İsveçrənin Özbəkistandakı səfirliyinin dəstəyi ilə "Tədris kinolektoriyası" media-layihəsi həyata keçirilir. Layihə çərçivəsində "Özbəkistanın səssiz kino tarixi" mövzusunda mühazirələr oxunacaq, filmlər göstəriləcək.
Layihənin rəhbəri, kinorejissor Elcan Abbasov bildirib ki, milli səssiz kinonun tarixi uzun illərdir ki, unudulub, yalnız indi həmin boşluğu doldurmağa cəhd edilir. Özbək milli səssiz kinosunun təkrar təqdimatı çoxlarını maraqlandırır. Bəzilərisə sadəcə, təsəvvür etmir ki, nə vaxtsa buralarda da səssiz filmlər çəkilib. Halbuki özbək kinosu Rusiya kinematoqrafı ilə paralel inkişaf edib. Daşkənddə ilk film nümayişi 1897-ci ildə, Parisdə Lümyer qardaşlarının film nümayişindən təxminən iki il sonra baş tutub. Buna görə də inamla demək olar ki, Özbəkistan Mərkəzi Asiyada kinonun vətənidir. İlk bədii filmlər isə 1920-ci illərin ortalarında Buxara və Daşkənddə çəkilib. Həmin filmlər təkcə Özbəkistan milli kinematoqrafının təməlini qoymayıb, həm də bütün regionda milli kinonun formalaşmasına təkan verib.
"Bonum Faktum" qalereyasında Özbəkistanın səssiz kino tarixi fotoların, kino afişalarının, ötən əsrin 20-30-cu illərinin filmlərindən kadrların köməyi ilə vizual təqdim edilir.
Layihə uzun illər Rusiya Dövlət Film Fondunda, Özbəkistan Elmlər Akademiyasının Sənətşünaslıq İnstitutunda, Özbəkistan Kino Sənəti Muzeyində qorunan materiallar əsasında hazırlanıb.