Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında hazırlanmış "Xoşbəxt evliliyin qaydaları" adlı tamaşaya daxili baxış keçirilib. BXA-nın baş müəllimi, Xalq artisti Yusif Qasımovun quruluşunda hazırlanan tamaşa musiqi tərtibatı və bədii dekorasiyası ilə seçilir.
Tamaşada BXA-nın tələbələri Surac Qurbanov (Əsgər), Nərmin Quliyeva (Gülçöhrə), Samirə Babayeva (Asya), Qulu Quluzadə (Süleyman), Fatimə Alimova (Telli), Tehran Mustafayev (Vəli), Lalə Aslanova (Cahan xala), Elnur Hüseynli (Soltan bəy) çıxış edirlər.
Daxili baxış yekunlaşdıqdan sonra BXA-nın rektoru, professor Timuçin Əfəndiyev fikirlərini bildirərək qeyd edib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, Azərbaycan milli musiqisini və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib.
Operettanın tarixindən də qısa məlumat verən rektor bildirib ki, Üzeyir Hacıbəyli "Arşın mal alan"ı 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında təhsil alarkən yazıb. Dünyanın üç qitəsində dolaşan "Arşın mal alan" operettasına 1945-ci ildə eyniadlı kinokomediya ekranlaşdırılıb və xarici filmlər arasında seçilən "100 sevimli film" siyahısına daxil edilib.
Rektor tələbələrin təqdim etdiyi tədris tamaşasının zövqlə hazırlandığını vurğulayıb, premyeraya qədər ifaçılıq texnikası və aktyorluq sənəti baxımından mövcud nöqsanların aradan qaldırılmasını tövsiyə edib.
İyunun 4-də Azərbaycan Dövlət Musiqili Teatrında baş tutacaq tamaşanın premyerası Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.