Milli musiqimizin, özəlliklə muğamlarımızın akustik xüsusiyyətlərinin öyrənilməsi elmi nöqteyi-nəzərdən vacib məsələlərdəndir. Fonetika və fonologiya üzrə tanınmış mütəxəssis, germanist, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli bildirir ki, elmi-texniki inkişafın indiki mərhələsində buna adi yanaşmaq olmaz. 
F.Veysəlli: "Hələ 1871-ci ildə məşhur alman alimi Hanrix Helmhols "Tonun qavranılması haqqında" elmi əsər yazıb. Akustika mütəxəssisi olan alim dünya musiqisi və Şərq muğamlarının akustik təhlilini verib. Kitabda 7 əsas muğamımız da araşdırmaya cəlb olunub".
Professorun sözlərinə görə, ölkəmizdə muğamların akustik baxımdan öyrənilməsi ideyası məşhur müğənnimiz Bülbülə aiddir. O, İtaliyada təhsil alıb qayıdandan sonra bu ideyanı ortaya atmışdı. Həmin ideya milli musiqimizi elmi baxımdan öyrənməyə xidmət edəcəkdi. 
F.Veysəlli: "Ovaxtkı Leninqrad Dövlət Universitetinin (indi Sankt-Peterburq Universiteti) professoru, respublikamızda dilçi kadrların hazırlanmasında yaxından kömək göstərən L.R.Zinderlə görüş zamanı o, böyük müğənnimiz Bülbüllə tanışlığından və onun yazdığı məktublardan danışdı. Sonra o, arxivindən Bülbülün iki məktubunu çıxarıb göstərdi. Məktublardan biri 1941-ci il fevralın 26-da Sankt-Peterburq filoloji məktəbinin davamçısı L.V.Şerbanın adına yazılmışdı".
Bəs məktubda Bülbül nə yazmışdı? Məktubda deyilir: "15.11.1941-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Azərbaycan SSR Elmi Tədqiqat Musiqi Kabinetində Azərbaycan dilinin tələffüz normalarının müəyyənləşdirilməsi, italyan və Azərbaycan dillərinin səs tərkiblərində bəzi uyğunluqların aşkar edilməsi üçün müqayisəli tədqiqat işi aparılır. 
Xahiş edirik ki, bizə qısamüddətli istifadə üçün fonetikaya aid dərslik və italyan dilində yazılmış vallar göndərəsiniz. Eksperiment işi ilə tanış olmaq üçün əməkdaşlarımızı Leninqrada göndərəcəyik. 
Azərbaycan Elmi Tədqiqat Musiqi Kabinetinin rəhbəri, prof. Bülbül".
İkinci məktub isə 1941-ci il mayın 19-da o vaxt laboratoriyanın müdir müavini işləmiş L.R.Zinderə göndərilib: "Hörmətli yoldaş Zinder! Azərbaycan SSR Elmi Tədqiqat Musiqi Kabineti xahiş edir ki, "Azərbaycan dilinin fonetikası" mövzusunda iş yazmağı öz öhdəsinə götürmüş E.Z.Gerşqorn və Ə.M.Dəmirçizadə yoldaşlara elmi məsləhətlər verməkdən və işin yerinə yetirilməsi üçün bilavasitə kömək göstərməkdən imtina etməyəsiniz. Bununla yanaşı, xahiş edirik ki, kabinetimiz üçün uyğun aparatların əldə edilməsinə səy göstərəsiniz və bizim dəvətimizlə Bakıya elmi ezamiyyətə gələsiniz. 
Salamlarla ETMK-nin rəhbəri prof. Bülbül."
Göründüyü kimi, hələ o çağlar Bülbül musiqimizin inkişafının qayğısına qalır, dil səslərinin akustik-artikulyar əsaslarının eksperiment üsulu ilə araşdırıb gərəkən elmi sonuclar əldə edilməsinin qaçılmazlığını anlayırdı. 
Professor F.Veysəlli bildirir ki, Bülbülün dediyi fikirlərin bir hissəsi hələ istək olaraq qalır. Xalq musiqimizin, muğamlarımızın, klassik və çağdaş mahnılarımızın, vokal sənətimizin ritmik-melodik prosodiya və intonasiya xüsusiyyətləri indiki tədqiqat metodları baxımından öyrənilmir. Bu işdə qarşıda duran başlıca məsələ bir muğamın başqasından fərqli cəhətlərini tapmaqdır. Burada musiqi tonunun enib-qalxması, onun zamanı, gücü öyrənilir. Eyni zamanda tonun hərəkətində fasilənin rolu tədqiq olunur. 

S.Qaliboğlu