbaycan Milli Konservatoriyasının öz imzası var. Fəaliyyəti on illərlə ölçülməsə də, burada milli musiqinin təbliği və yeni layihələrin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Tədris ilinin yekunu ərəfəsində bu barədə ətraflı məlumat almaq üçün Milli Konservatoriyaya baş çəkdik.
   Binanın özünəməxsus arxitekturası ilə yanaşı, maraqlı interyeri də musiqi, sənət ruhunda qurulub. Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi ilə görüşmək üçün 7-ci mərtəbəyə qalxıram. Pilləkənlər fortepianonun dilləri, mərtəbələr isə muğamlarımızın adları ilə adlandırılıb: "Çahargah", "Bayatı-Şiraz"... Otaqlardan gələn tar, kaman, qanun sədaları, muğam və vokal ifalar tələbələrin sevə-sevə təhsil aldıqlarına işarədir. Dəhlizlərdə tarı sinəsinə basıb məşq edən tələbə də görmək olar, böyük bir orkestrlə çıxış edən ansambl da... 
   Rektor konservatoriyanın tarixindən söz açır. Bildirir ki, bu təhsil ocağı Prezident Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli fərmanı ilə yaradılıb. Konservatoriyada İfaçılıq və Tarix-nəzəriyyə fakültələri, 8 kafedra fəaliyyət göstərir. Təhsil və elmin əlaqələndirilməsi məqsədilə "Milli musiqinin tətbiqi" və "Milli musiqi alətlərinin araşdırılması" elmi laboratoriyaları yaradılıb. Laboratoriyalarda qədim xalq çalğı alətlərimizin bərpası, təkmilləşdirilməsi, onların ifaçılıq və tədrisdə tətbiqinə xüsusi diqqət göstərilir. 
   Rektor qeyd edir ki, Azərbaycan estradası XX əsrin ortalarında "qızıl dövr"ünü yaşayıb. Ölkəmizdə bu istiqamətin özülü Tofiq Quliyev, Tofiq Əhmədov kimi görkəmli sənətkarların yaratdıqları estrada simfonik orkestrləri ilə qoyulub: “Biz konservatoriyada estrada sinfi yaratdıq. "Qaya" kvarteti, Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu, Oqtay Ağayev kimi məktəbi olan estrada sənətimiz bu gün bu sinifdə tədris olunur. Caz sənətinə gəldikdə, T.Quliyev, Rauf Hacıyev, Vaqif Mustafazadə, Rafiq Babayevin yaratdığı məktəb var. Müasir caz burada milli dəyərlərə, ənənələrə söykənərək inkişaf etdirilir, tədrisi həyata keçirilir. Təəssüf ki, konservatoriyaya qədər təhsildə bu ixtisaslar tədris olunmur. Bu ildən konservatoriyanın tərkibində olan gimnaziya və kollecdə bu ixtisaslar üzrə siniflər fəaliyyətə başlayacaq. Yaxın illərdə bu siniflərdə təhsil alan gənclərin yaradıcılıqlarının xoş soraqlarını eşidəcəyik".
   Siyavuş müəllim vurğulayır ki, kitabları oxumaq, öyrənmək yaxşıdır. Amma oxuduqlarını təcrübədə tətbiq etməyəndə bu yarımçıq iş olur: "Ona görə də çalışırıq ki, tələbələrə praktik dərslər daha çox keçilsin. İlk dəfə açıq imtahanlar da məhz Milli Konservatoriyada keçirilib. Burada imtahanlar izdihamlı olur. İmtahanları çoxsaylı tələbə və müəllim heyəti izləyə bilir. Yaradılan şərait imkan verir ki, imtahanların formatı müasirləşsin, musiqiçilər imtahanı otaqda deyil, konsert şəklində təqdim etsinlər". 
   Konservatoriyada iki orkestr və iki xor fəaliyyət göstərir. Hər yarım ilin sonunda bu kollektivlər öz konsertlərini təqdim edirlər. Tələbələr üçün orkestr və xor qarşısında dirijorluq etmək imkanı yaradılır. Bu şərait eyni zamanda tələbəyə öz ixtisasını təkmilləşdirməyə kömək olur. Bir sıra səfirliklərin köməyi ilə burada mütəmadi ustad dərsləri də reallaşır. Onu da öyrənirik ki, növbəti tədris ilində burada klarnet sinfi də fəaliyyətə başlayacaq.
   Həmsöhbətim musiqi və ümumiyyətlə, incəsənət sahəsində ali təhsilin özəllikləri barədə fikirlərini də bölüşür: "Bu gün konservatoriyada təhsil almaq istəyənlər çoxdur. Biz imtahandan əvvəl öz seçimimizi edirik. Bəzən seçdiklərimizin müəyyən qismi test imtahanından keçə bilmirlər. Bu barədə mülahizələrimizi bir neçə dəfə aidiyyəti üzrə bildirmişik. Yaradıcı insan test imtahanından keçməyə bilər. Gəlin müqayisə edək, dünyaca məşhur elə sənətkarlar var ki, onlar bu gün testdən keçə bilməzlər. Amma onların sənəti dünyada qəbul olunur. İnanıram ki, uğurlarımız hələ qarşıdadır. Konservatoriyada şəffaf, obyektiv və yaradıcı mühit var. Arzumuz budur ki, tələbələrimiz Azərbaycanı dünya səviyyəsində təbliğ edə bilsinlər".

L.Azəri