59 il əvvəl...

“Paytaxt bizi dinləyəcək"

Mədəniyyətimizin bayramı olan Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü Moskva zəhmətkeşlərinə bizim təntənəli yaradıcılıq imtahanımızdır. Paytaxtda ilk ongünlüyümüz 1938-ci ildə olmuşdur. O vaxtdan bəri keçən illər ərzində Azərbaycan musiqisi daha böyük sıçrayışla irəliləmiş, sovet musiqi mədəniyyətinin ön sıralarına keçmişdir. İndi Azərbaycan musiqisi təkcə böyük Vətənimizin şəhər və kəndlərində deyil, xarici ölkələrdə də səslənir. Bu müddət ərzində yeni operalar, baletlər, musiqili komediyalar, bir çox simfonik və kamera əsərləri, gözəl mahnılar və süitalar yaradılmış və xalq arasında geniş yayılmışdır.

Ongünlüyün son günlərində verəcəyimiz yekun konserti yaradıcılıq imtahanımızın kulminasiyası olacaqdır. Cahangir Cahangirovun "Məhsul" süitası, Tofiq Quliyevin, "Moskva haqqında mahnı"sı, Qara Qarayevin "Partiya haqqında kantata"sı, Azərbaycan xalqının doğma partiyamıza, Sovet hökumətimizə dərin minnətdarlıq hissini ifadə edəcəkdir. Bədii özfəaliyyət dərnəklərinin üzvləri xalq yaradıcılığının qüdrətini bir daha canlandıracaqlar. 

"Azərbaycan gəncləri", 
22 may 1959-cu il

45 il əvvəl...

“Mahnı janrı, onun inkişafı və təbliği"

 

Mayın 24-də A.M.Şərifzadə adına Aktyor evində Azərbaycan Bəstəkarlar İttifaqı, Yazıçılar İttifaqı və Respublika Mədəniyyət Nazirliyinin "Mahnı janrı, onun inkişafı və təbliği" məsələlərinə həsr olunmuş birgə plenumu keçirildi.

Plenumu giriş sözü ilə Yazıçılar İttifaqının birinci katibi Mirzə İbrahimov açdı.

Azərbaycan KP MK Mədəniyyət Şöbəsinin müdiri A.K.Şərifov yoldaş məruzə etdi. Sonra əlavə məruzə üçün şair Əhməd Cəmilə və bəstəkar Cahangir Cahangirova söz verildi. Məruzə ətrafında müzakirələrdə Əfrasiyab Bədəlbəyli, Qurban Yusifzadə, Şövkət Ələkbərova, Rəsul Rza, Arif Məmmədov, Süleyman Rüstəm, Rəşid Behbudov, Tofiq Quliyev çıxış etdilər.

Həmin günün axşamı M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında plenum gündəliyinə daxil olan "Azərbaycan mahnısı gecəsi"ndə bəstəkarlarımızın, ifaçılarımızın, həmçinin musiqi kollektivlərinin yaradıcılığına baxış keçirildi.

"Ədəbiyyat və incəsənət" qəzeti, 
26 may 1973-cü il