F.Köçərli adına Respublika Uşaq Kitabxanası mayın 29-da Bakı şəhər Yasamal rayonundakı N.Tusi adına 173 saylı orta məktəblə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Açıq dərs - açıq fikir" adlı tədbir keçirib. 
Tədbir məktəbin foyesində şagirdlərin Cümhuriyyət dövrü ədiblərinin (C.Cabbarlı, H.Cavid, Ə.Cavad, Ü.Hacıbəyli, Ümmügülsüm, F.Köçərli, Y.V.Çəmənzəminli) obrazlarında onların fikirlərini səsləndirməsi, hazırladıqları "Cümhuriyyətin 100 illik işığında" adlı videoslaydın nümayişi ilə başlayıb. 
Sonra məktəbin 2-ci sinif şagirdləri "Cümhuriyyət nəğməsi"ni ifa ediblər.
Təqdimatdan sonra "açıq dərs" başlayıb. Məktəbin direktoru Sitarə Abbasova birgə layihədən söhbət açaraq gələn qonaqları təqdim edib. Bildirib ki, bu layihə ilk dəfə olaraq N.Tusi adına 173 saylı orta məktəbin yuxarı sinif şagirdləri ilə keçirilir. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə milli mənəvi hisləri daha yüksək şəkildə dəyərləndirmək, onlara vətənpərvərlik duyğularını aşılamaqdır.
Məktəbin tarix müəllimi Vəli Hüseynlinin keçdiyi Cümhuriyyət dövrü tarixinə dair "açıq dərs"i AMEA-nın Tarix İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Tofiq Nəcəfli, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, BDU-nun müəllimi, tarix elmləri namizədi Rafiq Qurbanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, idarənin əməkdaşları Lamiyə Şərəfxanova, Rəhman Baxşəliyev, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, direktor müavini Zahirə Dadaşova və başqa qonaqlar izləyiblər. 
Onlar qiymətləndirmə prosesinə qatılaraq fikirlərini bildirib, "açıq dərs"i şagirdlərin biliklərə yiyələnməsi baxımından yüksək qiymətləndiriblər. Münsiflərin-qonaqların qərarı ilə dərsdə fəal iştirak edən 7 şagird diploma layiq görülüb.
Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova layihə ilə bağlı fikirlərini bildirib, dərsdə iştirak edən şagirdlərə uğurlar arzulayıb.