Qələm əhlinin ömrü kitablarının, hafizələrdə yaşayan misralarının ömrü qədərdir. Ona görə də ömürlərini susduran hökmlər, onlara açılan qəfil güllələr gücsüz və gülünc görünür. Nakam şairimiz Mikayıl Müşfiq də mənəvi ömrü əsrləri adlamaq gücündə olan söz sənətkarlarımızdandır.
Müşfiq fitri istedad sahibi, sözün əsl mənasında, qəlbin, ruhun şairidir. O, həyat sevgisi, coşqun poeziyası, yaşı ilə uyuşmayan müdrikliyi ilə xalqına bağlı söz sərrafı idi. 30 illik ömrünə əsl sənət xəzinəsi sığdıran Müşfiq həm də poeziyası ilə nəğməyə dönüb. Bu il incə ruhlu şairin anadan olmasının 110 illiyi qeyd olunur.
Mikayıl Müşfiq 5 iyun 1908-ci il tarixində Bakıda ziyalı ailəsində anadan olub. İki aylığında anasını, altı yaşında isə atasını itirib. İbtidai təhsilini rus-tatar məktəbində alıb, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Dil-ədəbiyyat fakültəsini bitirib. Yeddi il Bakının orta məktəblərində müəllimlik edən şairin son iş yeri olan 18 saylı məktəb hazırda onun adını daşıyır.
Məktəbli çağlarından bədii yaradıcılığa başlayan şairin "Bir gün" adlı şeiri 1926-cı ildə "Gənc işçi" qəzetində dərc olunub. "Küləklər" adlı ilk kitabı isə 1930-cu ildə çapdan çıxıb. O, bədii tərcümə ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə beş tərcümə kitabı nəşr edilib.
"Qara yel" əsdi...
30-cu illərin məşum repressiyaları insan qəlbinin azadlığını, xalqının milli ruhunu yüksək poetik ifadələrlə tərənnüm edən Müşfiqdən də yan keçmədi. Tədqiqatçılar haqlı olaraq söyləyirlər ki, şairin qəlbində həmişə bir səksəkə varmış. Əgər belə olmasaydı, o, 1935-ci ildə "Necə əl çəkim" şeirini niyə qələmə alırdı. Müşfiq sanki sövq-təbii duyurmuş ki, onun açılan yelkənini bağlayacaq qara yellər tezliklə əsəcək.
Mətbuatda haqqında təhqir, böhtan dolu kəskin tənqidi məqalələr dərc olunur. Yazıçıların növbəti plenumunda isə ona əksinqilabçı damğası vurulur və şair 1937-ci il iyunun 4-də evində həbs edilir. İttihamda nələr vardı: sovet quruluşunun düşməni, pantürkist, panislamist, daha nələr, nələr... Əlbəttə, repressiya tufanının apardığı yazıçı və şairlərdən heç kəs silahlı üsyan hazırlamamışdı. Lakin böyük həqiqət ondadır ki, onlar Azərbaycan Xalq Cümhuriyyətinin qısa dövründə azadlığın sevincini dadmışdılar və Vətənin müstəqilliyinin əbədi olmasını arzulayırdılar...
"Dostdan, aşinadan necə əl çəkim", - deyən, böyük ideallarla yaşayan Müşfiq 1938-ci il yanvarın 6-da cəmi 15-20 dəqiqə sürən məhkəmənin hökmü ilə ölümə məhkum edilir və "Qanlı ada" kimi yaddaşlarda həkk olunan Nargin adasında qətlə yetirilir. Amma bədxahlar Müşfiqi fiziki məhv etməklə onu xalqın yaddaşından, bütövlükdə Azərbaycan ədəbiyyatı tarixindən silməyə çalışsalar da, o, yaşadı, əbədi ömür qazandı.
Dövrün baş cəlladı İ.Stalin 1953-cü ildə öldükdən sonra ölkə şəxsiyyətə pərəstişin dəhşətlərindən özünə gəlməyə başladı. Azərbaycanın məşhur yazıçıları M.Müşfiqin "cinayət" işinə yenidən baxılması barədə müraciət etdilər. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən şairə bəraət verildi.
Əslində, Müşfiq o dövrün ab-havasından onu nələrin gözlədiyini duymuşdu. Buna görə də sanki cəlladlardan aman istəyir, yaradıcılığının çiçəklənəcəyini vurğulayırdı:
Mən gəncəm, bilirəm istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var.
Yelkənim açılır, qara yel, əsmə,
Mənim bu dünyada bir sandalım var...
Hər yerdə düzələn toy-büsat mənəm,
Ulduzlarla edən ixtilat mənəm.
Mənim azadlığım qucağa sığmaz,
Yer mənəm, göy mənəm, kainat mənəm.
Müşfiqin ailəsi də repressiya qurbanına çevrildi. Həyat yoldaşı Dilbər Axundzadə təkadamlıq kamerada ağır işgəncələrdən sonra əsəb sarsıntısı keçirdi, ruhi xəstəxanaya yerləşdirildi...
Ürək yanğılı şeirlər
Bu dünyada şair çoxdur: dahi şairlər, istedadlı şairlər, nakam şairlər və s. Müşfiqi onların hər birinə aid etmək olar. Müşfiq şeirin özü idi. İlk misrasından son misrasınacan poeziya mücəssəməsi idi. Səmimiyyətlə dolu poeziyası barədə şair özü müasirlərinə müraciətlə yazırdı:
Yazmaram ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa.
