Mayın 26-da Beynəlxalq Mətbuat Mərkəzində mərhum bəstəkar, şair, ifaçı Bəhram Nəsibovun həyat və yaradıcılığına həsr olunmuş "Bəhram Nəsibov yaradıcılığında azərbaycançılıq məfkurəsi" mövzusunda tədbir keçirilib.
"Bəhram Nəsibov yaradıcılığının təbliği" İctimai Birliyinin təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə tədqiqatçı, tarixçi Nazim Tapdıqoğlu sənətkarın həyat və fəaliyyətindən söhbət açıb.
Bildirilib ki, Bəhram Nəsibov 1942-ci il iyunun 22-də Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. 1962-1967-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alıb. İlk dəfə mahnı yazmağa da həmin illərdə başlayıb. "Qarabağ" adlı ilk mahnısı dillər əzbəri olub. Bundan sonra bir-birinin ardınca "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Qurban olum", "Sən güləndə", "Ay qız", "Xatirəsən", "Gəl, inad etmə" və digər mahnılarını yazıb.
Vurğulanıb ki, şair-bəstəkarın uzun illər xalq mahnısı və müxtəlif təsnif adı altında təqdim edilən ümumilikdə 300-dək mahnısı var. Əksər mahnıların sözlərini də özü yazmasına baxmayaraq, heç bir yerdə qeyd edilməyib. Yalnız ölümündən sonra bu mahnılar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində (hazırda Əqli Mülkiyyət Agentliyi) müəllifin adına qeydiyyatdan keçib.
B.Nəsibov həm də tarda və gitarada çox gözəl ifa edib. Bundan əlavə, çoxlu sayda şeir, bəhri-təvil və uşaq mahnılarının da müəllifi olub. 1993-cü ildə Füzuli rayonunun işğalından bir neçə gün sonra beyninə qan sızan sənətkar 5 il ağır xəstə yatıb, 1998-ci ildə vəfat edib.
Tədbirdə yazıçı-publisist Seyran Səxavət, Əməkdar müəllim Qəzənfər Abbasov, hüquqşünas Hacı Hacıyev və başqaları Bəhram Nəsibovun musiqi mədəniyyəti tariximizdə yerindən söz açıb, unudulmaz sənətkarın xatirəsinin xalqın qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Tədbirdə, həmçinin "Bəhram Nəsibov yaradıcılığının təbliği" İctimai Birliyinin dəstəyi ilə işıq üzü görmüş, Cümhuriyyətin 100 illik və Heydər Əliyevin 95 illik yubileylərinə həsr edilmiş diskin təqdimatı olub. Diskdə yer alan musiqilərdən nümunələr səsləndirilib.
Mərhum bəstəkarın oğlu və adını daşıyan İctimai Birliyin sədri Adil Nəsibov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.