Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahim ilə görüşüb.
Görüş zamanı G.Əfəndiyeva səfirə türkdilli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
G.Əfəndiyeva həmçinin Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, mərkəzin ərəb dünyasının Azərbaycanda tanıdılması, eləcə də Azərbaycanın və ümumilikdə Türk dünyası mədəniyyəti və ədəbiyyatının seçmə nümunələrinin Misirdə tanıdılması sahəsində görülən işləri təqdirlə qeyd edib.
Səfir Adel İbrahim öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Bu xüsusda diplomat Misir ilə Azərbaycan və digər türkdilli ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinə önəm verdiyini bildirib.
Görüşdə səfirlik ilə fond arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, ikitərəfli işbirliyinin inkişafına və birgə layihələrin uğurla icra ediləcəyinə əminlik ifadə edilib.