Azərbaycanın Xalq artisti, bəstəkar-müğənni Emin iyunun 1-də ilk dəfə Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış edib.

Gürcüstan Dövlət Filarmoniyasında keçirilən konsertdə gənc müğənni tamaşaçıları gürcü dilində salamlayıb, Tbilisidə solo konsert proqramı ilə çıxış etməkdən məmnun qaldığını bildirib.

Gənc müğənni Rusiya və dünya bəstəkarlarının kompozisiyaları ilə yanaşı, öz bəstələrini və hit mahnıları da ifa edib. Onun çıxışı alqışlarla qarşılanıb.

Konsertdə müğənnini öz orkestri müşayiət edib.

Gürcüstan rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin və konsulluğun əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, azərbaycanlı gənclər konsertdə olublar.