Qafqaz, o cümlədən Azərbaycan tarixinə aid zəngin mənbə hesab edilən Qafqaz Arxeoqrafiya Komissiyası aktlarının (QAKA) surəti AMEA-nın Gəncə Bölməsinə təhvil veriləcək.
AMEA Gəncə Bölməsindən bildirilib ki, sənədlər toplusu 1866-cı ildən başlayaraq Tiflisdə Qafqaz Arxeoqrafiya Komissiyası tərəfindən toplanıb və 1904-cü ilə qədər fasilələrlə çap edilib.
Qafqazın hər yerindən toplanmış 12 böyük ölçülü cilddən ibarət olan sənədlər külliyyatının 10 cildinin redaktoru alman Adolf Berje, son iki cildin redaktoru isə Dmitri Kobyakovdur. Sənədlər külliyyatı vaxtilə Mirzə Fətəli Axundzadə tərəfindən tərcümə olunub. Ümumilikdə 13 min 448 səhifədən ibarət olan QAKA ilk dəfə Qafqaz canişinliyinin təşəbbüsü ilə nəşr edilib.