Xəbər verdiyimiz kimi, bu yaxınlarda Azərbaycan Xalça Muzeyinin xəzinəsi daha bir nadir eksponat ilə zənginləşib. XVII əsrə aid Xətayi (əjdahalı) xalçası Heydər Əliyev Fondu tərəfindən xaricdən ölkəmizə gətirilərək muzeyə təqdim edilib. Bir zamanlar Qarabağda toxunmuş bu xalça nümunəsi illərdir ki, ölkəmizdə toxunmur. Hətta Azərbaycan ərazisində belə xalçaların ayrı-ayrı şəxslərin evlərində, kolleksiyalarda olması barədə də dəqiq məlumat yoxdur. Halbuki dünyanın bir çox muzey və kolleksiyalarında əjdahalı xalçaların saxlanıldığı barədə kifayət qədər məlumat var. Üstəlik, həmin xalçaların hələ Böyük İpək Yolu zamanından xarici ölkələrə daşındığı deyilir. Və buradaca
   
   qəribə bir təzad
   
   özünü göstərir. Axı, əjdaha motivlərinin bizim xalçalara yol açmasının tarixinin həm də elə Çindən, Böyük İpək Yolunun ilk dayanacağından hesablandığı da deyilir. Halbuki, düzünə qalsa, Azərbaycan xalçaçılıq sənətində əjdaha mövzusu təzə deyil. Elə tanınmış sənətşünas, professor Telman İbrahimov ilə söhbətimiz də bu barədədir. Onun illər uzunu araşdırdığı mövzulardan biri Azərbaycanın əjdahalı xalçalarıdır. Telman müəllim öz araşdırmalarına təkcə sənətşünas kimi deyil, həm də tarixçi, mifoloq kimi yanaşdığı üçün onun tədqiqatları xalqımızın təkcə sənət zövqünə və təxəyyülünə deyil, həm də etnogenezinə, psixoloji-mifik təsəvvürlərinə işıq salır. 
   Telman müəllimin bizim xalçalardakı əjdaha motivinin Çindən gəldiyi barədə ehtimala münasibəti ilk baxışda göründüyündən, yəni səthi təsəvvürdən çox fərqlidir: 
   - Bizim xalq dekorativ-tətbiqi sənətində əjdaha obrazının yaranma tarixi çox qədimdir. Şübhəsiz ki, Orta əsrlərdə Çindən gələrək xalçalarda, miniatür rəsmlərdə və saxsı məmulatlarda möhkəmlənmiş əjdaha obrazı var. Amma unutmayaq ki, ənənəvi Çin motivinin yayılmasından çox əvvəl əcdadlarımız əjdaha obrazına ehtiramla yanaşıb. Əjdaha ilə bağlı əsatirlərin yaranma tarixi daş dövrünə aid edilir. O dövrün insanları toz dumanı quyruqlu meteorit və kametləri, püskürən vulkanları əjdahaya oxşadırdılar... Planetimizin sakinləri üçün ümumi sayılan belə inancların təxminən eyni kökdən olması müxtəlif xalqların mifologiyasındakı, o cümlədən də tətbiqi-dekorativ sənət nümunələrindəki əjdaha obrazlarının oxşarlığı barədə suala cavab verir. Hətta qədim dövr insanlarının öz yatağını tapmaq üçün dağdan düzənliyə axan gur sulu çay və çay qollarının torpağın səthində qıvrılaraq axması da onlara əjdahaları xatırladırdı deyə, əjdaha obrazı təkcə od ilə deyil, həm də su ünsürü ilə assosiasiya doğururdu.
   
   Fərqlilik oxşarlıqdan 
   yarandığından
   
   zaman keçdikcə ayrı-ayrı xalqların düşüncəsindəki əjdaha obrazları da bir-birindən fərqlənməyə başlayır, xarakterik cizgiləri formalaşır. Telman İbrahimovun dediyinə görə, bu proses qədim dünya tarixində mifik-poetik dövrün başlanğıcı ilə eyni vaxta təsadüf edir. Məsələn, qədim Şərq nücum elmi (astrologiya) dünyaya Əjdaha ili adlanan il bəxş edib. Bizim qədim əcdadlarımız skif-sak-sarmat tayfaları ilə ortaq qohum kökdən olduqları üçün hələ eramızdan əvvəl I minillikdə Uzaq Şərqdən Ön Asiyayadək uzanan "türk qurşağında" əjdaha obrazı yayılmağa başlayaraq, türklərə xas Tenqri (Səma Tanrısı) dini inancının xüsusiyyətlərini əxz etməyə başladı və zaman keçdikcə özü Tenqriyə çevrildi. 
   Bu yerdə maraqlı bir sual yaranır. Belə çıxır ki, əjdaha mifoloji obraz olaraq əvvəllər yalnız müsbət "qəhrəman" sayılırmış... Telman müəllim buna da aydınlıq gətirir: 
   - Bizim türk əcdadlarımız üçün əjdaha müsbət mifoloji obraz sayılsa da, cənub qonşumuzda - İran yaylasında üçbaşlı əjdaha "doğuldu" ki, "Avesta"da deyildiyi kimi, Əhrimənin yaratdığı bu əjdaha da şər qüvvənin daşıyıcısı idi. Xaçpərəstlikdə də şər qüvvə təmsilçisi olan əjdaha obrazı var ki, onun bizim, türk düşüncəsindəki mifik əjdaha obrazına dəxli yoxdur. 
   
