Sakit... Məşq gedir!
   
   Heç sinif yoldaşlarınızla illər sonra baş tutacaq görüşün həyəcanını yaşamısınız? Əslində bu həyəcanı daha çox iri şəhərlərdə yaşayanlar hiss edir. Necə olsa, uşaqlıq dostlarını daha gec-gec görürsən, onların məktəbdən sonrakı taleyindən seyrək xəbər tutursan, amma kənddə, qəsəbədə, az qala hamının bir-birini tanıdığı kiçik şəhərində də bu həyəcan çox üzücü olmasın gərək... Əgər bu sinfin uşaqlarının demək olar ki, hamısı eyni şəhərdə yaşayırsa, dostlar ara-sıra görüşürlərsə. Yox, əgər sinfinizdəki ən zəkalı, ən istedadlı şagirdin bomj vəziyyətinə düşdüyünün, müəllimlərin ən az gözləntisi olanın da cəmiyyətdə çox yüksək pilləyə qalxdığının, sinfin ən gözəl və əlaçı qızının ən bədbəxt qadın olduğunun və yoxsulluğun astanasına yetişdiyinin fərqindəsinizsə, vəziyyət dəyişir, həmin görüşün mənası da, intizarı da bambaşqa olur...
   Elə bilməyin ki, sizə öz sinif yoldaşlarımdan kiminsə başına gələn əhvalatdan söz açmaq niyyətim var. Sadəcə, Akademik Milli Dram Teatrının salonunda əyləşib səhnəyə baxa-baxa bu fikirlər ağlıma gəldi... Səhnədə tanınmış rus yazıçı-dramaturqu, publisisti Yuri Polyakovun "Sinif yoldaşları" pyesi əsasında hazırlanan ìMəzunlarî tamaşasının məşqi gedir. Quruluşçu rejissor Azərpaşa Nemətov da, tamaşanın rejissoru Anar Babalı da məşqi saxlamırlar. Eləcə, Azərpaşa müəllim sözünü unudan, mizanı çaşdıran aktyorlara qısa göstəriş verir, Anar gözəçarpan nöqsanları dəqiqə hesabı ilə noutbukdakı cədvələ yazır, səhnə arxasında dayanmış rejissor assistenti Ceyran Həsənli də arada səhnəyə çıxıb xırda yanlışlıqlara "əl gəzdirir". 
   
   - Səhər mağazaya gedirdim, gördüm ki, mühafizəçilər məni saxladılar. Dedilər ki, xanım, hara gedirsiz, dedim ki, hara gedəcəyəm, öz evimə! İnanmadılar! 
   - Buraxmadılar? 
   - Buraxdılar! Amma çantamı da ələk-vələk elədilər!..
   - Partlayışdan qorxurlar...Ö
   - Niyə?.. Hansı partlayışdan?
   - Terroristlərdən qorxurlar daÖ 
   - Eh, terroristlərdən yox, sosial ədalətsizlikdən qorxmaq lazımdır!.. Əvvəllər bir milis işçisi bir boş qobura ilə böyük bir rayonu idarə edirdi, amma indi universitet, məktəb, hətta uşaq bağçası mühafizəçilərlə doludur. Sual olunur: nədən özünüzü mühafizə edirsiniz? Deyəcəklər ki, xalqdan! Amma xalq ayağa qalxsa...Ö
   - Yox, Yevgeniya Petrovna, xalq ayağa qalxmayacaq. Xalq ağıllanıb. Başa düşür ki, nə qədər çox ayağa qalxsa, bir o qədər çox əziyyət çəkəcək... 
   
   ìMəzunlarî iki nəslin nümayəndəsi arasında belə bir kəskin ruhlu söhbət ilə başlayır. Yevgeniya Petrovna (Xalq artisti Səidə Quliyeva) bir zaman öz oğlu ilə eyni sinifdə oxumuş, indisə orta məktəbdə ədəbiyyat müəllimi olan Svetlana (Əməkdar artist Sənubər İsgəndərli) ilə birlikdə Əfqanıstan müharibəsindən iflic vəziyyətdə qayıtmış oğlu Vaneçkanın (Mətləb Abdullayev) 40 yaşına hazırlaşır. Bu gün illərdən bəri görüşməyən bir sinfin uşaqları Vaneçkanın doğum gününə yığışacaqlar. Avstraliyaya köçüb getmiş yəhudi Boris Lipovetskinin (Xalq artisti Cəfər Namiq Kamal), şəhərin ən bərk gedən oliqarxı Çermetovun (Əməkdar artist Füzuli Hüseynov), gənc qız ikən vilayət gözəllik müsabiqəsində qalib gəlmiş, amma illər ötəndən sonra da özünü gözəllik kraliçası sayan Annanın (Əməkdar artist Şəlalə Şahvələdqızı), səfil həyat yaşayan Fyodor Stroçkovun (Xalq artisti Ramiz Novruz) da bu məclisə qatılacağını nəzərə alsaq, tamaşaçının çox maraqlı əhvalatın şahidi olacağı gözləniləndir. 
   
