Finlandiyanın İmatra şəhərində XV Beynəlxalq “Ağ və Qara” Teatr Festivalı çərçivəsində iyunun 5-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 100 il öncə müsəlman Şərqində və türk dünyasında ilk parlamentli respublikanın Azərbaycanda qurulduğunu deyib, Cümhuriyyətin nailiyyətlərindən, mədəniyyətə, təhsilə verdiyi töhfələrdən bəhs edib. G.Əfəndiyeva İmatra şəhərinin salınmasının 70-ci ildönümünün də festival çərçivəsində qeyd olunduğunu vurğulayaraq, bu münasibətlə şəhər sakinlərini təbrik edib.
Şəhərin bələdiyyə başçısı Nina Malm Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna festivala verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, hər il müxtəlif xalqların təmsil olunduğu festivalın mədəniyyətlərarası dialoqun möhkəmlənməsində rolunu vurğulayıb.
Festivalın ilk günündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin Xarici İşlər Nazirliyi və Beynəlxalq “Ağ və Qara” Teatr Assosiasiyasının dəstəyi ilə “Türk dünyasının inciləri” adlı konsert olub.
Konsertdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış, türkdilli ölkələrin, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış, türkdilli ölkələrin, habelə Antalya Dövlət Opera və Balet Teatrının musiqiçilərindən ibarət “Dədə Qorqud” kamera orkestri çıxış edib.
Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovdur. Konsertdə solistlər qismində Əməkdar artist İlham Nəzərli, tarzən Orxan Zeynalov və Finlandiyada yaşayan həmvətənimiz, 15 yaşlı Emil Hartikainen çıxış ediblər. Azərbaycan və Türkiyə bəstəkarlarının əsərlərinin, xalq mahnılarının ifa olunduğu konsert maraqla qarşılanıb.
2004-cü ildən bəri hər il keçirilən Beynəlxalq “Ağ və Qara” Teatr Festivalı Finlandiyada yaşayan azərbaycanlı rejissor Kamran Şahmərdan tərəfindən təşkil edilir. Festival dünya mədəniyyətlərinin birləşməsi və xalqlar arasında dostluq əlaqələrinin güclənməsində böyük əhəmiyyətə malikdir. Festival iyunun 10-dək davam edəcək.