Göygöl rayon Mədəniyyət mərkəzində saz-söz sənətinin ustad isimlərindən Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Şəmkir Regional Mədəniyyət İdarəsi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirə Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından aşıqlar, Gədəbəy Aşıq Məktəbinin müəllim və şagirdlərindən ibarət folklor ansamblı qatılıb.
Aparıcılar Aşıq Şəmşirin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, ustadın aşıq sənətinə, ədəbiyyata töhfələrindən söz açıblar.
Müxtəlif aşıq havaları üstündə Aşıq Şəmşirin şeirləri, həmçinin onun böyük şair Səməd Vurğunla deyişməsi oxunub. Mərasimdə Əməkdar artist Mehriban Zəki sənətkarın şeirlərini ifa edib.
Maraqlı çıxışlar və ifalarla yadda qalan yubiley tədbirində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev, idarənin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.