Tarixdən səhifələr...

Seçmələr mətnlərin orijinallığı (yazı üslubu, orfoqrafiyası) saxlanılmaqla təqdim edilir. Dövrün mətbu nümunələrinin əldə olunmasında göstərilən köməyə görə Azərbaycan Milli Kitabxanasına təşəkkür edirik.

65 il əvvəl...

Azərbaycan memarlığı abidələri yenidən bərpa edilir 

Sovet hakimiyyəti illərində xalqların maddi mədəniyyətini, onların tarixi abidələrini öyrənmək işində böyük işlər görülmüşdür. Orta əsrlərə aid gözəl memarlıq abidələrinin öyrənilməsi Azərbaycan memarlığında bir sıra xüsusi cəhətlərin meydana çıxarılmasına kömək etmişdir.

1952-ci ildə Memarlıq İşləri İdarəsi nəzdində xüsusi elmi-bərpa istehsalat emalatxanası təşkil olunmuşdur. Bu emalatxana Nuxada, Bərdədə, Mərdəkanda və Naxçıvanda bərpaya ehtiyacı olan abidələrin ölçülərini çıxarmış və hazırda onların bərpa layihələrinin tərtibi ilə məşğuldur.

Naxçıvan şəhərində XII əsrin ən gözəl memarlıq nümunəsi olan 2 möhtəşəm türbə vardır. Bu ümumdünya əhəmiyyəti abidələrdən biri Yusif Quseyr oğlunun (1162-ci il), ikincisi isə Mömünə xatunun (1186-87-ci illər) türbəsidir.

XIV əsr Azərbaycan memarlığının ən görkəmli abidələrindən biri olan Bərdə türbəsinin restavrasiya layihəsi də hazırlanmaqdadır. Bərdə türbəsi çox dağınıq halda olduğundan onun restavrasiya layihəsi son illər ərzində aparılan elmi-tədqiqat əsasında hazırlanmaqdadır.

XVIII əsrin axırlarında tikilmiş Nuxa Xan sarayı hazırda xeyli zədələnmişdir. Sarayın təmiri və bərpası işi 1952-ci ildə başlamış və 1953-cü ildə davam etdirilir. Memarlıq quruluşundan başqa Nuxa Xan sarayının gözəl divar rəsmləri də bərpa ediləcəkdir.

1953-cü ildə xüsusi elmi-restavrasiya emalatxanası Bakı qala divarlarının 1951-ci ildə Bakı Soveti tərəfindən başlanan restavrasiya işlərini davam etdirəcək və Azərbaycan orta əsr memarlığının ən gözəl abidələrindən biri olan Naxçıvan MSSR-nın Qarabağlar kəndindəki XIV əsrə aid türbənin restavrasiya layihəsini hazırlayacaqdır. 

"Ədəbiyyat və incəsənət" qəzeti,
30 may 1953-cü il
   

60 il əvvəl...

Kitab satışı aylığı

Azərbaycan SSR Mədəniyyət Nazirliyinin kitab ticarəti idarəsi may ayının 25-dən iyun ayının 25-nə qədər "Kitab satışı aylığı" keçirir. Aylığın keçirilməsində komsomol və həmkarlar ittifaqı təşkilatları, yazıçılarımız, şairlərimiz fəal iştirak edəcəklər. Aylıq ərzində tematik gecələr, oxucularla yazıçıların görüşləri keçiriləcək. "Şeir günü" təşkil ediləcək və başqa tədbirlər görüləcəkdir.

Fabriklərdə, zavodlarda, neft mədənlərində, bağlarda və meydançalarda vaxtaşırı kitab bazarları təşkil edilir. Səyyar avtomaşınlar iri həyətləri, fəhlə qəsəbələrini, ucqar yaşayış məntəqələrini gəzərək kitab satırlar.

Aylığın keçirilməsi ilə əhalini tanış etmək üçün çoxlu reklam materialları, plakatlar, afişalar, kitabçalar, tematik siyahılar buraxılmışdır. Geniş oxucu kütləsinin yaxından iştirakı aylığın müvəffəqiyyətlə keçməsi üçün təminatdır. 

"Ədəbiyyat və incəsənət" qəzeti,
31 may 1958-ci il