   Əsərin məzmununu danışmaq fikrindən uzağıq. Çünki bizim seyr etdiyimiz məşq prosesində ìMəzunlarîın bir tamaşa olaraq hədəfi, məqsədi bəlli olsa da, hər məşqlə kiçik nöqsanların bir qədər də aradan qaldırılması, mizanların, obrazları dolğunlaşdıran ikinci planların cilalanması davam edir. 
   
   Nəhayət, birinci hissə başa çatır. Azərpaşa müəllim aktyorları salona dəvət edir və "Kimin nə sualı var, kim nə demək istəyir" deyibən üzünü tamaşanın iştirakçılarına tutur. 
   
   Əməkdar artist Füzuli Hüseynov: 
   - Şəxsən mən özümdən narazıyam. Mətni özümünküləşdirib öyrənmək istədim, amma əzbərləmədiyim üçün bəzən sözləri unuduram...Ö 
   
   Xalq artisti Ramiz Novruz:
   - Mən Vaneçkanın əlil arabasına söykənib ürəyimi ona boşaldanda arxada, süfrə arxasına yığılanların səsi mənə mane olur... Xüsusən də, qızların. Bəlkə onlar eləcə hərəkət etsinlər, amma səsləri gəlməsin?.. 
   
   Quruluşçu rejissor və tamaşanın müəllifi, həm də quruluşçu rəssamı Azərpaşa Nemətov bütün aktyorların fikirlərini dinləyir və öz düzəlişlərini verir: 
   
   - ... Boryanın geyimini dəyişmək lazımdır. Kostyum çox rəsmidir, onun geyimində Avstraliyanın azadlığı, rəngləri hiss olunmalıdır. 
   
   - ÖFedyanın əyninə geydiyi idman kostyumunu da dəyişin. Çünki Səidə xanım deyir ki, Vaneçkanın idman geyimini sənə bağışlayıram, amma bu dəst elə bil Ramizin əyninə biçilib. Mətləbin ölçüsündə olmalıdır ki, tamaşaçı Fedyanın özgə paltarı geyindiyinə inansın.
   - ...Tapşırmışdım ki, Olyanın (İlahə Həsənova) saçı təkcə yaşıl rəngdə olmasın, qırmızı, sarı tellər taxın. Onun şalvarı da klassik cins yox, indiki uşaqların xoşladığı kimi cırıq-cırıq olmalıdır. Olyanın gözəlliyinə xələl vurmadan onu tutuquşu kimi alabəzək etmək lazımdır. Çünki anasının şikayəti, onun davranışı geyim tərzi ilə tamamlanmalıdır.
   
   ÖAktyorlar 15 dəqiqəlik fasiləyə çıxırlar. Biz isə Xalq artisti, teatrın bədii rəhbəri və direktoru Azərpaşa Nemətovdan "Sinif yoldaşları" pyesinin seçimi ilə bağlı sualımıza cavab verməyi xahiş edirik: 
   - "Sinif yoldaşları" pyesinin müəllifi Yuri Polyakov bu gün Rusiyada və Rusiyadan kənarda çox məşhur yazıçı-dramaturqdur. Mədəniyyət Nazirliyindən təklif ediləndə ki bizim teatrda da (2016-cı ildə Azərbaycan Dövlət Rus Dram Teatrında Y.Polyakovun "Xalam-bundu" komediyası səhnələşdirilib - müəl.) onun əsəri tamaşaya qoyulsun, seçim olaraq "Sinif yoldaşları" pyesinin üzərində dayandıq. Bu əsər aktuallığı ilə diqqətimizi cəlb etdi. Əfqanıstan müharibəsi əlilinə münasibət bir tərəfdən, cəmiyyətdəki təbəqələşmənin köhnə dostlara necə təsir etməsi də digər tərəfdən. Yəni ìMəzunlarî ən müxtəlif bucaqlardan baxdıqda aktuallığını itirməyən əsərdir. 
   
   ***
   ...Tamaşanın ikinci hissəsinə baxırıq. Məşq başa çatdıqdan sonra Azərpaşa müəllim elan edir ki, növbəti məşq axşam saat 7-də başlayacaq. Yəni iştirakçıların bir neçə saat dincəlib, istirahət vaxtı da öz rolları üzərində düşünmək, rol dəftərinə baxıb mətni təkrarlamaq imkanı var. 
   Biz isə tamaşanın yaradıcı heyətinə "yorulmayasınız, sağlıq olsun, premyerada görüşərik" deyib ayrılırıq. Tamaşaçıları deyə bilmərik, amma məşqi izlədiyimiz üçün biz premyeranı daha maraqla gözləyirik. Hər necə olsa, hazırlıq prosesindən, aktyorların öz roluna münasibətindən və tamaşanın məqsədindən xəbərdarıq. Bayaqdan bəri söylədiklərimizə bircə bunu da əlavə edək ki, tamaşanın bəstəkarı Siyavuş Kərimi, rejissorları Anar Babalı və Əlif Cahangirlidir. Pyesi Azərbaycan dilinə Etimad Başkeçid çevirib. Yazıda adını çəkdiyimiz aktyorlarla yanaşı, tamaşada Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Ziya Ağa, Vüsal Məmmədov və Mehman Fətullayev də məşğuldur. 
   
   Gülcahan Mirməmməd