   Beləcə məlum olur ki, 
   Çindən gələn əjdaha 
   
   obrazının Azərbaycan xalçaçılıq sənətində "möhkəmlənməsi" təsadüfi deyilmiş... Özünüz deyin, axı, əjdaha obrazına mənfi münasibət bəslənilsəydi, onu evimizin yaraşığı xalçaya gətirərdikmi? Təbii ki, yox. Ona yalnız mifik və gerçək qəhrəmanların şücaətini təsvir edən miniatür nümunələrində, həm də mənfi qəhrəman kimi rast gələrdik... Əlbəttə, Böyük İpək Yolunun ölkəmizin ərazisindən keçməsi, yəni Çin, Mərkəzi Asiya, İran, Cənubi Qafqaz arasında transkontinental mədəni elementlərin yerli sənətkarlıq ənənələrinə qarışması tanış əjdaha obrazına yeni cizgilər əlavə edir. Məsələn, bizim eradan əvvəlki II minillikdə şumerlərə, XI-XII əsərlərdə səlcuqlara xas əjdaha obrazları bizim əjdahalara qoruyucu, rifah və firavanlıq talismanı anlamlarını da əlavə etdilər. Maraqlıdır ki, şimal (xaçpərəst) və cənub (İran) mifologiyasında şər qüvvələrin təcəssümü sayılan əjdaha obrazları bizim düşüncəmizə təsir etmədi. Deməli, bu seçim məntiqə əsaslanırdı: bizim əjdaha güc, qüvvət və xeyir rəmzidirsə, ona uyğun gələn, onu tamamlayan müsbət keyfiyyətləri bu obraza əlavə etmək lazımmış. Bəs necə oldu ki, Azərbaycanda əjdaha rəmzinin meydanı daraldı və o, yalnız 
   
   xalçaçılıqda qaldı.
   
   Zaman dəyişdikcə, insanların əxlaq meyarları kimi, sənət meyarları da başqalaşır. Professor Telman İbrahimov da deyir ki, son yüzilliklərdə bizim toplum düşüncəmizdəki əjdaha getdikcə stilizə olunaraq xalq yaradıcılığının nağıl və əsatirlərindən əl işi sənətinə, xüsusilə də xalçaçılıq sənətinə "köçüb". Orta əsrlərdən başlayaraq, istər xovlu, istərsə də xovsuz xalçalarda əjdaha rəmzi olan stilizə edilmiş təsvirlər görünməyə başlayıb... Ənənələr nə qədər güclü olsa da, əjdahanın qoruyucu-rəmz əhəmiyyəti getdikcə öləziyir. Əslində ağız ədəbiyyatı olaraq yaranmış xalq nağıllarının mənasının təhrif olunması, digər tərəfdən də xaçpərəst-fars əjdaha obrazı yozumu bizim əjdaha anlamımıza öz təsirini göstərdi. Lakin yenə də xalçaçılıq sənəti, əsrlər boyu gələcəyə ünvanlanmış məktub mətni kimi ardıcıl düzülərək danışan naxışlar folklordan sıxışdırılan əjdaha obrazını ornament qılafına salaraq xalçaçılıqda yaşatdı. Əgər belə demək mümkünsə, türk əjdahaları onların qədrini bilməyən nağılçı varislərindən üz döndərib qadın əllərinin hərarəti ilə yumşalaraq, xalça naxışlarına bürünüb əjdaha dilinin anlaşılıb açılacağı günün intizarını çəkərək dərin yuxuya daldılar... Amma, deyəsən, bu qəflət yuxusundan 
   
   oyanmağın zamanı 
   yetişməkdədir.… 
   
   Hər necə olsa, artıq bir nümunə əlimizdədir. İnanmaq istəyirik ki, Azərbaycan Xalça Muzeyinin eksponatına çevrilmiş "əjdahalı xalça", sadəcə, eksponat olaraq qalmayacaq. Bizim gənc xalçaçı sənətşünas-rəssamlarımızın tədqiqat obyekti və ilham mənbəyi olacaq, onlar bu qədim xalça çeşnisinin yeni variantlarını yaradacaqlar. 
   Yaxşı, bəs niyə əjdahalı xalçalara həm də Xətayi xalçaları deyirlər. Burada bir fərziyə ağla gəlir: əjdaha toteminin stilizə olunmuş naxışlarına ilk olaraq əsasən Səfəvilər dövrünün Təbriz saray xalçalarında rast gəlinib. Sonradan bu naxışlar Qarabağ xalça qrupuna aid olan xalçalarda yer almağa başlayaraq daha geniş yayılıb, Qasımuşağı xalçalarında yaşadılıb. Biz isə Səfəvilər ilə bağlı bütün yaxşılıqları bu sülalənin şair hökmdarı Şah İsmayıl Xətainin adı ilə bağlamağı, yaşatmağı sevirik. 
   
   Gülcahan Mirməmməd