El kəsib qarşımı burdaca sordu:
Gözdən yaş çıxarmı ürək yanmasa?
Məhz ürəklə yazdığına görədir ki, şeirləri bir əsrə yaxındır qəlblərdə yaşayır. Axı həm də bu onun bir şair kimi ən böyük arzusu idi:
Hər kəs bilir həyatın sonu ölümdür,
Ah, bu qəmli dəyişmə yaman zülümdür.
Şeirim! Bu gülünc oyun bəllidir yarın,
bizi də bəklər,
Sən də öl mənim kimi, fəqət məzarın
olsun ürəklər!
Mikayıl Müşfiq yaradıcılığı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Hansı şeir nümunəsi müəllifin "Oxu, tar" harayına çata bilər?! Müşfiqin "Oxu, tar" harayı qəlbində Vətən sevgisi, milli musiqi sevdası olan hər bir insanı riqqətə gətirməyə qadirdir.
Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim,
Oxu, tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!..
Milli adət-ənənələrə meydan verilmədiyi bir dövrdə bu ruhda şeir yazmaq müəllifdən böyük cəsarət istəyirdi. Bu elə bir dövr idi ki, yenilik şüarı altında milli musiqi alətlərimiz gözdən salınırdı. Qorqud yadigarı sazımıza nifrət aşılanır, tarın ortadan götürülməsi təklifləri irəli sürülürdü. Böyük istedada və ürəyə malik Müşfiq isə milli mədəniyyətə bütün varlığı ilə bağlı idi. Onun "Sındırılan saz" poeması və "Oxu, tar" şeiri məhz milli musiqi alətlərini böyük cəsarətlə müdafiəyə qalxan gözəl sənət incilərindəndir.
M.Müşfiq gələcəyimiz olan uşaqları çox sevirdi. Onların xoşbəxt yaşamalarını ürəkdən arzulayır, onlar üçün maraqlı əsərlər qələmə alırdı. Şair zəmanəmizin ən dəyərli, sevilən uşaq şairi kimi də ədəbiyyat tariximizdə iz qoyub. Şairin "Şəngülüm, Şüngülüm, Məngülüm", "Kəndli və ilan" mənzum nağılları, "Qaya" poeması və s. əsərləri uşaq ədəbiyyatımızın bənzərsiz nümunələrindir.
Söz gülüstanı
Klassik Şərq poeziyasına dərin məhəbbət bəsləyən şair eyni zamanda Qərbi Avropa ədəbiyyatına da maraq göstərirdi. Onun şeirlərində dünyanın bütün xalqlarına böyük rəğbət, ədəbiyyatına məhəbbət var. Millilik və bəşərilik prinsipi onun yaradıcılığından qırmızı xətlə keçir. Buna görə də müəllifin yaradıcılığı rəngarəng söz, fikir gülüstanıdır.
Müşfiqin yaradıcılığı dilinin zənginliyinə görə müasirlərindən seçilir. Sözə hakim, sözü məharətlə yerində işlətməyi bacaran, obrazlı dilə malik şairin poeziyası həmişə müasirdir. Oxucuların bədii zövqünün cilalanmasında Müşfiq şeriyyətinin ayrıca yeri var. Onun poeziyası ruhlara bir sərinlik gətirir. Müşfiq poeziyası, sözün həqiqi mənasında, xəlqi poeziyadır. Xalq ruhunun, xalq mənəviyyatının poetik inikasına çalışan Müşfiq "Tərtərhes nəğmələri"ndə xalqa, torpağa bağlı olmayanlar haqqında yazırdı:
Həqiqəti görməyənin,
Elə könül verməyənin
Batsın adı-sanı, şair!
Elə könül verən şairi, təbii ki, xalqımız bu gün sevə-sevə qəlbində yaşadır.
M.Müşfiq həm də məğrur, dürüst şəxsiyyət kimi yaddaşlarda qalıb. O, ilk növbədə vətənini, xalqını, millətini, el-obasını, soykökünü sevən, ona bağlı olan bir vətəndaş-şairdir. Müşfiq həm də ölümün gözünə dik baxanlardan idi. Həbs müddətində bütün amansız əzab-əziyyət, işgəncələrə, psixoloji təsirlərə rəğmən öz ustadı, müəllimi olan Hüseyn Cavidə, Əhməd Cavada dönük çıxmadı, onları satmadı. Belə möhkəm xarakterə malik şair məhz mərdlik və humanizm aşılayan yaradıcılıq irsi qoyub getməli idi...
Fikirlərimizi şairin 1931-ci il yanvarın 27-də qələmə aldığı bu sətirlərlə bitirmək istərdik: "İnsanın ömrü bir çiçəyin ömründən daha qısadı. Çiçək solur və tökülürsə, bu gün gülən, sevilən və sevdiyinin xəyalı ilə yaşayan bir insan da sabah bütün istək və arzularına əlvida edərək həmişəlik gözlərini yummağa məhkumdur. Kim bilir, bəlkə də qəbrinin üstündə yaşıl otların belə göyərmək ehtimalı yox! Lakin bu heç də qorxulacaq bir şey deyildir"...
Ona görə qorxulacaq deyil ki, yaxşı əməllər, zəngin və mənalı yaradıcılıq qoyub gedənlər onsuz da xalqın qəlbində taxt qururlar. Şairi sevənlər həm də onu unudulmağa qoymurlar. Ruhun şad olsun, məsud şairimiz! Səni kim unudar!...
Aynurə Əliyeva