Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” tamaşasının premyerası keçirilib.
Teatrdan bildirilib ki, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş tamaşa yeniyetmə və gənclərdə xeyirxahlıq, zəhmətkeşlik, sadiqlik kimi yüksək insani keyfiyyətləri aşılayır. Nağılın müasir uşaqların dünyagörüşünə uyğun rejissor yozumu, səhnə və musiqi tərtibatı, geyim və aktyor oyunu məktəblilərin nağıllar aləminə səyahətinə bələdçilik edib. Qəhrəmanın sərgüzəştləri uşaqların marağına səbəb olub.
Gənc rejissor Ayla Osmanovanın quruluş verdiyi tamaşada Tənbəl Əhməd rolunu gənc aktyorlar Ramil Məmmədov və Vahid Orucoğlu, rolları əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Natiq Fərzəliyev, Zümrüd Quliyeva, Anar Seyfullayev, Müşfiq Əliyev, Xəyalə Meydanova və başqaları ifa edirlər.