Mayın 12-dən 19-dək davam edən “Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr Festivalı gerçəkdən sərhəd tanımadı. Respublikamızın teatr kollektivləri və xaricdən təşrif buyurmuş qonaq teatrların çıxışları, demək olar ki, bütün ölkəmizi əhatə etdi. Şəkidən Bakıya, Bakıdan Lənkəranadək uzanan tamaşa marşrutunun son dayanacağı yenidən paytaxtımız oldu.
Festivalın beynəlxalq proqramının son tamaşaları Bakı teatrlarının səhnəsində oynanıldı.
***
Mayın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı neçə ildən bəri əməkdaşlıq etdiyi dost teatrı - V.Txarzayev adına Şimali Osetiya-Alaniya Dövlət Akademik Milli Dram Teatrının kollektivini qəbul etdi. "Sərhədsiz teatr" festivalında iştirakı ilə qastrol səfərini eyni vaxta salan teatr Bakıya Vadim Korostılyovun “Vova Möcüzələr ölkəsində" tamaşası ilə gəlmişdi.
Artıq iki ildir teatrın repertuarında olan bu tamaşanın quruluşçu rejissoru Diana Çerçesova, quruluşçu rəssamı Vera Kasayevadır. Tamaşada əsasən teatrın gənc aktyorları iştirak edirdilər. Bu da təsadüfi deyildi. Çünki bütün tamaşa boyu səhnədə olan baş qəhrəman Vovkadan başqa digər aktyorlar iki rolda oynayırdılar. Üstəlik, tamaşa alışdığımız teatr göstərisindən bir qədər fərqli, daha çox musiqili şou-nağıl tamaşası kimi qurulmuşdu. İnteraktiv (bəzən isə həddən artıq aktiv) ünsiyyət-oyun tərzli tamaşa zamanı bəzi məqamlarda, məsələn, səhnədən salona ötürülən iri şarla oyun məqamlarında hətta sirk tamaşası müstəvisinə keçən sərgüzəştə baxmış olduq. Əslində uşaqların tamaşanın gedişində fəal iştirak etməsi tamaşa boyunca onların darıxmaması deməkdir. Sadəcə, bu qədər hay-küyün, musiqi nömrəsinin içində səsi bəzən eşidilməz olan aktyorların müəllifin fikrini - tənbəllər, dərsdən qaçanlar, əlindən heç bir iş gəlməyənlər yox, ağıllı, sözəbaxan, tərbiyəli, işgüzar uşaqlar yaşaya bilər ideyasını ünvanına dəqiq çatdırmasına inanmaq çətindir...…
Tamaşadan sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov və qonaq teatrın bədii rəhbəri və baş rejissoru, Şimali Osetiya-Alaniya Respublikasının Xalq artisti Vladislav Koliyev başda olmaqla Bakıya gəlmiş bütün yaradıcı-texniki heyət səhnəyə çıxdı. M.Həmidov qonaqlara yaradıcılıq uğurları arzuladı.
"Sərhədsiz teatr" festivalı təşkilat komitəsinin üzvü, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Valentina Reznikova festivalın diplomunu və təşkilatçıların hədiyyəsini qonaqlara təqdim etdi.
Vladislav Koliyev cavab çıxışında həm festival, həm də qastrol səfəri çərçivəsində Bakıda tamaşa oynadıqları üçün məmnun olduqlarını söyləyərək yaradılan şəraitə görə Azərbaycanın Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi, Vladiqafqazdan gətirdikləri xatirə hədiyyələrini Gənc Tamaşaçılar Teatrına təqdim etdi.
Qeyd edək ki, V.Txarzayev adına Şimali Osetiya-Alaniya Dövlət Akademik Milli Dram Teatrının Bakı qastrolu mayın 21-də başa çatıb.
***
Mayın 19-da isə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində nə cənubdan, nə də şimaldan, okeanın o tayından - uzaq Kolumbiyadan gəlmiş teatr kollektivinin çıxışı ilə III "Sərhədsiz teatr" festivalı yekunlaşdı.
"Acto Teatro" Bakıya Qabriel Qarsia Markesin povesti əsasında hazırlanmış "Məsum Erendira" tamaşasını gətirmişdi. Haqqında çox az məlumatlı olduğumuz Kolumbiya teatrına maraq o qədər böyük idi ki, tamaşa salonunun böyük hissəsini elə Azərbaycanın sənət adamları, xüsusən də teatr ictimaiyyətinin təmsilçiləri "zəbt etmişdilər". Qonaq teatr barədə az məlumatlı olsaq da, Markesin yaradıcılığına bələdlik və "Sadəqəlbli Erendiranın inanılmaz kədərli əhvalatı və onun qəlbsiz nənəsi" povesti barədə bildiklərimiz də tamaşaya marağımızı artırırdı.
Səhnənin sağ küncündə qoyulmuş ekranda sinxron tərcümə getdiyindən, həm də müəllif təhkiyəsini aparıcı-aktyor mətn kimi oxuduğundan tamaşanı anlamaq heç bir çətinlik törətmirdi. Buraya səhnənin arxa divarında qurulmuş vizual instalyasiyanı da əlavə edək. Teatr tamaşasına ayaq açmış bu texnoloji yenilik istifadə olunduğu hər məqamda yerinə düşməsə də, həm mövzu, həm də hadisələrin baş verdiyi məkanlardakı hadisələr baxımından kolumbiyalıların tamaşasını üzvi şəkildə tamamlayırdı.
Tamaşaçını təxminən saat yarım həyəcan içində saxlayan, hadisələrin sürətlə dəyişdiyi, hər kəsə fərqli, amma sarsıdıcı təsir göstərən yeniyetmə Erendiranın əhvalatı başa çatdı.
Tamaşa bitincə Kolumbiyanın ölkəmizdəki səfiri xanım Marta Qalinda Pene səhnəyə çıxdı. "Acto Teatro"nun Bakıda öz ölkəsinin teatr sənətini nümayiş etdirmək fürsətinə görə "Sərhədsiz teatr" festivalının təşkilat komitəsinə, Azərbaycanın Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirdi.
Qonaqlara festivalın diplomu təqdim edildi. Tamaşanın quruluşçu rejissoru və əsərdə aparıcı rolunu ifa edən Con Mario Rivera çıxış edərək festivala dəvətə, qonaqpərvərliyə görə minnətdarlıq etdi.
Kolumbiya teatrının tamaşası ilə yekunlaşan "Sərhədsiz teatr" festivalının bağlanışında Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev iştirak edirdi.
***
Beləliklə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 və Azərbaycan milli peşəkar teatrının 145 illik yubileylərinə həsr olunmuş "Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr Festivalı işini başa çatdırdı və milli mədəniyyətimizin tarixinə çevrildi. Dünyada yaşı az qala yüz illə ölçülən teatr festivallarının yanında bizim beynəlxalq festivalımız çox kiçik görünsə də, nə eybi. Çox keçməz ki, Şəki festivalının da adı dünya teatr prosesinin əbədi siyahısına düşər. Çünki teatr sənəti gerçəkdən sərhəd tanımır.
Gülcahan Mirməmməd